Azərbaycan Xalqının Qüruru ilə oynamaq olmaz!

Son günlər sosial şəbəkələrdə və internet tv-lərdə ardıcıl olaraq məlumat yayırlar ki, güya kürdlər Azərbaycanda lobbləşib. Hətta ziyalılarımızın bəziləri narahatdırlar ki, kürdlər getdikcə siyasi gücə çevrilirlər və gələcəkdə Azərbaycanın suverenliyinə təhlükə yarada bilər. Bunun nə dərəcədə doğru olduğunu demək çətindir...

Onu qeyd edim ki, bu gün bütün dünyada açıq və gizli bir türk düşmənçiliyi gedir... Rusiya, İran və bəzi Avropa ölkələrində getdikcə türkə fobiyanın intensiv xarakter almasında maraqlıdırlar...
Bu baxımdan ola bilsin kimlər isə kürdləri haylar kimi türklərə qarşı bir maşa kimi istifadə etmək fikrinə düşüb. Mən kürdlərin bu qədər ağılsız olmalarına inanmıram...

Qədim Türk yurdu olan Azərbaycanda yüz illərdi türklərlə yanaşı yəhudilər, talışlar, tatlar, avarlar, ləzgilər, rus malakanları, qaraçılar, ruslar, ukraynalılar, kürdlər və digər milli azlıqlar qardaşcasına yaşamaqdadırlar. Bu birliyi pozmaq fikrinə düşənləri ətlə dırnağın arasına girən mikroba bənzətmək olar...

Azərbaycan türkləri həmişə yurduna pənah gətirən hər bir kiçik xalqları qardaş kimi qəbul etmiş, onlara xüsusi hörmətlə yanaşmışdılar. Bunu da xüsusi vurğulamaq istərdim ki, Azərbaycan dünyada yeganə dövlətdir ki, tarixdə heç bir vaxt milli irqi, dini ayrı-seçkilik olmayıb və olması da mümkun deyil.

Qurucu babalarımızın Şərqdə (1918-1920) ilk qurduqları Azərbaycan Demokratik Cəmiyyətinin parlamentində, demək olar ki, ölkəmizdə yaşayan bütün milli azlıqların nümayəndələri təmsil olunmuşdu.

"Azərbaycanda yaşayan milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı" haqqında Azərbaycan Respublikasının o zamankı prezidenti Əbülfəz Bəy Elçibəy, 1992-ci il 16 sentyabr tarixli Fərmanı milli azlıqlar arasında əlaqələrin yaxşılaşdırılması və hüquqi dövlətin yaradılmasına onların cəlb olunmasının səviyyəsinin artırılması məqsədini daşıyır.

1995-ci ildə isə dövrün Prezidenti Heydər Bəy Əliyevin imzası ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörməti təmin edir. Azərbaycan Respublikasının suverenliyi haqqında Konstitusiya aktı Azərbaycan Respublikasının bütün vətəndaşlarının qanun qarşısında bərabər olduğunu təsdiq edir.

Bundan əlavə Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən, Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən və mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli dini, dil mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Konstitusiyasının 44-cü maddəsinə əsasən "hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz".

Göründüyü kimi istər Rəsulzadə, istər Elçibəy, istərsə də Əliyev (Böyük) dönəmində qəbul olunmuş qanunlar milli azadlıqlara xüsusi həssaslıqla yanaşılmışdı. Azərbaycan heç bir xalqa digər xalqdan üstün sayılmamış və bunun üçün heç bir milli azlığa ayrıca xüsusi stastus verilməmişdir.

Bəs nədən birdən-birə Azərbaycanda "Kürd məsələsi" ortaya atılmışdı?

Kürdlər Azərbaycanda digər milli azlıqlar kimi həmişə sevincimizə sevinmiş, kədərimizə kədərlənmişlər. Qarabağ müharibəsində daima bizlərlə çiyin-çiyinə vətənimiz Azərbaycanın keşiyində durmuşlar.

Məhz türklərin özlərini "Kırmancı", "Sorani", "Dorani", "Zazey", "Yezdi", "Yezdi Çəngena" adlandıran pərakəndə yaşayan və dilləri biri-birlərinə oxşar qəbilələrə, sevgidən qədim türk dilində "iğid" mənasını daşıyan KÜRD adı vermişdilər.

Kürd dediyimiz qardaş xalq özləri özlərini ayrılıqda KÜRD deyə yox, yuxarıda qeyd etdiyim adlarla ifadə edirlər.

Azərbaycanda yaşayan son statistik məlumata görə sayları 11 min (əslində 5-6 min arası deyilir) olan kürdlər vaxtı ilə İrandan köçürülmüş Şiyə-Kırmancılardır. Adların sadaladığım Kürd aşirətlərın arasında yalnız Kırmacılar şiyədirlər, qalanları sünnü, ələvi, bekdaşi və digər məzhəblərdəndir. Kırmancılardan başqa Azərbaycanda heç bir Kürd aşirəti olmayıb. Əgər bu gün ölkəmizdə qeyri-kırmancı kürd varsa, deməli, onlar son illər kənar ölkələrdən gəliblər...

Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan qanunu hər bir xalqa öz mədəniyyətini, milli adət-ənənələrini yaşatmağa borcludur və bunun üçün dövlət maddi-mənəvi yardım etməyi öz üzərinə götürüb.

Ancaq Azərbaycan qanunu heç bir xalqa və milli azlığa icazə vermir ki, "mili bayram" adı altında qadağan olunmuş simgələr, şübhəli bayraqlar, düşmən ölkələrin atributlarını bilərəkdən nümayiş etdirib əhalisini 90 faizi türk olan bir xalqa hörmətsizlik nümayiş etdirsin...

Azərbaycan kiçik fəqət dünya çapında çəkisi olan unitar bir dövlətdir. Bu dövlətdə heç bir milli azlıq lobbi yaradıb ölkənin bütün ticarət şəbəkələrini inhisara alıb hakimiyyət strukturlarına yiyələnə bilməz!

Heç bir lobbi, düşmən ölkələrin beşinci kalonları və xususi gizli təşkilatlar belə Azərbaycan Respublikasının dövlət quruluşunu dəyişə bilməz!

Azərbaycan türkiylə, yəhudisiylə, talışıyla, tatıyla, ləzgisi və digər ölkəmizdə yaşayan milli azlıqlarla birgə güclüdür. Bu birliyi pozmağa cəhd edənin anası ağlar qalar...

Elman Mustafazadə
Avropada "Azərbaycanın Dostları"Cəmiyyətinin sədri, Xudaferin (www.xudaferin.eu) jurnalının baş redaktoru.

Xudaferin.eu

13:11