Mirzə Xəzər fenomeni

Dünya tarixində nadir hadisələrdən biri də fövqəladə hərbi şəraitdə kənar bir ölkədə yaşamaqla əlindəki məhdud imkanlarla öz vətəninin istiqlalını idarə edən şəxslərdən biri və bəlkə də birincisi uzun illər “Azadlıq Radiosu”nun “Azərbaycan redaksiyası”nın rəhbəri Mirzə Xəzər olmuşdur. 15 yanvar 1990-cı ildə Azərbaycana soxulan sovet ordusu qısa zaman içində paytaxt Bakıda və bir neçə bölgədə fövqəladə hərbi rejim elan etmişdi. Məhz bu addımdan sonra qanlı 20 Yanvar Faciəsi törədilmişdir.

Bütün bunlar azmış kimi, düz 9 ay Azərbaycanın Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Səlyan, Quba, Mingəçevir, Naxçıvan, Abşeron və digər iri şəhərlərində fövqəladə hərbi rejim hakim olmuşdur. Bütün dövlət strukturları, fabrik və zavodlar, ictimai qurumlar, mətbuat tamamilə hərbçilərin nəzarətində oldu. Baş vermiş cinayətləri bir yandan ört-basdır etmək, o biri yandan Azərbaycan xalqının milli azadlıq hərəkatını tamamilə susdurmaq fövqəladə hərbi rejimin qarşısında başlıca vəzifələrdən biri idi. Bu dönəmdə minlərlə vətəndaşlarımız adicə “fövqəladə rejimi” pozduqlarına görə həbsxanalara atılmışdılar.

Azərbaycanın milli istiqlalı altında mübarizə aparan bütün yurdsevər insanlarımız təqib olunurdular. Xalq və cəmiyyət bütün həqiqətləri səhər saatlarında və gecə vaxtı Mirzə Xəzərin dilindən eşidirdi. Bütün bunlar azmış kimi, Mirzə Xəzərin hazırladığı xüsusi proqramlar və reportajların sayəsində Azərbaycan idarə olunurdu.

Bəşər tarixi ilk dəfə idi ki, başqa bir ölkədə adi bir radio proqramı sayəsində öz vətənini idarə edən bir şəxsiyyəti tanımağa başladı. Bu şəxsiyyət Mirzə Xəzər idi.

Elman Mustafazade
Xudaferin.eu

08:49