Abbasqulu xan İrəvani: qəza, qədər, qismət..

Onlar İrəvani tərk edəndə düşünmüşdülər ki, satqın ermənilərdən, həyasız ruslardan canlarını qurtarıblar. Sən saydığını say. Qədər alnına yazılıbsa, qismətdən qaçmaq olmaz. Qəzanın oxuna cübbə-cövşən yoxdur.

         Azərbaycan əyalətinin valisi, vəliəhd Abbas mirzə Məhəmmədhüseyn xan Ziyadlı-Qacarın övladlarından bəzilərini Urmiya şəhərində yerləşdirmişdi. Onlara yeyimlik, doyumluq yurd vermişdi.

         Abbasqulu xan Nəcəfqulu xan oğlu Urmiya şəhərində anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra hərbi məktəbdə oxumuşdu. Doğma türk dilindən başqa fars, rus və fransız dillərini bilirdi.

1879-cu ildən İran Kazak briqadasında xidmət etməyə başlamışdı.

         Abbasqulu xan İrəvani 1880-ci ildə naibi duvvum (baş leytenant) rütbəsində, 1-ci fövcün, 4-cü eskadronun, 4-ci dəstənin  komandir idi.

         Abbasqulu xan İrəvani 1895-ci ildə sərhəng (polkovnik) rütbəsi daşıyırdı.

1895-ci ildə İran Kazak briqadasında başlayan mühacirlər və komandir qarşıdurmasında Abbasqulu xan mühacirlərin tərəfini tutmuşdu. Belə ki, polkovnik V. A. Kosoqovskinin rəsmi (əslində qərəzli) hərəkətləri mühacirlərin bir hissəsinin komandirlərinə qarşı intriqasına səbəb olmuşdu. 27 aprelin axşamı sərtib Qasım ağa Xorasanlı öz tərcüməçisi ilə, Xorasan və Zakaspi vilayətinin sərhədləşdirmə komissiyasının mütərcimi Mirzə Tağı xan Bəhmənbəyovla  V. A. Kosoqovskinin yanında olmuşdu. O, xəbər vermişdi ki, dünən naibüssəltənə (Kamran mirzə Qovanlı-Qacar-Ə.Ç.) mühacirlərin başçılarını — Nəcəfqulu xan Sisyanini, Nəcəfqulu xan İrəvanini, Hacı Cəlil xanı və Möhbəli ağanı yanına çağırmışdı. Çağrılmayan və dəvət olunmayan sərhəng Abbasqulu xan Nəcəfqulu xan oğlu da ora yaxınlaşmışdı. Onlar naibüssəltənənin yanından həyəcanlı çıxmışdılar. Sərhəng Abbasqulu xan can-başla Qasım ağanı öz tərəfinə çəkmək istəmişdi. Ona doğru-dürüst söyləmişdi ki, öz məruzəsini sərtib Musa xanla sədr-əzəmə göndərib. Musa xan bu məruzəni sədr-əzəmə verməzdən əvvəl iki gün özündə saxlamışdı ki, mühacirlər oxuyub, qol çəksinlər. Bir çoxları onun qarmağına düşmüşdülər.

         Sədr-əzəm məruzəni polkovnikə vermişdi. Polkovnik isə öz sırasında onu öz səfirlərinə təqdim etmişdi. Səfir də məruzəni yenidən sədr-əzəmə vermişdi ki, şaha ötürsün. (АВ ИВР РАН. Ф. 30. Д. 1. Л. 70.)

         Polkovnik V. A. Kasoqovski mayın 1-də öyrəndi ki, “Dünən 40 nəfər mühacir zabitlərdən o qədər də mühacir çaparların müşaiyətilə Naibəssəltənin (hərbi nazir Kamran mirzə Qovanlı-Qacarın-Ə.Ç.) Tehrandan 3 fərsəx aralı olan yaylaq evinə gediblər. Naibəssəltə bu kütləni görəndə qorxub və rəngi ağarıb. Onlar səlibçi Pyotr Amenli və yaxud Valter Qolyakın dəstəsi kimi imiş. Kimisi kiteldə, kimisi çərkəzidə, kimisi sərdaridə, kimisi isə arxalıqda imiş. Bütün sahə mühacirlə doluymuş. Naibəssəltə bunları həyəcanla Etimadi-Nizama deyirmiş. Nəcəfqulu xan Sisyani Naibəssəltənin ayağına yıxılıb, yalayıb. Naibəssəltənin ilk qorxusu bundan sonra keçib. O qədər yumşalıb ki, hətta mühacirləri görmək istəməyən bu iranlı deyib ki, “polkovnik heç nə edə bilməz. Hər şey köhnə zamandakı kimi olacaq”. Hamını arxayın salıb. Bu hiyləgər mühacirləri yola verib. Mühacirlər də köhnə hava ilə geri dönüblər. Dönərkən dərddən yolda içiblər. Sərhəng Abbasqulu xan, Nəcəfqulu xan İrəvaninin oğlu sərxoş olub və Martiros xana bütün baş verənləri danışıb. Məlum olur ki, Naibəssəltənə təqaüdə gedən mühacirlərin hamısına 5000 tümən illik təqaüd təklif edib. Amma mühacirlər bu təklifə razılaşmayıblar. Tələb ediblər ki, nə qədər məvacib alırlarsa, hamısını təqaüd kimi alsınlar. Bu 25 min tümənə yaxın miqdardır. Bütün bunlardan nə çıxacaq? Qələbə kimin tərəfindədir? Mənə qalınca son nəfəsimə qədər mübarizə aparacağam”. (АВ ИВР РАН. Ф. 30. Д. 1. Л. 77.) Erməni əsilli, qərargah rəisi Martiros xan komandirlərə iş vermək, satqınçılıqla məşğul idi.

         İran Kazak briqadasının komandiri polkovnik V. A. Kasoqovski mühacirlərin qiyamını yatırmışdı. Yaşlıları təqaüdə, dikbaşları əyalətlərə göndərmiş, erməniləri irəli çəkmiş, Martiros xanı qərargah rəisi, İskəndər xanı briqada adyutantı, Tatos xanı intendant zabiti təyin etmişdi.         

         Polkovnik Kosoqovski 1897-ci ildə Müşirüddövləyə müraciət etmişdi ki, 2 zabit və 9 kazak bu il aylıq məvaciblərini ala bilməyiblər. Sərhəng Abbasqulu xan keçən il 5 min tümən aylıq məvacib alırdı. Bu il onun rütbəsi artıb. Aylığı 30 tümənə qalxıb. Naib Məhəmmədismayıl bəy ayda 9 min maaşıdır. Sizdən xahiş olunur ki, bu şəxslərin aylığı ödənilsin. (Möhsün Mirzayi, Tarixçeyi briqad və divizioni qazaq, I cild, Tehran, “Elm”,  1373, s.404)

         Abbasqulu xan İrəvani 1897-ci ildə sərtib (briqadir) rütbəsi almışdı.

         Abbasqulu xan İrəvani İran Kazak briqadasının keçirdiyi əməliyyatlarda iştirak etmişdi.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

14:17