Süleyman bəy Mehmandarov: Nakam taleyin mehmanı..

Süleyman bəy Mehmandarov

Süleyman bəy Qarabağda tanınmış mehmandarovlar soyuna bağlıdır. Bu soyun ulu babası Abbas bəy Kəbirlidir. Abbas bəy ХVIII yüzilin ikinci yarısında Qarabağ xanlığının Kəbirli mahalının Hüsülü obasında yaşamışdı. İbrahimxəlil xan Sarıcalı-Cavanşirin mehmandarı  olmuşdu. O dövrdə Qarabağ  xanlığının  idarə  etmə  aparatında  bir  çox  hərbi  və  mülkü  vəzifələr  vardı. Bu  vəzifələrdən  biri  də  mehmandar  idi. Mehmandarın  vəzifə  borcu  xanlığa  gələn  fəxri  qonaqları  ölkənini  sərhəddində  qarşılayıb,  müəyyən  qonalqalarda  istirahət  etdirib,  paytaxta,  divan-dərbara  gətirmək  idi.

         Mehmandar Abbas bəyin Əli bəy, Vəli bəy, Şirin bəy, Məhərrəm bəy adlı oğlanları vardı.

         Vəli bəy Abbas bəy oğlu 1788-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Atasından sonra xanlığın mehmandarı olmuşdu. 1823-cü ildə Şuşa şəhərində qeyd olunmuşdu.

         Vəli bəy sonra doğma Hüsülü kəndinə köçmüşdü.

         Vəli bəyin Kazım bəy, Abbas bəy adlı oğlanları vardı.

Vəli bəy ikinci oğlu Abbas bəy 1833-cü ildə (bəzi sənədlərə görə 1813-cü ildə) Kəbirli mahalının Hüsülü obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbində rus dilini öyrənmişdi. Çar ordusunda xidmət etmişdi. Podporuçik rütbəsi daşıyırdı.

Abbas bəy Mehmandarov ordudan tərxis olunduqdan sonra Şuşa Qəza idarəsində çalışmışdı.

Abbas bəy Mehmandarovun Quberniya katibi mülki çini vardı.

Abbas bəy Mehmandarov 1854-cü ildə Vladimir lentində bürünc medal almışdı.

Abbas bəy Mehmandarov 1897-ci ildə vəfat edib.

Abbas bəyin Şükür bəy, Teymur bəy, Süleyman bəy adlı oğlanları vardı.

Abbas bəyin üçüncü oğlu Süleyman bəy 20 noyabr 1885-ci ildə Şuşa qəzasının Hüsülü obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa real məktəbini bitirmişdi. Daha sonra gimnaziyada təhsilini davam etdirmişdi. Onun 1909-cu ildə Peterburq Universitetinin hüquq fakültəsində oxuması haqqında bilgi var.

         Süleyman bəy Mehmandarov AXC dönəmində alay komandiri idi. Polkovnik rütbəsi daşıyırdı.

         Həmidə bəyim Cavanşir-Məmmədquluzadə yazır: “Söhbət gəzirdi ki, quldurlar Vəzirovun əmlakını talamaq, tar-mar etmək istəyirlər. Artıq teleqraf xətti qırılıb atılmışdı. Bu barədə Şuşaya, yenidən təşkil edilmiş Komitəyə xəbər edildi. Komitə Hindarxa yüzlərlə əsgər və zabit olan süvari alay göndərdi. Həmin alayın komandiri Süleyman Mehmandarov, böyük rəisi Ziyadxanov, yavəri isə İdris mirzə idi. Həmin yüzlərlə adam bizə gəldi və mənim evimdə qaldılar. Yüzlərlə adamı üç gün müddətində yedirtmək, yerləşdirmək və onların atlarını yemləmək elə də asan iş deyildi”. (Cavanşir, Həmidə xanım.  Xatirələrim, tərt., rus dilində tərc. M. Vəzir, red. Ə. Ş. Tahirzadə. - II nəşri. - Bakı : Apostrof, 2012. - 400 s.)

         Dostum, tədqiqatçı-jurnalist Vasif Quliyev Süleyman bəy Mehmandarovu Mirzə Əli bəy Mehmandarovun nəslindən, Abdulla bəyin oğlu hesab edir. (Quliyev V. Mehmandarovlar, Bakı, “Şuşa”, 2020) Bu qənaət yanlışdır.

         Süleyman bəy Mehmandarov 1918-ci ildə vəfat edib.

         Süleyman bəy Mehmandarovun övladı olmayıb.

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

23:05