Rəsulzadə: “Xalqa milli azadlığın nə olduğunu başa saldıq”

Məhəmmədəmin Rəsulzadənin atası Axund Hacı Molla Əliəkbər (1847/1848-1926) iki dəfə evlənib. İlk yoldaşı Zinyət xanım Zal qızından qızı Şəhrəbanu və oğlu Məhəmmədəmin (31.1.1884, Novxanı/Bakı-6.3.1955, Ankara) dünyaya gəlib. Zinyət xanım gənc yaşlarında ikən balalarını yetim qoyub. Hacının, ikinci yoldaşı Maral xanımdan (təx. 1867-1937) övladı olmayıb, ancaq 70 yaşında dünyasını dəyişmiş bu xeyirxah insan sonralar ərinin və qaynı Əbdüləzizin yiyəsiz qalmış nəvələrinə baxıb.

İlk təhsilini atasından alan Məhəmmədəmin bəy daha sonra maarifçi Sultan Məcid Qənizadənin müdiri olduğu 2-ci Türk-Rus məktəbində və Bakı Texniki məktəbində oxuyub. 19 yaşından ictimai-siyasi fəaliyyətə başlayan Məhəmmədəmin 1903-cü ildə “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi”ni yaradıb.

Gənc Məhəmmədəmin başa düşürdü ki, geniş kütləyə yetişmək üçün mətbuat şərtdir. Buna görə də ilk yazısını hazırlayaraq redaksiyaya göndərir. 1903-cü il mayın 2-də Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzetinin 14-cü sayında “Öz müxbirlərimizdən. Bakı” başlıqlı ilk yazısı çap edilir. Rəsulzadə 1904-cü ilin sonlarında Rusiya Sosial Demokrat Fəhlə Partiyasının nəzdində yaradılan “Hümmət” Sosial-Demokrat Təşkilatının yaradıcılarından biri olub.

İctimai və mətbu fəaliyyət

1906-cı il əvvəlində Rəsulzadə “İrşad” qəzeti ilə əməkdaşlığa başlayıb. Bu qəzetdə “Razi” təxəllüsü ilə şeir də yazıb. Həmin il fevralın 16-da onun “İrşad”da “Qara pul” şeiri dərc olunub.

1906-cı ilin martın 8-də Bakıda “Nicat” mədəni-maarif cəmiyyəti təşkil edilir. Rəsulzadə cəmiyyətin əsas üzvlərindən biri olur. 1907-ci ilin 12 noyabrında “Nicat” Mədəni-Maarif Cəmiyyətinin idarə heyətinin sədri olan Həsən bəy Ağayevin İrana getməsinə görə Rəsulzadə cəmiyyətə sədrlik edir. Bu dövrdə Rəsulzadə “Dəvət-Qoç”, “Təkamül”, “Yoldaş” qəzetləri ilə əməkdaşlıq edir. Üzeyir Hacıbəylinin tərtib etdiyi “Mətbuatda istifadə edilən siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin “Türki-rusi və rusi-türki lüğəti” kitabının redaktoru olur.

1907-ci ildə Rəsulzadə bolşeviklərin Rusiya imperiyasının sərhədlərini saxlamaqla yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrundakı mübarizəsi ilə razılaşmayıb RSDFP sıralarından uzaqlaşır, rus müstəmləkə üsul-idarəsinə qarşı milli istiqlal hərəkatı prinsiplərindən yanaşmağa başlayır. Həmin ilin 30 noyabrında artıq Bakıda tanınmış şəxs olan Məhəmmədəmin bəy Həsən bəy Zərdabinin dəfn mərasimində çıxış edir. 1908-ci ilin 5 dekabrında onun “Qaranlıqda işıqlar” adlı ilk pyesi tamaşaya qoyulur.

Cənubi Azərbaycanda

Artıq ictimai fəaliyyəti diqqət çəkən Rəsulzadə Çar hökuməti tərəfindən təqib edilməyə başlanılır. Ona görə də o, “Tərəqqi” qəzetinin müxbiri kimi, əslində isə İran inqilabçılarına dəstək üçün Rəştə gedir. Təbrizdə, Ərdəbildə, Mərənddə, Tehranda olur. “Tərəqqi” qəzetində “İran məktubları” yazısını çap etdirir.

1909-cu il mayın 28-də Təbrizdə Səttarxanla görüşür, onunla söhbətini “Tərəqqi” qəzetində nəşr etdirir.
Həmin ilin avqustunda Rəsulzadə Tehranda “İrani-Nov” qəzetini nəşr edir. Qəzetin naşiri Məhəmməd Əbülziya, Baş redaktoru isə Rəsulzadə idi. 1910-cu ilin sentyabrında isə –Avropada təhsil almış bir qrup İran ziyalısı ilə birgə “İran Demokrat Partiyası”nı yaradır. Həmin il Tehranda farsca “Mühafizəkar və ya sosialist-mühafizəkar partiyaların tənqidi” əsəri çap edilir. 1911-ci ildə Ərdəbildə isə fars dilində “Səadəti bəşər” kitabı çap edilir.
1911-ci ilin iyununda Çar Rusiyasının İrandakı səfirliyinin təzyiqi və İran Məşrutə hərəkatının məğlub olması səbəbi ilə yaxın dostu Seyid Həsən Tağızadə ilə birgə İranı tərk edir. Gizli olaraq Astara- Lənkəran yolu ilə Bakıya gəlir, bir müddət burada qalır, sonra İstanbula gedir. 1911-ci ilin iyul-avqustunda İstanbulda olur. Az sonra burada fəaliyyətə başlayan “Türk Yurdu” dərgisi, “Türk Ocaqları” təşkilatı ilə yaxından əməkdaşlıq edir.

Müsavatın yaradılması

1911-ci ilin oktyabrında Rəsulzadənin dostlarına yazdığı məktublardakı fikirləri də əsas götürülərək, Bakıda Məhəmmədəli Rəsuloğlu, Tağı Nağıoğlu və Abbasqulu Kazımzadə tərəfindən “Müsəlman Demokratik Partiyası – Müsavat” yaradılır. 1911-ci ildə Rəsulzadənin “Türk Yurdu” jurnalında və az sonra “Səbilür-Rəşad”məcmuəsində “İran Türkləri” əsəri çap edilir

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı ümumi əfv fərmanı verilir və Rəsulzadə Bakıya dönərək aktiv fəaliyyətə başlayır. 1914-cü ildə “İqbal” qəzetinin Baş redaktoru olur. 1915-ci ilin 19 mayında “Yeni İqbal” qəzetində Bakı Quberniyası Xalq Peşə məktəbinin direktoruna aid olan bir məlumatın səhifədən çıxarılmasına ciddi etirazını bildirdiyinə görə Bakı şəhər rəisinin əmri ilə həbs edilir. İki aya qədər həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılır.

1915-ci ilin 2 oktyabrında “Açıq söz” qəzeti onun redaktorluğu ilə nəşrə başlayır. 1917-ci ilin mayında Bakıda Rəsulzadənin də “Redaksiya Heyəti"nə daxil olduğu “Qardaş köməyi” jurnalı çap edilir.

1917-ci ilin 17 iyunu Azərbaycan tarixi üçün xüsusi önəm daşıyır. Belə ki, Rəsulzadənin Müsavat Firqəsi ilə Nəsib bəy Yusifbəylinin Türk Ədəmi-Mərkəziyyət Firqəsi birləşir, yeni təşkilat “Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat” adlanır, Rəsulzadə onun sədri seçilir. Bu, çar Rusiyasının artıq dağılmaq üzrə olduğu dönəm idi.
1917-ci ilin Fevral inqilabı baş verincə Zaqafqaziya xalqları əvvəlcə müvəqqəti hökumət, sonra Seym yaradır. Rəsulzadə Seymin üzvü olur. 1918-ci il 1 aprelində ermənilərin Bakıda törətdiyi 31 mart soyqırımı ilə bağlı Rəsulzadə Zaqafqaziya Seymində sərt çıxış edərək ciddi münasibət bildirilməsini tələb edir.

1918-ci il mayın 27-də Gürcüstanın paytaxtı Tiflisdə artıq fəaliyyəti dayanmış Zaqafqaziya Seyminin müsəlman üzvləri toplanıb Azərbaycan Milli Şurasını yaradır. Rəsulzadə Milli Şuranın sədri, Həsən bəy Ağayev sədr müavini, Mustafa Mahmudov katib seçilirlər.

1918-ci ilin 28 mayında M.Rəsulzadənin sədr olduğu Milli Şura Azərbaycanın istiqlaliyyətini elan edir və 6 maddədən ibarət Azərbaycan İstiqlal Bəyannaməsi qəbul edilir.

Cümhuriyyət xadimi Rəsulzadə

1918-ci ilin 4 iyununda Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Cümhuriyyəti arasında ilk Dostluq Müqaviləsi imzalanır. Müqavilənin IV maddəsində Osmanlı hökumətinin Azərbaycana silahlı yardım göstərmək haqqının olduğu qeyd edilir. Müqaviləni Azərbaycan hökuməti adından Rəsulzadə və Hacınski imzalayır.

1918-ci ilin 18 iyununda – Rəsulzadənin başçılıq etdiyi diplomatik heyət (Aslan bəy Səfikürdski, Xəlil bəy Xasməhəmmədov, Əhməd bəy Pepinov) Mərkəzi Avropa dövlətlərinin yeni yaradılmış Qafqaz dövlətləri ilə əməkdaşlığı çərçivəsində keçiriləcək konfransda iştirak üçün İstanbula gedir.

1918-ci ilin 26 iyununda Türkiyədə nəşr edilən “Təsviri-Əfkar” qəzetində “Azərbaycan Nümayəndə Heyəti” başlıqlı yazıda Rəsulzadə ilə geniş müsahibə verilir.

1918-ci il 7 noyabrında Rəsulzadə İstanbuldan Bakıya qayıdır. 19 noyabrda onun rəhbərliyi ilə Milli Şura Azərbaycan Parlamentinin yaradılması haqqında qanun qəbul edir. 1918-ci ilin 7 dekabrında Rəsulzadə Azərbaycan Parlamentinin açılışında ilk çıxışı edir. Məşhur tarixi sözlərini də ilk dəfə burada səsləndirir: “Bir kərə yüksələn bayraq, bir daha enməz!”.

Rəsulzadə Parlamentdə ən güclü sayılan Müsavat fraksiyasına başçılıq edir. Həmçinin rəsmi qəzet olan “Azərbaycan”da çalışır. 1919-cu ilin 15 noyabrında onun təşəbbüsü əsasında Bakı Dövlət Universiteti təsis edilir və o, burada tarix-filologiya fakultəsində Osmanlı ədəbiyyatı tarixindən mühazirələr oxuyur.

1920-ci ilin 27 aprelində Rəsulzadə Parlamentin son iclasında çıxış edərək, bolşeviklərin təslimçilik xarakteri daşıyan ultimatumunu rədd edir.

Elə həmin gecə onun məsləhəti ilə Müsavat Partiyasının “Gizli Mərkəzi” yaradılır.

Bolşeviklərin Azərbaycanı işğalından sonra Rəsulzadə təqib olunur, əvvəl Bakıda – Ramanada gizlənir, sonra isə Lahıca gedib orada qalır, özünün məşhur “Əsrimizin Səyavuşu” əsərini yazır.

1920-ci ilin 17 avqustunda Göyçayda bolşeviklər onu həbs edib Bakıya gətirir. 1920-ci ilin noyabrında keçmiş dostu Stalin Bakıya gəlir, onu həbsdən azad edib özü ilə Moskvaya aparır.

 

Stalinlə bu təmas zamanı Koba ondan soruşur ki, bu bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?

 
 
 
Ad - 00:04

 

Cavabında Rəsulzadə deyir: “Çox şey verə bilmədik... Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa, milli istiqlalı dadızdırdıq”.

Moskvadan Finlandiyaya

1920-ci ilin noyabrından Rəsulzadə Moskvada nəzarət altında yaşayır. 1922-ci ildə Rəsulzadə elmi ezamiyyət adı ilə Sankt-Peterburqa gedir, oradan isə Finlandiyaya keçir. 15 gün ərzində fin əsgərlərinin nəzarətində qalır, bir müddət Helsinkidə yaşayır. Burada olarkən tanınmış mücahid Abdulla Battas-Taymasla da görüşür. Helsinkidə Rəsulzadənin şərəfinə verilən ziyafətdə Peterburq imamı Lütfi İshaqi də iştirak edir, onun haqqında xoş sözlər söyləyir.

16 avqust 1922-ci ildə Rəsulzadə Finlandiyanın Kellomyaki qəsəbəsindən Parisə Əlimərdan bəy Topçubaşıya məktub yazır:

“...Avqustun 11-də qayıq ilə Petroqraddan buraya gəldim. Beş saat su üzərində qaldıq. İndi Kellomyaki karantinindəyəm. Ayın 24-də karantin müddəti bitir. İcazə kağızları hazır olduqdan sonra İstanbula gedəcəyəm... Hələlik karantində azadlıq havasını tam hiss edə bilməsəm də, tezliklə birgə mübarizə üçün dostlara qovuşacağıma ümid edirəm…

Təbii ki, mən buraya pasportsuz və gizli gəldim. Pasport almaq üçün vətəndaşlıq məsələsi ortaya çıxdı. Buradakı Rus komitəsi məni mütləq şəkildə rus təbəəsi kimi qeydə almaq istəyir. Mən isə onlara bununla razılaşmadığımı bildirdim. Bizimkilər hansı pasportla yaşayırlar? Bu məsələdə sizin məsləhətinizə ehtiyacım var. Mən Azərbaycan vətəndaşı kimi qeydə alınmağımda israr etdim...”

İstanbul həyatı

Helsinkidə pasport və viza işlərini tamamladıqdan sonra Rəsulzadə Fransaya, oradan Berlinə, oradan isə Türkiyəyə gedir. 1922-ci ilin dekabrında Rəsulzadə İstanbulda olur.

1923-cü ilin mayında İstanbulda Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti (keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti)” kitabı nəşr edilir və həmin il İzmirdə keçirilən “İzmir İqtisadi Konqresi”ndə “İqtisadi Misak” proqramında və “Kitab Bayramı” tədbirində Atatürk mükafatına layiq görülür. 1923-cü il 26 sentyabrında Azərbaycan mühacirət mətbuatının ilk orqanı olan “Yeni Qafqasiya” jurnalını nəşr edir. 1923-1925-ci illərdə İstanbulda “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik”, “Rusiyada siyasi vəziyyət” kitablarını çap etdirir.

Rəsulzadə İstanbulda gəldikdən sonra bir tərəfdən Azərbaycan azadlığı üçün çalışır, digər tərəfdən isə maddi ehtiyacdan qurtulmaq və ailəsini yanına gətirməyin yollarını axtarır. Cümhuriyyət xadimi Əkbər ağa Şeyxülislamzadə Cümhuriyyət tələbəsi Hilal Münşiyə 1924-cü il aprelin 12-də göndərdiyi məktubunda yazır:
“Çox möhtərəm, Hilal bəy... Buradakı dostlarla görüşdüm. Rəsulzadə Məhəmmədəmin bəy xəstələnib. Onun boğazı ağrıyır, yataqda yatır. Otağı çox təsirlidir. Otaqda kitab və qəzetlər bir-birinin üstündə toplanıb. Bu şəxsin hər hərəkətində Azərbaycan idealına səmimi bir bağlılıqla çalışmaq görünür. Yatağının üzərində divara Azərbaycan xəritəsi asılıb...”.

Ümumiyyətlə, Rəsulzadənin 1922-1932-ci illərdə müxtəlif şəhərlərdən Ceyhun Hacıbəyliyə və Əlimərdan bəy Topçubaşıya yazdığı məktublarda onun İstanbul həyatı ilə bağlı mühüm bilgilər var. Xüsusilə, Ceyhun Hacıbəyliyə ailəsi ilə bağlı yazdıqları mühacirliyin necə ağır məhrumiyyətlərinin olduğunu görürük:

24 noyabr 1924 tarixli məktubdan: “Ailəmi buraya gətirtmək istəyirdim. Bir-iki dəfə təşəbbüs eləmişlər. Fəqət hələlik buna müvəffəq olamamışlar. Zavallılar orada çox darıxırlar. Mən də burada narahatam”.
10 avqust 1928-ci il tarixli məktubdan: “Qızımdan məktub aldım. Vəziyyətlərini çox pis bir surətdə təsvir eləyir, pul istəyir. Bütün varımı ki, zatən məhdud bir şey idi, oraya (Bakıya – D.Ə) göndərmək məcburiyyətində qaldım. Müalicəmin sonuna on gün qalmışdır. Bu on gün ərzində pul gəlməzsə, müalicə xərclərini ödəmək üçün nə edəcəyimi düşünürəm”.

1926-cı ildə Parisdə, fransız dilində “Prometey” jurnalı nəşrə başlayır. Jurnal “Müstəqil Qafqaz Komitəsi” (Azərbaycan, Gürcüstan, Şimali Qafqaz) tərəfindən çap edilir. Rəsulzadə jurnalın redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərir. 1928-ci ildə Varşavada “Prometey” cəmiyyəti yaradılır. Cəmiyyətə Azərbaycan, Gürcüstan, Don, Kareliya, Komi, Krım, Kuban, Povoljye, Şimali Qafqaz, Türküstan, Ukrayna və Uralın nümayəndələri daxil olur. Bu təşkilat Polşa Xarici İşlər Nazirliyi və Baş Qərargahı tərəfindən Marşal Pilsudskinin birbaşa dəstəyi ilə fəaliyyət göstərir. 1928-ci ildə Rəsulzadənin ümumi rəhbərliyi ilə İstanbulda “Azəri-Türk” jurnalı nəşr edilir. 1929-cu ilin 1 martında isə onun Baş redaktorluğu ilə İstanbulda “Odlu Yurd” jurnalı nəşr edilir.

Avropa həyatı

1930-cu ilin 29 martında Parisdən və Varşavadan yaxın dostu Həmdulla Sübhi Tanrıövərə yazdığı məktublarda Paris konsulluğunun ona viza vermədiyi qeyd olunur. Rəsulzadə yazır ki, əgər bu Ankara hökumətinin əmrinə əsasən edilirsə, onda bu məsələnin açıqlanması lazımdır.

1930-cu ildə Parisdə rusca “Panturanizm haqqında”, Varşavada isə “Panturanizm və Qafqasya problemi” kitabları rusca nəşr edilir. 1931-ci ildə Ankarada Türkiyə Xarici İşlər Naziri Rüşdi ilə SSRİ Xarici İşlər Naziri Litvinov arasında imzalanan müqaviləyə əsasən Türkiyə dövləti fəal mühacirləri ölkəsindən getməyə məcbur edir və SSRİ əleyhinə təbliğata imkan vermir. Rəsulzadənin və onun silahdaşlarının siyasi və mətbu fəaliyyətinə Türkiyədə son olaraq 1931-ci ildə sentyabr ayında Sovet dövlətinin təzyiqi ilə rəsmi qadağa qoyulur. 1931-ci ilin sentyabrında Rəsulzadənin Türkiyədən çıxmağa məcbur olan yaxın silahdaşları da siyasi sığınacaq alıb Polşada məskunlaşır.

Almaniyada isə onların qəzet və jurnal nəşr etməsi üçün şərait yaradılır. 1932-ci ilin 10 yanvarından Almaniyada Berlində “İstiqlal” qəzetini nəşr edir. 1934-cü ilin noyabrından Rəsulzadə Almaniyada “Qurtuluş” jurnalını nəşr edir. 1936-cı ilin 5-7 avqustunda Polşanın Varşava şəhərində Rəsulzadənin ümumi rəhbərliyi ilə Müsavat Partiyasının konfransı keçirilir. 1936-cı ildə Almaniyada, Berlində “Çağdaş Azərbaycan ədəbiyyatı” kitabını Türkiyə türkcəsində, Parisdə isə rusca çap etdirir.

Onun Parisdə fransızca “Azərbaycan” kitabı da nəşr edilir. 1937-ci ilin 2-22 mayında Rəsulzadə Almaniyanın Berlin şəhərində olur. Almaniya Nasional Sosialist Fəhlə Partiyasının Xarici Siyasət İdarəsinin, Almaniya Təbliğat Nazirliyinin yüksək vəzifəli məmurları ilə görüşür. 1937-ci ildə Almaniyada almanca “Azərbaycan problemi” əsərini çap etdirir. 1938-ci ildə Varşavada polyakca “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir. 1939-cu ilin 6 sentyabrında Rəsulzadə II Dünya müharibəsinin başlaması və Polşanın sentyabrın 1-də almanların, sentyabrın 18-də isə sovetlərin işğalı üzərinə bu ölkəni tərk edir.

Köstəncədə dostu, Türkiyəni Rumıniyada Böyükelçi olaraq təmsil etməyə gələn Həmdulla Sübhi Tanrıövəri qarşılayır və onunla birlikdə Buxarestə gedir. Burada 1945-ci ilin əvvəllərinə qədər Tanrıövərin himayəsində “Kiryazi” otelində yaşayır. 1941-ci il 10 avqustunda Rumıniyanın Buxarest şəhərində olur, Nizamiyə həsr etdiyi “Azərbaycan şairi Nizami (1141-1209)” əsərini yazır. 1940-1943-cü illərdə Buxarestdə yaşayır. Almaniyada olur, azərbaycanlı əsirlərin xilasına çalışır. Almaniya hakimiyyət dairələri ilə danışıqlar aparır, “Azərbaycan Milli Komitəsi”ni yaradır, almanların əsirlərlə bağlı yaratdığı “Azərbaycan Milli Komissiyası”na başçılıq edir. 1945-ci ildə Rumıniya işğal edildikdən sonra Rəsulzadə Avstriyaya gəlir, “İmperial” mehmanxanasında yaşayır, sonra Almaniyanın Mittenvald bölgəsindəki qaçqın düşərgəsində olur. Burada “Azərbaycan Demokrat Birliyi”ni yaradır.

Bu birliyin də başlıca məqsədi azərbaycanlıları xilas etmək, onların sovet dövlətinə verilməsinin qarşısını almaq idi. Çünki sovet dövləti legionerlərin çoxunu ya həbs edir, ya da güllələyirdi.

1946-cı ilin 5 avqustunda Mittenvald bölgəsindən dostu, Türkiyənin Rumıniya Böyükelçiliyində 4 il hərbi attaşe olaraq çalışmış, albay Kənan Kocatürkə məktub yazır və özünün də, buradakıların da Türkiyəyə getmək istəyində olduğunu bildirir:
“…Vaxtilə yüksək məqama göndərdiyim yazıda, bilirsiniz, açıq hava altında necə təhlükədə qalan on minlərcə türkün müqəddəratına nəzəri-diqqəti cəlb etməyə səy etmişdim. Bu minlərdən bir çoxu qorxduğumuz aqibətə uğradı; orada qalanların bir qismi indi Mittenvalda toplaşaraq, mümkün qədər tez Türkiyəyə getmək həsrətindədirlər. İhsan bəyin bu dəfəki dönüşü sonunda bu həsrətlərin tezliklə sona yetəcəyinə ümid edirlər. Bunların arasında biz də varıq. Yaxınlarda dostlarla görüşəcəyimizə ümid edirik. Doğrusu, bu qışı da əmniyyətsizlik, işsizlik, mühitsizlik və evsizlik hissinin əzici basqısı altında keçirmək təsəvvürü qarşısında qorxu duyuruq. Nəhayət, öz mühitimizdə, öz işimiz və əməyimizlə yaşamaq və çalışmaq imkanı əldə edəcəyik!!...”

Yenidən Türkiyədə

1947-ci ildə Münhendə 30 səhifəlik “Azərbaycan tarixi” kitabını çap edib, azərbaycanlılar arasında yayır. “Azərbaycan-Türkiyə” Cəmiyyəti yaradıb azərbaycanlıların Türkiyəyə getməsini təmin edir. Rəsulzadənin Türkiyədə dostlarına yazdığı məktublar təsirini göstərir. Dostları (başda Həmdullah Sübhi Tanrıövər olmaqla) onun Türkiyəyə qayıtması üçün Xariciyyə vəkili ilə görüşüb razılaşır. Türkiyə Prezidenti İsmət İnönünün sərəncamı ilə Türkiyəyə qayıtmasına icazə verilir. 1947-ci ilin sentyabrında Türkiyəyə gedir. 1949-cu ilin 2 fevralında Ankarada “Azərbaycan Kültür Dərnəyi”ni yaradır. 1949-cu ildə Ankarada “Azərbaycan Kültür Gələnəkləri” kitabı çap edilir.

Bu ildən etibarən Milli Təhsil Nazirliyində Yayım Müdirliyində və Milli Kitabxanada çalışmağa başlayır. 1950-ci ildə “Çağdaş Azərbaycan ədəbiyyatı”, 1951-ci ildə “Azərbaycan şairi Nizami” əsərini nəşr etdirir.1952-ci ilin 1 aprelindən Rəsulzadənin rəhbərliyi ilə “Azərbaycan” jurnalı nəşrə başlayır.

1953-cü ilin mayında “Amerika Komitəsi”nin dəvəti ilə Rəsulzadə Almaniyaya gedir. Azərbaycanın İstiqlalının 35 illiyi münasibəti ilə “Amerikanın səsi” radiosunda çıxış edir və səsi vala yazılıb ona bağışlanır. 1953-cü ilin 30 mayında İstanbul Universitetinin böyük qəbul zalında türk dünyasının digər tanınmış şəxsiyyətləri ilə birgə Rəsulzadənin də jurnalist fəaliyyətinin 50 illiyi təntənə ilə qeyd edilir.

1954-cü il 27 mayından etibarən Türkiyədə nəşr edilən “Dünya” qəzetinin 5-ci sayında “Stalinlə ixtilal xatirələri”ni çap etdirir. 1955-ci ilin 6 martında Rəsulzadə Ankarada 71 yaşında dünyasını dəyişir, “Əsri” məzarıstanlığında dəfn edilir.

P.S. Yazıda Ədalət Tahirzadə, Aydın Balayev, Nəsiman Yaqublu və digərlərinin əsərlərindən, bir çox jurnal və qəzet materiallarından yazılarından istifadə olunub.


Müəllif: Dilqəm Əhməd

Xudaferin.eu

 

08:22