MSTİSLAV ROSTROPOVİÇ, TOFİQ ZEYNALOV, QUZU ƏSGƏR VƏ ...ŞUŞASIZLIQ...

Bir dəfə dünya şöhrətli musiqiçi, Rostropoviç “Şuşa” sanatoriyasında dincəlirmiş. Bir gün səhər tezdən Üzeyir bəyin ev muzeyini ziyarət etmək üçün qaldığı korpusdan çıxır. Üzü aşağı gələ-gələ 1-2 adamdan soruşur, gəlib Xan qızı Xurşidbanu Natəvanın evinin yanına çatanda Zeynalov Tofiqlə Quzu Əsgər çıxırlar bunun qabağına. Bu da nə bilsin, bunları nə tanıyır. Rostropoviç üzr istəyib bunlardan soruşur ki, bəs Üzeyir Hacıbəyovun ev muzeyinə necə getmək olar? Tofiq Zeynalov təmiz rus dilində deyir ki, gedək, biz göstərərik. Yavaş-yavaş, söhbət edə-edə gedirlər. “Gəncə qapısı”na çatanda bunun saqqızını oğurlayıb çəkirlər Əfqanın yanına ki, bir “baş-əyax” yeyək, bir 100 vuraq. Rostropoviç qoşulur bunlara. Söhbət getdikcə qızışır, Tofiq indi də fransızca danışır. Dünya şöhrətli rəssamlardan başlayıb, dünya şöhrətli yazıçılara, siyasətçilərə keçirlər. Bethovendən başlayıb, Baxda, Üzeyirdən başlayıb Çaykovskidə, Qara Qarayevdə qurtarırlar. Rostropoviçin ağzı açıq qalır. İlk baxışdan üst-başlarından çox sadə görünən adamlarda olan gözləmədiyi bu dərəcədə dərin mülahizə və mükalimələr onu hayıl-mayıl eləyir. Görür ki, bu yerin altın da bilir, üstün də. Bayaqdan bəri bir-iki dəfə təkrarladığı sualını indi çox təəccüb və bir az da amiranə konkretliklə səsləndirir:
- Axı siz kimsiniz?
Tofiq Zeynalov rusca cavab verir:
- Mı vseqo liş neschastnıye alkoqoliki etoqo qoroda!!!
Mstislav Leopoldoviç heyranlıqla başını tərpədib deyir:
- Əgər bu şəhərin alkaşı fransızca danışırsa, onda Üzeyir bəy elə burada doğulmalı idi…

Kərim Kərimli

Xudaferin.eu

17:39