Paniranizmin “Rusiya yürüşü” projesi

Tehran-İrəvan işbirliyinin hədəflərində yeni antitürk doktrinası

Görkəmli rus şərqşünası Yevgeni Bertels ötən yüzilin 20-ci illərində “Farsların dini teatrı” adlı fundamental əsərində yazırdı ki: “Farslar mistik dini nağıllar uydurmaqla özlərinin parazitcəsinə yaşamaq siyasətlərini qurmağı çox sevirlər. Buna görə də başqa xalqları  təsir altında saxlamaqla, xəyali cənnət siyasətini təbliğ etməklə “sasani” və “əhəməni” ideyası altında “fars dövlət şovinizmi”ni rəsmiləşdirməyə çalışırlar. Bu hədəflərin qarşısı alınmayınca, Qafqaz, Xəzərətrafı, Volqaboyu və Türküstanda min illərlə mövcud olan xalqlararası və dini münasibətlərdə çatlar olacaqdır”

Rusiyanın daxilində Tehranın “anti Azərbaycan” hədəfləri

İrandakı fars şovinizminə dayanıqlı “paniranizm” doktrinası əsasında fəaliyyət göstərən bütün universitetlər indi daha çox sosioloji elmlər üzrə fəaliyyət göstərirlər. Onların əldə etdikləri nəticələrə görə 1991-ci ildən Rusiya Federasiyasına Azərbaycandan orta hesabla 3 milyondan çox insan miqrasiya edib. Onların çoxu aqrar həyat tərzindən çıxmış insanlardır. Son 15 ildə diaspor adı altında azərbaycanlılar kimliklərini qorumaq üçün milli hədəflərini ortaya qoysalar da, elmi səviyyədə bu prosesə yanaşılmadığını incələyərək Tehran rejimi soydaşlarımız arasında din pərdəsi altında bir sıra təsisatlarını qurmaq üçün dəridən-qabıqdan çıxır. İranın Moskvadakı səfirliyinin dəstəyi ilə yaradılan “İran Mədəniyyət Mərkəzi” artıq Moskva, Həştərxan, Maxaçqala, Dərbənd, Kazan, Sankt –Peterburq və digər şəhərlərdə bölgəsəl strukturlarını formalaşdırıb. “Moskva İslam Mərkəzi” isə ictimai proseslərdə fəaliyyətini gücləndiribdir. “Moskva Əhli Beyt Cəmiyyəti” (sədri Nizami Baloğlanov), Otradnoe rayonunun Aram Xaçaturyan küçəsindəki “İmam ümidi məscidi” və onun nəzdində yaradılmış “Əhli Beyt”, “Fatimə-Zəhra”, “Hüseyniyyə” cəmiyyətləri və “Sahibi əz Zaman” Gənclər Təşkilatına savadsız soydaşlarımızın cəlb edilıməsi bu günün acı gerçəklərindən biridir. Uzun illər Azərbaycan Respublikasında İran mollakratiya rejiminin cəsus şəbəkələrinə rəhbərlik etmiş höccətülislam İbadulla Ocaqnəjad bu dəfə Moskvada peyda olub. Bu həmin İ. Ocaqnəjaddır ki, onun himayə etdiyi Əsgər Fərdi adlı birisi “Dağlıq Qarabağ qədim erməni torpağıdır” 9 və “Qafqazın 17 şəhəri” proyekti əsasında (Bakı, Naxçıvan, Şuşa, Lənkəran, Gəncə, Tiflis, İrəvan, Ordubad, Dərbənd, Şəki, Salyan, Bərdə, Quba, Beyləqan, Şamaxı, Ağdam, Batum) “paniranizm” və “panfarsizm” hədəfinə hesablanmış 17 dizidən ibarət filmin müəllifidir.
İ. Ocaqnəjad Moskvada zühur edərək özü kimi höccətülislam rütbəsini daşıyan Əkbəri Ciddi, Məhəmməd Amuli və şeyx Məhəmmədəli Mosuli, Yusif Hüseynov, Nizami Baloğlanov və başqalarını da bu prosesə cəlb etməklə çoxşaxəli düsturla hərəkət edir.  “İGNA” İnformasiya Agentliyi, icrus.ru, iqnanews.ru, islamtimes.org, vetenugrunda.az,  arannews.com, deyerler.org və digər informasiya mənbələri isə bu planının həyata keçirilməsində informasiya dəstəyini verən sosial tribunalardır. İctimai, siyasi, sosial, mədəni və digər sahələrdə savadı olmayan soydaşlarımızı “müsəlman qardaşlığı” adı ilə onları Azərbaycan dövlətçiliyinə qarşı qoymaqla yanaşı, “paniranizm” və “panfarsizm” ideoloji təlimlərinin içində əridilməsi başlıca strateji hədəfə çevrilibdir. Soydaşlarımızı din pərdəsi altında İranın təsiri altına almaq üçün digər yeni şəbəkələrin yaradılması da bu prosesin tərkib hissəsidir.

Din pərdəsi altında soyğunçuluq

İslam dini adı altında İran mollakratiya rejiminin çoxsaylı mərasimləri mövcuddur. Faktiki olaraq hər ay islamın ilkin çağında yüksək imtiyazları olan bir sıra xadimləri bəhanə edərək məscidlərdə, mədrəsələrdə, bir sıra cəmiyyətlərdə mərasimlər keçirilir. Demək olar ki, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Kalininqrad, Həştərxan, Stavropol, Dərbənd, Maxaçqala, Tümen, Volqaqrad, Orenburq, Samara, Novosibirsk, Penza, Sverdlovsk və uzaq Kamçatka vilayətində belə İran mollakratiya rejiminin dini təlim mərkəzlərində təhsil almış kadrlar “rövzəxanlıq” adı altında moizələr oxumaqla sadəcə soydaşlarımızın cibini soymaqla məşğuldurlar. İslam dininə heç bir aidiyyatı olmayan mövhumatçı uydurma rəvayətlər söyləməklə, yalandan göz yaşları tökməklə və “dindoş”luq edərək ciblərini doldurur, insanların humanizmindən, dinə olan ilgisindən sui-istifadə edərək onları İran yönlü zümrəyə çevirirlər. Soyğunçuluqla yanaşı, “şiə” təriqəti adı ilə soydaşlarımızı digər müsəlman əhalisinə qarşı yönəltməyi də hədəfə çevrirlər. Rusiyada yaşayan və istənilən bilgisiz soydaşımızı qanıbir, əcdadı bir tatar, başkort, qaraçay, balkar, noqay, kumuk, çuvaş, xakas, altay, saxa, tuva, qazax, türkmən, özbək türkü ilə düşmənçilik həddinə gətirən amillərdən biri də elə İran yönlü “dindoş”ların apardıqları antitürk siyasi düsturudur. Belə bir durum bəşəri faciənin dəhşətlərindən biridir. Bir yandan bilgisiz soydaşlarımızın cibini soy, digər yandan isə soydaş toplumlarla xalqımızı düşmənçilik həddinə qədər çatdır. Elə Ermənistanın və erməni diasporunun strateji hədəflərindən biri də budur. Xalqımızı öz qan yaddaşından uzaqlaşdır və qafasını yumaqla İran mollakrat rejiminin əlaltısına çevir.
      
Tatar-Qazax iradəsi

Əslən Masallı rayonundan olan Əzizağa Qəmbərov adlı birisi İranın Qum şəhərində təhsil aldıqdan sonra, Qazaxstanda “Azərbaycan icması” adı ilə “Qazaxstan şilələri”  qurumunu yaratmaq təşəbbüslərini irəli sürsə də, ona imkan verilməyib. Hökumət Alma-Atıda “Hüseyni” və “Fatimə” məscidlərinin qanunsuz  fəaliyyətlərini nəzərə alaraq onları qapadıbdır. Bununla yanaşı, Cambul, Çimkənd, Kökşetau, Atırau, Aktau, Astana, Ural vilayətlərində də İran mollakratiya rejiminin “paniranizm” və “panfarsizm” siyasətinin qarşısı alınıbdır. Qazaxstanda hökumət rəsmiləri ilə yanaşı, din xadimləri açıq şəkildə bildirirlər ki: “İran yönlü siyasi, ideoloji və digər sahələr Azərbaycan-Qazaxstan tarixi köklərinə qarşı saplanmış xəncərdir”.  
Tatarstanda “Azərbaycan icması” və “Tatarstan şiə icması” adı altında İran mollakrat rejiminin dəstək verdiyi “Əl İxlas” məscidi qapadılıbdır. Görkəmli politoloq və tarixçi alim Rafael Həkimov bildirib ki, Volqaboyu bölgələrdə yaşayan müsəlman əhalisi arasında İranın strateji hədəflərinə hesablanmış dini siyasətin yürüdülməsinə qətiyyən imkan vermək olmaz. Əslən Masallı rayonundan olan İsa Əsgərov və İranın Qum şəhərində dini təhsil almış oğlu Fariz Əsgərov vəhabizmə qarşı məqalələr və kitablar yazmaqla öz mövqelərini gücləndirməklə İranın maraqlarına uyğun məscid inşa etmək istəsələr də, rəsmi Kazan hökuməti buna imkan verməyibdir. “Nur” və “Ənas” məscidləri vasitəsilə İran siyasətinin yürüdülməsi də baş tutmayıbdır.
Çeçenistanda “Azərbaycan Mədəniyyətinin İnkişafı Fondu” adı altında bu qurumun direktoru Şamil Tağıyevin ayrıca şiə məscidi inşa etmək ideyasının qarşısı yerli hökumət strukturları tərəfindən alınıbdır. Çeçenistanın baş müftisi Salah Məcidov bildirib ki, burada Seyidəli Sistani, Hüseyin Saedi və digərlərinin din pərdəsi altında yazdıqları kitablar İslama xidmət deyil, terrorizmin yanında duran “Hizbollah”ın təbliği deməkdir.

İranın Xəzərətrafı din siyasəti

Tehran molla rejiminin fitnə-fəsadlarından biri də, Xəzərətrafı bölgələrdə uydurma  “kadusi” ideologiyasının ictimai xarakter daşımasıdır. Bu yöndə Ermənistan Elmlər Akademiyası İrəvan Döğvlət Universitində çalışan 50-dən çox aliminin hazırladığı projelərə özəlliklə önəm verilir. Azərbaycan, Türkmənistan, Qazaxstan və Rusiya Federasiyası daxil olmaqla qondarma tarixi “kadusi” ideologiyası tətbiq edilməkdədir. Hal-hazırda bu hədəf “Azərbaycan icmaları” və “Azərbaycan diasporu” adı altında həyata keçirilir. Bununla yanaşı, İranda xüsusi təlim almış və mənşəcə “tat” və “talış” olanlardan üstün səviyyədə istifadə olunmasına çalışılır. Başlıca məqsəd Xəzərətrafı Türk Dövlətlərinin inteqrasiyasını milli hədəflərdən uzaqlaşdırmaqdır. Beləliklə Tehran rejiminin əsas hədəfi Rusiyanı “Rusiya-Şiə Alyansı” bataqlığına sürükləməkdir. İran mollakratlarının iddialarından biri də Rusiyada Azərbaycan, Pakistan və Əfqanıstandan olan miqrantların sayının üç milyon olması iddiası ilə şiə inanclıları din pərdəsi altında bir araya gətirməkdir.
“Kadusi” ideoloji təliminin ortaya atılması sayəsində xırda tayfalardan ibarət gel, dribu, kartman, lbin, dzanar, dzoti və digər icmaların Xəzərətrafı və Qafqaz bölgəsinin əcdad kultuna çevrilməsi əslində Ermənistanın ekspansiya siyasətinin strateji hədəflərindən biridir. Saxtakarcasına elan edilən “qədim irandilli” (əslində Hindistandan köçüb gəlmiş) tayfaların bu coğrafi məkanın aborigen toplumu olması siyasəti qarşısı alınmaz  ideyaya çevrilməkdədir. Beləliklə Tehran rejimi “qədim tarix” və bu günün dini birliyi ideyaları ilə Xəzərətrafı bölgədə 80 milyonluq əhalinin ideoloji və ictimai baxımdan assimliasiyaya uğraması hədəflərini sərgiləməyə çalışır. İran mollakratiya rejiminin “paniranizm” və “panfarsizm”ə dayanıqlı siyasətinin digər hədəfi isə, Rusiyanı bu prosesə cəlb etməkdir. Bunun üçün ilk öncə “sasani” və “arşaki” taktikasından faydalanmağa çalışılır.
Xəzərətrafı bölgələrin əski “parn” (fars) torpaqları olması ideyasının Qafqazda önə çəkilməsi sayəsində bir yandan “etnik bölücülük”, digər yandan isə, İran mollakratiya rejiminin dərin hədəflərinə çevrilib. Ona görə də mümkün qədər Rusiyada mövqelərini bizim soydaşlarımız sayəsində gücləndirməyə çalışır. Azərbaycanın Diaspor Komitəsini uzun müddət idarə etmiş keçmiş rəhbərliyin savadsızlığı ucbatından İran molla rejimi Rusiya, Ukrayna, Belorus, Moldova, Qazaxstan və Avropada diaspor təşkilatlarımıza savadsızcasına rəhbərlik edənlər də İran mollakrat rejiminin təsiri altına düşmüşlər. Ona görə də molla rejimi diasporumuz arasında bir yandan antitürk, digər yandan isə anti Azərbaycan tipli hədəflərini gerçəkləşdirmək üçün münbit şəraitə sahib çıxa bilmişdir. Bu gün Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının milli hədəflərə hesablanmış fəaliyyət dairəsinin cizgilərin in proqramlarının yoxluğu ucbatından Tehran rejimi incə şəkildə həmin boşluğu işğal siyasətini yürüdür. Rusiyanın və Azərbaycanın başının bəlasına çevriləcəyinin fərqinə varmayanlar ən azından dünya birliyinin Tehran rejimini embarqo təhdidi ilə hədəfə aldığına diqqət etsələr daha yaxşı olardı. 

Ənvər BÖRÜSOY
Xudaferin.eu

22:44