Kumık Türkləri tarixi ədaləti bərpa üçün ayağa qalxdılar

 

15 dekabr 2018-ci il tarixdə Dağıstanın başkəndi İnciqalada (yalnış olaraq Anjikala adlandırılır) şəhərə bitişik  kumık türklərinin Tarki, Ağac aul, Kyaxulay, Albörükənd, Atlıboyun, Boynak və Kazanış kəndlərinin əhalisi bir araya gələrək 1918-ci ildə osetin mənşəli, Çar Rusiyası ordusunun “Qafqaz Kazak Alayı”nın komandanı kimi tanınan Lazar Biçeraxovun rəhbərliyi altında yerli xalqlara qarşı törətdiyi soyqırım siyasətinin qarşısının alınması münasibətilə “ANIT ABİDƏSİ”nin açılış törəni keçirilmişıdir. Bu abidə həm də “Qafqaz İslam Ordusu”nun komandanı Nuru Paşanın və İnciqalanın erməni-daşnak hərbi birləşməsi ilə savaşda şəhid olmuş 118 türk nəfər hərbçisinin şərəfinə ucaldılmışdır. Anıt Abidəsinin üzərində yazılmış mətnin gözləniləmədən dəyişdirilməsi kumık xalqı və ictimai təşkilatları tərəfindən qınağa səbəb olmuşdur. Halbuki, Anıt Abidəsi tarixi ədalətin bərpası demək idi.

 

Quzey Qafqaz və Dağıstanda gizli antitürk siyasəti

I Dünya Savaşı dönəmində Güney Azərbaycanda bulunan Çarlıq Rusiyasının hərbi qüvvələri 1915-1918-ci illərdə dəhşət saçan soyqırımlara rəhbərlik edibdir. Rus hərbi hissələri “ekspedisiya korpusu” adı altında Urmu, Sulduz, Xoy, Mərənd, Qoşaçay, Makı, Səlmas, Sayınqala, Culfa, Sumay və digər bölgələrdə erməniləri, aysorları və kürdləri silahlandıraraq Güney Azərbaycan türklərinə qarşı dəhşət saçan soyqırıma yardımlar etmişdir. Tarixi sənədlər sübut edir ki, 200 mindən çox yerli türk əhalisi soyqırım zamanı öldürülmüşlər. Dağılmış Osmanlı İmperiyasının kübar paşalarından biri olan Əli İhsan Sabis Paşanın komandanlığı altında 6-cı Kolordu Ordusu soyqırımın qarşısının alınması üçün hərəkətə keçdiyində dərhal Lazar Biçeraxov “Rus Hərbi Ekspedisiya Korpusu” ilə

Ənzəlidən Bakıya gəldi. Bu dəfə onun komandanlığı altında Bakı, Quba və Şamaxıda soyqırım siyasətini davam etdirildi. 1918-ci ilin avqustunda isə “Qafqaz İslam Ordusu”na  məğlub olduqdan sonra, Dərbənd və İnciqalaya üz tutmalı oldu. Dərbənd, İnciqala, Doqquzpara, Kaspi, Qayakənd, İzberbaş, Qarabudaxkənd, Temirxan Şura və digər rayonların ərazisində kumık, dargin, avar, tabasaran, lak, rutul, tsaxur və ləzgi xalqlarına qarşı soyqırımlar törədildi. Həmçin soyqırımlara Lazar Biçeraxov və Nerses Cigityan komandanlıq edirdilər. Osetinlər və erməni-daşnaklardan oluşan bu hərbi birliyin nəzarətində çağın ən yeni silahları var idi. “Qafqaz İslam Ordusu”nun Gürcüstan və Azərbaycandakı xilaskarlıq zəfərini görən dağıstanlılar Nuru Paşaya müraciət etmək məcburiyyətində qalırlar. Bundan sonra, İzzət Yusuf Paşanın komandanlığı altında 37-ci hərbi alay Dağıstana daxil oldu. Beləliklə də Dağıstanda daşnakların soyqırım qətllərinin qarşısı alındı.
1920-ci ildə Sovetlər Birliyi elan olunandan sonra, 1991-ci ilə kimi Quzey Qafqazda və özəlliklə Dağıstanda antitürk siyasəti aparılmışdır. Bu siyasi kursun təməlini İosif Stalin, Anastas Mikoyan və Lavrenti Beriya “Qafqaz masası” adı altında qoymuşdular. Belə bir yalnış addıma qarşı uzun illər türk kökənli kumık, noqay, qaraçay-balkar toplumları mücadilə aparsalar da, Kremlin “sərt qanunu” öz hökmünü verməkdə idi. Sovetlər Birliyi dağıldıqdan sonra, Avrasiya məkanında “Türk-Slav dualizmi” ideyaları gündəmə gəldi. Min dəfələrlə təəssüflər olsun ki, bu ideya Rusiya Federasiyasının bütün bölgələrində keçərli sayılsa da, Quzey Qafqaz və Dağıstanda “antitürk masası” öz işini davam etdirməkdədir. Hətta Türkiyədən Dağıstana gələrək qarşılıqlı ticarət və iqtisadi əlaqələrin yaradılmasına belə, “antitürk” baxışlar mane olur. Çünki, “ağqvardiyaçı” və “kommunist” hərəkatı adları altında döyüşən Lazar Biçeraxovun ordusunda yer alan nəsillərin təmsilçiləri iş başındadırlar. Rusiya Elmlər Akademiyası Etnoqrafiya İnstitutu “Qafqaz” bölümünü 99 ildir ermənilər idarə edirlər. Kim “qafqazşünas” kimi yetişmək istəyirsə, erməni rəhbərliyin xüsusi icazəsini almalıdır. Bu gerçəyi Dağıstanda hələ ki, anlamırlar.

Yeddi kumık təşkilatının etirazları

İnciqalanın yaxınlığındakı Ağac aul kəndində ucaldılan “Qafqaz İslam Ordusu”nun şəhid olmuş əsgərlərinin xatirə abidəsində öncə bu sözlər yazılmışdı: “Bu sayılı topurakda Dağıstannı azatlığı uçun 1918-ci yılqı Anji (Torqu Tav) davlarında aziz janlarını kurban etken Türk asqer şaqitleri yatalar. Olanı Ruqlarına Al Fatiha. I Dünya Savaşının son günlerinde, 5 ekim 1918 tarihinde İzzet Paşa komutasındaki Osmanlı askerleri, Dağıstanlı kardeşlerinin yardımına geldi. Derbenti, 24 ekimde Temir Han Şura şehrini, 7 kasımda İncikalayı düşman işkalinden kurtardılar. Dağıstan kentlerinin kurtuluş mücadelesinde, Anadolunun muhtelif yerlerinden gelen Osmanlı askerleri, Dağıstan topraklarını kanlaryla suladılar. Dağıstanlı gönüllü kardeşleriyle omuz omuza savaştılar. Kumuk halkını, daşnak ve rus kazaklarına karşı mudafaa ederken 192 şehit verdiler. Şimdi burada, ikinci vatanları bu toprakların bagrında, isimsiz mezarlarında ebedi istirahatgahlarında yatıyorlar. Bu şehitlerden 69 kahraman asker, Tarki Dağı eteklerinde Agacavul Mezarlıgında gömülüdür. Bu Abide, Dağıstan halkının bu isimsiz kahramanlara bir vefa nişanesi olarak dikilmiştir. Ruhları şad olsun”.      
3 yanvar 2019-cu ildə Qarabudax rayon icra hakimiyyəti Anıt Abidəsində kumık, türk və rus dillərində yazılmış həmin fikri dəyişdirərək: 1918-ci ildə Rusiya və Dağıstanın azadlığı uğrunda Tarki Tau yaxınlığındakı Ağacaul kəndində canlarını fəda edərək ölən döyüşçülərin xatirəsinə görə bu abidə qoyulmuşdur. Ruhları şad olsun” adı ilə yeni başlıq qoyulmuşdur. Həm də mətn tamamilə rus dilində qeyd olunmuşdur. Halbuki, kumık alimləri bu barədə minlərlə məqalələr yazaraq, Lazar Biçeraxovun və erməni-daşnak quldur dəstələrinin İngiltərənin himayəsi altında bu tarixi cinayətləri və soyqırımları törətdiklərini elmi əsaslarla sübut etmişlər. Mətnin dəyişdirilməsinə etiraz edən “Tarqu”, “Ağacaul”, “Kaxulay-Torkali”, “Albörükənd”, “Atlıboyun”, “Boynak” və “Kazanış” camaat birliklərinin adından nüfuzlu şəxslər qismində M. A. Məhəmmədov, R. Badrutdinov, V. Vahidov, Ş. Saliev, İ. Canxuvatova, R. Əbdülkərimov, K. Əliyev, R. Ataev, Ş. Məhəmmədov, H. H. Bambatov, K. Gəncəxanov, O. Əmirxanov, R. S. Əbdürəhmanov rəsmi dövlət strukturlarına müraciət etmişlər. Müraciətdə qeyd olunur ki: Bələdiyyə və icra strukturları xalqın iradəsi əsasında deyil, özlərinin bilgisiz və şəxsi maraqları çərçivəsində addım atırlar. Halbuki, bu abidə Dağıstanın azadlığı və bölgədə aparılan soyqırımların qarşısının alınması məsələsində Ağacaul kəndi ətrafında şəhid olan 192 türk əsgərinin xatirəsini əbədiləşdirmək üçün qoyulub. Həmin əsgərlərdən 69 nəfərinin məzarı Ağacaul kəndindəki nekropolda saxlanılır. Onlar Dağıstan xalqlarının gələcəyi və rifahı üçün canlarından keçiblər. ANIT ABİDƏSİsindəki xatirə mətninin dəyişdirilməsi, Dağıstan və erməni ifrat millliyyətçi-şovinist çevrələrinin vandalizmi kimi dəyərləndiririk. Bilərəkdən cəmiyyətdə ictimai fikri azdırmaq, yalanların uydurulması tarixi həqiqətlərə kölgə salmaqdır. ANIT ABİDƏSİ haqqında Dağıstan və ermənilərə məxsus KİV-lərdə gedən yalanlar bizim nə qədər haqlı olduğumuzu isbat edir. Həmin məqalələrdə bizləri ittiham edərək qeyd edirlər ki, guya kumık xalqı Rusiyaya qarşı siyasət yürüdən xarici qüvvələrin təsiri ilə bu abidəni ucaldıb. Halbuki, Dağıstan tarixinin qaranlıq səhifəsi olan və dəhşət saçan bu həqiqəti, soyqırım faciəsini heç bir zaman unutmadığımızı, bizlərin taleyi üçün canlarını fəda etmiş və qardaşlıq köməyini uzatmış insanların xatirəsini əbədiləşdirmək üçün abidəni ucaltmışıq. Biz kumık cəmiyyətlərinin nümayəndələri olaraq, xoşməramlı addım kimi ucaltdığımız abidənin nüfuzuna xələl gətirilməsinə qarşıyıq. ANIT ABİDƏSİni siyasiləşdirmək qətiyyən doğru deyil. Abidənin üzərində həkk edilmiş uydurma mətni vandalizm aktı hesab edirik. Çünki, abidənin mərmər plitələrini sökərək istədikləri əlavə mətni oraya həkk etdirməyin özü cinayətdir. Bizim təmsil olunduğumuz cəmiyyətlərdə toplam 70 min nəfər üzv vardır. Biz abidəni qoymaq üçün bu qədər insanın ümumi razılığını almışıq. Bu qədər insanın məsuliyyəti bizim cəmiyyətlərin üzərindədir. Ona görə də müraciətmizə sağlam yanaşmağınızı tələb edirik.

 

Dağıstan hakimiyyəti və ermənilər Rusiyaya deyil, xarici güclərə işləyirlər

“Qafqaz Kazak Hərbi Ekspedisiyası”nın komandanlığında təmsil olunan Lazar Biçeraxov Güney Azərbaycanda Əli İhsan Sabis Paşanın ordusuna rüsvayçılıqla uduzduqdan sonra Ənzəli limanından Bakıya gələn kimi, Stepan Şaumyanın elan etdiyi Sentro Kaspi Hökumətinin dərhal hərbi komandanlığının rəhbəri təyin edilir. Məhz L. Biçeraxovun komandanlığı altında Bakı, Salyan, Quba və Şamaxıda azərbaycanlılara qarşı soyqırım cinayətləri törədilmişdir. L. Biçeraxov Nuru Paşanın komandanlığı altında “Qafqaz islam Ordusu”na məğlub olduqdan sonra, daşnakların silahlı quldur dəstələri ilə birlikdə Xəzər dənizi vasitəsilə Dağıstana qaçırlar. Bu dəfə kütləvi qətllər, soyqırımlar və cinayətləri yerli əhaliyə tətbiq etməyə başlayırlar. İzzət Yusuf Paşanın komandanlığı altında olan əsgəri birliklərlə döyüşdə yenə də məğlub olur. Beləliklə üç türk generalı ilə döyüşlərdə məğlub olan L. Biçeraxov 60 min nəfərlik (əksəriyyəti erməni-daşnaklar olublar) ordusu ilə hərb tarixində biabır olubdur. 1920-ci ildə İngiltərəyə köçmək məcburiyyətində qalan L. Biçeraxov sonrakı həyatı boyu Rusiyaya qarşı siyasi-ictimai fəaliyyətlərdə olub. II Dünya Savaşı dönəmində Hitler Almaniyası ilə əməkdaşlıq edərək Tambi Elekxoti və Əlixan Kantemirlə birlikdə “Qafqaz Komitəsi”nə rəhbərlik edib.  1952-ci ilə kimi, yəni ömrünün sonuna qədər Rusiyaya qarşı “Qafqaz Komitəsi”nin rəhbəri olaraq fəaliyyət göstəribdir. Belə bir cinayətkarı ifşa etmək azmış kimi, onun cinayət əməllərini gizlətmək bu gün nə qədər doğrudur? Dağıstan hökuməti bu tarixi həqiqəti görəsən anlayırmı? Erməniləri anlamaq mümkündür. Onlar tarix boyu törətdikləri cinayətləri provakativ səviyyədə gizlətmək üçün canfəşanlıq etməklə abır-həyanın nə olduğunu dərk etməzlər. Kumık Türklərinin bu abidəni ucaltmaqla Dağıstan və eləcə də Quzey Qafqazda antitürk siyasətə nöqtə qoymaq üçün atdıqları nəcib təşəbbüsü, elmi həqiqətləri dərk edərək qiymətləndirmək əvəzinə, keçmişin mirası olan gerçəkləri gizlətmək elə tarixin üzünə tüpürmək deməkdir.
Bu gün Rusiya Federasiyası, Azərbaycan və Türkiyənin arasındakı strateji müttəfiqlik rolunu artırmaq əvəzinə, provakativ addımların atılması elə ermənilər kimi gerizəkalılğın örnəyidir. Gürcüstanda 1918-1920-ci illərdə və 1991-1994-cü illərdə ermənilərin əlində silah bu ölkəyə qarşı törətdikləri cinayətləri ifşa edən 720 cildlik istintaq sənədləri vardır.

Azərbaycan, Türkiyə, Güney Azərbaycan, Özbəkistan, Türkmənistan və Qazaxstan bir dövlət olaraq ermənilərin tarixdə törətdikləri soyqırımları, hərbi cinayətləri addım-addım dünya birliyi qarşısında ifşa etməkdədirlər. Dağıstan rəhbərliyi kumık türklərinə təşəkkür etmək əvəzinə, Ermənistanın və erməni təşkilatlarının sifarişçisinə çevrilibdir. Bütün bunları zamanında dəyərləndirə bilməyən Dağıstan hökumətinin bu gerizəkalı addımı gerçəkdən çox üzücüdür.

Ənvər BÖRÜSOY,
İnciqala-Bakı  
    
 

12:47