Kərbəlayı Behbud bəy Şəfibəyov: Xəlifəli ocağının kəraməti

Kərbəlayı Behbud bəy Şuşada məşhur olan şəfibəyovlar soyundandır. So mənşə etibarı ilə Cavanşir elinin Hacılı camaatına bağlıdır. Xanlığın baş vəziri Mirzə Camal bəylə qohumdur. Soyun başçısı Məhəmmədşəfi bəy 1772-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. Mədrəsə  təhsili  almışdı. İbrahimxəlil  xanın  və  Mеhdiqulu  xanın  qulluğunda  durmuşdu. Müqəddəs  Kərbəla  torpağını,  sonra isə  Məkkəyi-müşərrəfi  ziyarət  еtmişdi.
Hacı  Məhəmmədşəfi  bəyin törəmələri   Şəfibəyov soyadını daşıyırdılar.
 
Hacı  Məhəmmədşəfi  bəy  Şahı  xanımla  ailə  qurmuşdu. Qəhrəman  bəy,  Rüstəm  bəy,  Məmməd  bəy,  Rəfi  bəy  və  Əli  bəy  adlı  oğulları  vardı.
 
Hacı  Məhəmmədşəfi  bəyin  bеşinci  oğlu  Əli  bəy  1818-ci   ildə Şuşa  şəhərində  anadan olmuşdu. Mədrəsə  təhsili  almışdı. Ticarətlə  məşğul  idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Əli  bəy  Nabat  xanımla  həyat  qurmuşdu. Əhməd  bəy,  Mahmud  bəy,  Bеhbud  bəy  və  Pələng  bəy  adlı  oğulları  vardı.
 
Əli  bəyin  üçüncü  oğlu  Bеhbud  bəy  1854-cü  ildə Şuşa şəhərində dünyaya  gəlmişdi. Məhəllə mollaxanasında oxumuşdu. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.  Şəhərin qoçularından sayılırdı. 
 
Kərbəlayı Behbud bəy Şəfibəyov XIX əsr Şuşa şəhəri üçün xarakterik olan bir hadisənin iştirakçısı olmuşdu.   
 
1880-ci ilin  iyul ayının 26-da Mahtəban xanım Mirzə Fərzalı bəy qızı Fətəlibəyova, anası Səlbinaz xanım, bacıları Balaxanım xanım, Əziz xanım, xidmətçiləri Şəhribanu Kərbəlayı İsmayıl qızı və əmisi oğlu Camal bəy ilə birlikdə  «Xəlifəli ocağı»ndan gələrkən Məhəmmədəli bəy Vəliyevin evinin yanında bir dəstə gənclə üzləşirlər. Gənclərdən Əhməd bəy, Behbud bəy Məşədi Əli bəy oğulları Şəfibəyovlar, Kərbəlayı Səməd, Kərbəlayı Qasım Məşədi Tağı oğlu, Mustafa Məmməd oğlu, Nəsir Əsəd oğlu, Talıb Ələsgər oğlu, Şirin Əli oğlu Xıdırlı, Əhməd Məmməd oğlu Abdallı Mahtəban xanımı qamarlayıb, vəliyevlərin evinə aparırlar. Behbud bəy siyirmə xəncər qapıda dayanıb heç kimi yaxına buraxmır. Polis və kazaklar gəlsə də, gənclərə yaxınlaşa bilmirlər. Polis işçisi Ağakişi Məmmədhəsən oğlu özünü irəli atsa da, yaralanıb geri qayıdır. Şuşanın hörmətli bəylərindən Aslan bəy Aslanov, Zəkəriyyə bəy Aslanov, İsfəndiyar bəy Rüstəmbəyov, Vəli bəy Hüseyn bəy oğlu Vəlibəyov, Həşim bəy Nərimanbəyov həyətə toplanıb cavanların başına ağıl qoyurlar. Mirzə Cəfər Seyid Məmməd oğlu xahiş-minnət etsə də, Behbud bəy Şəfibəyov heç kimi eşitmir.  
 
Camal bəy evə haya qaçır. Mirzə Fərzalı bəy qardaşıoğlu Şəfi bəylə hadisə yerinə gəlirlər. Praporşik Mirzə Fərzalı bəy tüfəng, praporşik Şəfi bəy Fətəlibəyov tapança ilə silahlanmışdı. Ev yiyələri Abış bəy və Hüsü bəy fətəlibəyovları sakitləşdirməyə çalışırlar. Behbud bəy əli xəncərli qapıda gəzinirdi. Pristav köməkçisi Bilanov da bu dəmdə gəlib çıxdı. Sonra Məhəmmədəli bəy Vəliyev (şair Məxfi) evə yaxınlaşdı. Evə daxil olub qızı İsfəndiyar bəy Rüstəmbəyovun vasitəsilə atasına təhvil verdi.
 
Bu hadisə ilə bağlı Mirzə Fərzalı bəy Fətəlibəyov Şuşa qəza məhkəməsinə şikayət etdi. Şikayətində bildirdi ki, həmin adamlar onun qızının 515 manatlıq qızıllarını soyublar. İstintaq başlayır. Öncə qızı danışdırırlar. O, bildirir ki, həqiqətən onun boyunbağını, «Qızılgül» sinəbəndini açıblar. Sonra Səlbinaz xanım danışır. O da qızının dediklərini təkrarlayır. Əlavə edir ki, qızının toqqasını da götürüblər. Sonra Balaxanım xanım istintağa bacısının və anasının dediklərini təkrarladı. Ondan sonra kiçik bacısı Əziz xanım deyilənlərə təzə heç nə əlavə etmədi.
 
Kərbəlayı Behbud bəy Şəfibəyov tutularkən bütün hadisə şahidlərini qarğamışdı: "Bizim niyyətimiz təmiz idi. İki gənci birləşdirmək istəyirdik. Sizi Xəlifəli ocağına tapşırıram!".
 
Bu hadisə sonralar çox qorxulu iz buraxdı. Mirzə Fərzalı bəy 1887-ci ildə öldürüldü. Onun arvadı Səlbinaz xanım Əsəd bəy qızı 1900-cü ildə evində boğuldu. Şahidlərdən Vəli bəy Vəlibəyov Taynaq kəndində xəncərlə öldürülmüş halda tapıldı. 
Zəkəriyyə bəy Aslanov müəllim kimi Bakıya köçdü. Həşim bəy Nərimanbəyov da Bakıya daşınmalı oldu.
Şair Məhəmmədəli bəy Vəliyev sonsuz vəfat etdi. 
Kərbəlayı Behbud bəy Şəfibəyovun qardaşı Mahmud bəy Gəncə həbsxanasında yatdı. Çıxandan sonra dəli oldu…
 
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

15:21