General Kərim Kərimov fenomeninin sirri

Oktay Əhmədov: ”General Kərim Kərimov hər iki tərəfdən Azərbaycan türküdür, Oğuz soyundandır!”

Səməd Vəkilov, Sputnik Azərbaycan

BAKI, 13 noyabr - Sputnik. 25 il Pilotlu Gəmilərin Sınaq Uçuşları üzrə SSRİ Dövlət Komissiyasının sədri (1966-1991) vəzifəsini tutmuş, Azərbaycanın milli iftixarı, kosmosun əfsanəsi adlandırılan artilleriya general-leytenantı Kərim Kərimovun 100 illik yubileyi Azərbaycanda və Rusiyada qeyd edilməkdədir. Həyatını sirlər dolu bir ömrə sığdıran məxfi general yalnız SSRİ süquta uğradıqdan sonra geniş ictimaiyyətə tanınmışdır.

General Kərim Kərimov kimdir?

 
General Kərim Kərimov fenomeninin sirri - Sputnik Azərbaycan
General-leytenant Kərim Kərimov. Dekabr, 1988-ci il

Azərbaycan Cümhuriyyətinin parlament üzvü Əsədulla bəy Əhmədovun nəvəsi olmaqla bərabər məşhur milyonçu və mesenatlar Hacı Zeynalabdin Tağıyevlə və Murtuza Muxtarovla qohumluq əlaqələri olan bir şəxs SSRİ-nin ən məxfi və strateji sahəsinə rəhbərlik edən dövlət komissiyasının rəhbəri vəzifəsinə uzun illər rəhbərlik etməsi maraq doğurmaya bilməzdi. Hər kəsə məlumdur ki, SSRİ səviyyəsində türk soylu millətlərdən yalnız barmaqla sayılacaq səviyyədə mühüm post tutan şəxslər olmuşdur. Bu şəxslərdən biri də məhz məxfi general Kərim Kərimov idi. Kərim Kərimovun sirri nədə idi? Nədən o sıçrayışla vəzifə pillələrində irəliləyirdi?

Bioqrafiyasına nəzər salaq.

General Kərim Abbasəli oğlu Kərimov 14 noyabr 1917-ci il tarixdə Bakı şəhərində ziyalı ailəsində anadan olub. İlk təhsilini Təzə-Pir Məscidinin nəzdində mədrəsədə aldıqdan sonra, orta təhsilini Bakıda 8 saylı (hazırda General Kərim Kərimovun adını daşıyır) orta məktəbdə almışdır. O, 1934-cü il tarixdə orta məktəbi bitirir. Sonra 1936-cı ilin avqustunda Moskvaya gedir  və  Novoçerkaskdakı Sənaye İnstitutunun  “Elektromexanika” fakültəsinə qəbul olur.

Evlənməsinə babası Əsədulla bəy Əhmədov xeyir dua verir.

Birinci kursda oxuduğu zaman artıq orta məktəbdə on il birlikdə təhsil aldığı və orta məktəb illərindən sevdiyi Zərifə xanım Hənəfiyeva ilə ailə qurur. Atası Abbasəli Kərimov bu evliliyə qarşı olsa da, ailədə nüfuz sahibi olan Cümhuriyyət Parlamentinin deputatı olmuş babası Əsədulla bəy Əhmədov bu evliliyə xeyir dua verir. Bu evlilikdən general Kərim Kərimovun 22 yanvar 1937-ci il tarixdə qızı dünyaya gəlir. Qızına anası   Sürəyya xanımın  şərəfinə onun adını qoyur. Ancaq bir müddət sonra ailə vəziyyəti ilə bağlı gələcəyin dahisi 1939-cu ildə Bakıda Sənaye İnstitutuna köçürülür. Həyat yoldaşı isə Sənaye İnstitutunun kimya fakültəsində təhsilini başa vurur. ( Z.Hənəfiyeva Moskava Dövlət Universitetində kimya fənindən dərs deyib) Lakin tale yenidən  Kərim Kərimovun həyatını Rusiyaya bağlayır. Belə ki, o, 1942-ci ildə Dzerjinski adına Artilleriya Akademiyasına göndərilir. Qeyri-adi istedadını və biliyini nəzərə alaraq Kərim Kərimov birbaşa akademiyanın IV kursuna daxil olur və 1943-cü ildə akademiyanı topçu-mühəndis ixtisası üzrə bitirir. O, təhsil aldığı müddətdə  “Katyuşa B 13” adı ilə tanınan yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanır. Silahın təkmilləşdirilməsi barəsində bir neçə səmərələşdirici təklif irəli sürən Kərim Kərimov həmin vaxtdan həyatını raket texnikası ilə bağlamış, bu texnikanın inkişafı naminə elmı və fiziki potensialını əsirgəməmişdir.

Xudaferin.eu

13:15