Səhnəmizin Gülriz Ablasını itirdik

Yeni ilin ilk günündə İstanbuldan bir qara xəbər aldım. Türkiəynin teatr cameəsinin sönməyən ulduzu, 90 yaşlı Gülriz Sururini həyatla vidalaşdı. Uzun müddət xəstəlikdən əzab çəkən bu dahi sənətkar həyatı boyu kimsəyə əl açmadı. Teatrda qazandıqlarını bu sənətə yenicə gələn gənclərlə paylaşan nadir sənətkarlardan biri idi. O, sənət aləmində aktrisa, rejissor, yazıçı, dramaturq kimi möhtəşəm imza atan ustad idi. Mənə onunla İstanbulda və İzmirdə bir neçə dəfə görüşmək qismət olmuşdu. Çünki, çağdaş Türkiyə professional teatrının təməlini qoymuş Ərtoğrul Möhsünün sonuncu sağ qalmış tələbələrindən biri kimi, ustadının sənət taleyi ilə bağlı onunla bu yöndə dəfələrlə üz-üzə söhbətlərimiz olmuşdu.

 

12 yaşlı aktrisanın sənət yolu

Onu çoxları Gülriz Abla deyə çağırardılar. Bu, onun həm yaşına, həm də sənətdə olan stajına görə verilən bir ad idi. 1929-cu ildə İstanbulda dünyaya gəlmişdi. Əmiləri Yusif, Cəlal və Əli Sururuilər yazıçı və aktyor kimi öz zamanının tanınmış simaları idilər. Böyük ustad Ərtoğrul Möhsünün silahdaşları kimi çağdaş professional türk teatrının təməlini qoymuşdular. Bu dahi teatr xadimləri Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün yaxın silahdaşları idilər. Onlar aktyor, yazıçı və dramturq kimi 1923-cü ildə qurulan Cümhuriyyət ideallarını səhnəyə daşıyan ilk qaranquşlar idilər. Türkiyənin bir dövlət olaraq varlığına inamı yaratmaq, milyonlarla şəhidin qanı üzərində yoxdan var olan dövlətin təməlinə dəstək üçün at-öküz arabaları ilə kənd-kənd gəzərək oynadıqları tamaşalarla yeni dövlət düzəninin təbliğatını aparırdılar. Bircə dəfə də olsun “yorulduq”, “əldən düşdük” kimi şikayətlərdə bulunmadılar. Gülriz Sururuinin atası Lütfullah və anası Süzən o dövrün sənət aləminə dəstək verən kübar ailələrdən biri idi. Gülriz Ablanın gerçək soyadı Erulucdur. İlk dəfə səhnəyə 12 yaşında çıxdığı zaman əmilərinin soyadı ilə rol oynamağa başladı. Türkiyədə peşəkar teatrda ilk dəfə səhnəyə çıxan qadın aktrisa Mevudə Rəfiq xanımın baldızıdır.
Gülriz Sururi “İstanbul Teatrı”nın uzun illər rəhbəri olmuş Ərtoğrul Möhsünün məsləhəti ilə təhsil almağa başladı. Xüsusilə vokal və balet üzrə təhsilinin olması sənət taleyində müstəsna rol oynadı. Orta məktəbi bitirən kimi dərhal Konsevatoriyada təhsilini davam etdirdi. Tələbəlik dönəmində “İstanbul Şəhər Teatrı”nın səhnəsində bütün baş rolları ofa edirdi. Aristotelin “Qurbağalar” və Jan Giraudoksun “Su qızı” tamaşalarındakı rolları Gülriz Sururini Türkiyənin teatr cameəsində ən yaxşı aktrisalardan biri kimi imzasının parlamasına səbəb oldu.
1943-cü il. 14 yaşlı Gülriz Sururi demək olar ki, “İstanbul Şəhər Teatrı”nda oynadığı rolları ilə teatr aləmində bir möcüzə idi. 1960-cı ilə kimi bir yandan Konsevatoriyada təhsil alması, digər yandan daha peşəkar teatr kollektivində rol oynaması onun sənət taleyində daha böyük uğurlara imza atmasına səbəb oldu. 1960-cı ildə “Müəmmər Karaca” və “Dormen” teatrlarında müxtəlif səpkili rollar oynadı. 1961-ci ildə “Dormen Teatrı”nda “Mən bir fotoqraf makinasıyam” və “Küçə qızı İrma” adlı tamaşalarda aldığı rollarla “İlhan İsgəndər Ödülü”nü qazandı. 32 yaşlı bir aktrisa üçün bu çox böyük dəyər demək idi. 1962-ci ildə ünlü teatr xadimi Əngin Cezzar ilə ailə qurdu və “Gülriz Sururi-Cezzar Teatrı” adlı teatr truppasını yaratdılar. Çox təəssüflər olsun ki, onların evliliyi və yaratdıqları teatr qısaömürlü oldu. Buna görə də “Gülriz Sururi Teatrı”nı yaratmalı oldu. Bu teatr daha çox müzikl janrında tamaşalara üstünlük verirdi. Çünki, qroteks üslubda gerçəkləri söz və musiqinin dili ilə ifadə etmək nə qədər çətin olsa da, bir o qədər də sənətkardan peşəkarlıq tələb edirdi. Bir yandan bu teatrın aktyorlarından balet ifaçılığı, digər yandan vokal, başqa bir tərəfdən isə aktyorluq bacarığı tələb olunurdu. Belə bir peşəkarlıq çətinliklə başa gəlsə də, demək olar ki, Gülriz Sururi işinin öhdəsindən böyük sənətkarlıqla gələ bilirdi. Ona görə də bu teatrın tamaşaçıları heç zaman əskik olmurdu. Əslində Gülriz Ablanın yaratdığı bu özəl teatr dövlətdən və sponsorlardan asılılıqdan uzaq durmaq demək idi.

Ödüllər və tükənməyən səhnə ömrü

Gülriz Sururinin teatr sənətində ən böyük uğurları 1966-cı ildən başladı. Belə ki, rəhbəri olduğu teatrda oynanılan “Tənəkə” tamaşasına görə “İlin ən yaxşı qadın aktrisası ödülü” məhz ona təqdim olundu. Həmin il “Türk Qadınlar Birliyi” tərəfindən “İlin Qadını” seçildi. 1971-ci il. “Gülriz Sururi Teatrı”nda tamaşaya qoyulan “Hind qumaşı” əsərindəki roluna görə “İlin ən yaxşı qadın aktrisası” mükafatına layiq görüldü.
1979-1980-ci illər. Gülriz Abla Mehmet Akanla birlikdə “Uzun İncə Bir Yol” tamaşası ilə bütün Türkiyədə ən çox baxılan teatr tamaşasına imza qoydu. Demək olar ki, bu tamaşa üçün biletlər bir neçə ay öncədən sifariş olunurdu. 1982-1983-cü il teatr mövsümündə “Kaldırım Serçe” müziklnə görə “Edith Piaf” yorumu ilə “Avni Pilligil Teatr Ödülü”nün nominasiyasında “İlin ən yaxşı qadın aktrisası ödülü”nü aldı. Ölkə mediasının, xüsusilə “Milliyet” qəzetinin “Superstar Tiyatro Oyunçusu Ödülü”nə layiq görüldü. Gülriz Abla aktrisa olmaqla yanaşı, həm də rəhbəri olduğu teatrın rejissoru kimi də ad qazanmışdı. Teatr sənəti haqqında kitablar yazaraq yeni nəsil üçün sənətin sirlərinin öyrənilməsinə çalışmışdır. Uşaqlıq illərini, ilk gəncliyini, teatrda keçən ömrü, yaşadığı eşqlər, taleyin üzünə güldürmədiyi qısaevliliklər, aktrisa, rejissor və digər sahələrdə başına gələnləri “Qıldan incə, qılıncdan kəskin” romanında başına gələnləri bədii dillə ifadə etmişdir.
1980-ci il. “Bir an gəlir” ikinci əsəri ilə teatrda keçən ömür yolu, unudulmaz rolları və ifa etdiyi mahnıları haqqında təəssüratlarını qələmə aldı. Xüsusilə “Kaldırım Serçesi”ndəki “Edith Piaf” rolunu bütün incəliyinə kimi təsvir etdi. Çünki, bu rol ounun oynadığı bütün tamaşaların zirvəsi sayılırdı. Kitabda “Kabare”, “Halide” (Halide Edip Adıvarın əsərləri), “Keşanlı Əli dastanı” tamaşalarında oynadığı rollarının yorumunu da qələmə almışdı. Bir aktrisa kimi oynadığı rolların özü tərəfindən incələnməsi, yorum tapması ilk dəfə idi ki, rast gəlinirdi. “Kaldırım Serçesi” tamaşasının böyük uğurlar əldə etməsinin ardından elə həmin heyətlə tamaşanın televiziya serialı kimi çəkilməsi onun ən böyük diləklərindən biri oldu.
Gülriz Abla çox yaxşı bilirdi ki, hər bir aktyorun səhnədə sənət enerjisinin çılğınlıq və durğunluq çağı nə zamandır. Çılğınlıqdan durğunluğa gedilən yolun həm də sənətçinin səhnədə uzun illər qazandığı uğurların kölgədə qalmaması üçün “Söyləyəcəklərim var” adlı tamaşası ilə (pyesin müəllifi olmaqla yanaşı, həm də tamaşanın rejissoru özü idi) səhnəyə əlvida dedi. Bu tamaşa və səhnədə aldğı rol son oldu. İndi Türkiyənin peşəkar teatrı, özəlliklə müzikl teatrının adı gələndə Gülriz Ablanın adı xüsusi olaraq xatırlanır.
Səhnəyə əlvida dedikdən sonra, Mərmərə Universiteti Gözəl Sənətlər fakültəsində bir müddət aktyorluq sənətindən dərs dedi. Uzun illər əldə etdiyi təcrübəni gənclərə aşıladı. 
Onun teatrında tamaşaya qoyulan müzikl əsərlərindən ibarət ayrıca “Müzik hallerim” adlı albomu çıxdı. “Kaldırım Serçesi”, “Keşanlı Əli destanı”, “Kabare”, “Qismət”, “Fosforlu Cevriyyə”, “Biz sıfrdan başladıq”, “Konçinarlar kampaniyası”, “Küçə qızı İrma” və başqa tamaşalardakı misilsiz ifalarını topladı. 1998-ci ildə Gülriz Abla Türkiyənin ən üstün dəstəyinə, “Dövlət Sənətçisi” adına layiq görüldü. O, buna görə nə prezidentə, nə də hökumətə hər hansı bir yalaqalıq etmədi. Çünki, haqqı olanı rəsmilər bu ödülü verməklə gecə də olsa etiraf etmək zorunda qalmışdılar. 60 ildən çox həyatını səhnədə keçirən bu ustad sənətkar heç zaman kimsənin qarşısında əyilmədi, sınmadı. Onun təzim edərək baş əydiyi bir məkan var idi. Bu, teatr və sevimli tamaşaçıları idi.

Devrimçi olmaq böyük sənətin sirridir

Ölümündən öncə mənəvi qızı Zeynəb Merac Özqartala vəsiyyət etmişdi ki, onu səssiz olaraq dəfn etsinlər. Dəfndən sonra, bu barədə mətbuata açıqlama verilsin. İstəmirdi ki, onun cənazəsi üstündə həyatı boyu, özəlliklə də son 16 ildə qarşılaşdığı haqsızlıqları kimlərsə siyasi şouya çevirsin. İlk dəfə sevdiyi şəxsi ömrünün sonuna kimi unuda bilməyən Gülriz Sururi həmişə belə deyərdi: “Ənginin öldüyünü qəbul etmirəm. Amma ondan ayrıldığımı da qəbul etmirəm. O, hər yerdə mənimlədir. Yataqda onun yastığını oxşayıram. Onunla dərdləşirəm, söhbət edirəm. Hətta bəzən gülüşçürük də...”    
Gülriz Abla 16 ildir hakimiyyətdə olan AKP-nin apardığı siyasətlə barışmadı. Bunun səbəbini soruşduqda hər dəfə eyni cavabı alırdıq: “Mustafa Kamal Atatarükə qarşı olan hər kəsə düşmənəm. Baxın, gerizəkalı nə qədər insan var AKP-də təmsil olunurlar. Onlar hansı şəhərdə, qəsəbədə və kənddə yerli seçkiləri qazanıblarsa, orada Atatürkə qarşı böyük həqarət gördüm. Buna son qoyulmalıdır”.
Gülriz Abla “Qıldan incə, qılıncdan kəskin” (1978), “Bir an gəlir” (2003) xatirələrini, “Girmədiyim sokaklarda” (2003) öykülərini, “Biz qadınlar” (2003) qəzetlərdə getmiş yazıları və müsahibələri, “Səni sevirəm” (2005) romanı kitablarını yazaraq çap etdirdi.
Onun sənət bioqrafiyasının zirvəsi elə səhnə idi. Harada olursa olsun, özünü səhnədə hiss edirmiş kimi aparırdı. Xarakteri baxımından DEVRİMÇİ idi. Bizlər inqilab deyirik. Bu sözün gerçək anlamını çoxları hələ də dərk etmirlər. Devrimçi olmaq nələrisə dağıtmaq deyil, yenidən qurmaq deməkdir. Yeniliyə can atmaqdır. Zamanın ritmini, onun estetik-bədii, fəlsəfi-sosioloji dəyərlərini cəmiyyətin özgürcəsinə dəyərləndirməsidir. Hərbi xuntalardan heç zaman qorxmadı. Digər sənətçi dostları ilə devrimlərin yanında yer aldı.
Dünyasını dəyişməzdən öncə: “Cənazəmi məsciddən götürəcəklər. Orada insanları əbədiyyətə yola salmırlar, “cənazə partisi” törəninə qatılırlar. Əziz Nesin kimi səssizcə dəfn olunmağım daha yaxşıdır”, demişdi.
Həyatının son illərini digər dahi sənətkarlar kimi yalnızlıqla yaşadı. Sanki, belə bir dahi sənətkar ömrünün bütün illərini sənətdə keçirməyib. Peşəkar teatr sənəti haqqında elmi araşdırmaların aparılmadığı Türkiyədə buna görə milli teatr məktəbi sənətkarların taleyi kimi məkansızdır. Bu problem artıq Azərbaycana da sirayət etməkdədir. Çünki, sənətlə bağlı sorumlu olan Mədəniyyət nazirliyi və Teatr Xadimləri İttifaqı teatrımızın bu günü, nə də sabahı ilə ilgiləndirmirlər. Milli teatrımızın bütün mərhələləri peşəkarcasına təhlil olunmuş səviyyədə əsərlərlə ortaya qoyulmalıdır.
Azərbaycanda dramaturgiya və onun keçdiyi yol,
Azərbaycanda rejissor sənəti,
Azərbaycanda aktyor sənəti,  
Azərbaycan teatrı və teatrşünaslıq,
Dünya teatrı və Azərbaycan teatr məktəbi,
Azərbaycan teatrı və rəssamlıq,
Azərbaycan teatrı və musiqi və digər sahələrdə dərsliklər çap olunmalıdır ki, milli teatrımızın keçdiyi yol indiki və gələcək nəsil üçün örnəyə çevrilə bilsin.
Ötən gün böyük fədakar, sağlığında müqtədir sənətkar adını qazanmış Gülriz Abla səssizcə dəfn olundu. Türkiyədə 70 illik teatr mühitinin dahilərindən biri çoxları onun kimliyini sağlığında unutdular. Çünki, bürokratları və yalağa KİV-i ilgiləndirən mövzu dahiləri unutdurmaqdır. Ona görə ki, dahilərin adları çəkiləndə cılız lider xəstələri daim kölgədə qalırlar. Məkanın cənnətlik olsun. Uca Tanrıdan sənə rəhmət diləyirəm Gülriz Abla. Nə qədər Türkiyədəki teatrların nəfəsi gəlib-gedir, əsla səni kimsə unutmayacaq. Son illər Tuncel Kurtiz, Tarık Akan və Levent Kırca kimi dahi sənətkarlar həyata əlvida deyərək gözlərini əbədi olaraq qapadılar. Onlar da Gülriz Abla kimi heç bir mənsəbin qarşısında əyilmədilər. Sənətkar və şəxsiyyətin simvolu olaraq bütün zamanlar üçün örnək olaraq imzalarını əbədiyyətə çevirdilər.

Ənvər BÖRÜSOY, sənətşünas

01:59