Musa Əfəndiyev: Allah adamı

Musa Əfəndiyev ortada

 

Repressiya illəri. Azərbaycanda incidilən, sürgünə göndərilən minlərлə günahsız qurbanlardan biri də Musa Əfəndiyevdir.

Musa Qarabağda, onun bir guşəsi olan Böyük Mərcanlı kəndində məşhur olan əfəndiyevlər soyuna mənsubdur. Bu soy Otuziki elinin Mərcanlı oymağının Böyük Mərcanlı obasının Hacışirinli tayfasına mənsub idi. Tayfanın patronu Hacı Şirin 1807-ci  ildə  Qarabağ xanlığının Xırdapara-Dizaq mahalının Böyük  Mərcanlı  obasında  anadan  olmuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə  məşğul  idi. Müqəddəs  Məkkəyi-mükərrəmi  ziyarət  etmişdi.

           Hacı  Şirin  Sahilə  ilə  ailə  qurmuşdu. Xəlil,  İbrahim,  Mehrəli,  Vəlikişi,  Alı, Şükür,  Fərhad  adlı  oğulları  vardı.

Hacı  Şirinin  beşinci  oğlu  Alı  1861-ci  ildə  dünyaya  pənah  gətirmişdi. Heyvandarlıqla, qismən də əkinçiliklə  məşğul  idi.

          Alı  Məstan  Məmməd  qızı  ilə  ailə  qurmuşdu. Musa,  İsrafil,  Əfət,  Əvəz  adlı  oğulları,  Həyat  adlı  qızı  vardı.

          Musa Alı oğlu Əfəndiyev 1880-ci  ildə Cəbrayıl qəzasının Böyük  Mərcanlı  obasında dünyanı  tanımışdı. İbtidai təhsilini molla yanında almışdı. Sonra məktəbdə oxumuşdu.

         Çar üsul-idarəsinin maarif və mədəniyyətin qarşısına sədd çəkməsi dövlətin

strateji marağına uyğun gəldiyindən məmurlar müxtəlif bəhanələrlə mətbuatın inkişafına mane olurdular. Onlardan biri yerli ziyalıların artıq rusca qəzet oxuya bilmələri, digəri isə geniş kütlələrin savadsızlığı idi. Musa Əfəndiyev savadsızlığa qarşı mübarizə aparırdı. “Molla Nəsrəddin” jurnalını, “Həblülmətin” qəzetini oxuyur, həmkəndliləri arasında yayırdı. O, gənclik illərində camaatı bürümüş zülmət və mövhumatla çarpışırdı. Quranı əzbər bildiyindən heç kim onunla dini mübahisələrə girişmirdi.

Musa Əfəndiyev dindar bir ailədə pərvəriş tapdığından halallığı önə çəkmişdi. Harda çalışmağından asılı olmayaraq harama əl uzatmamışdı. 

         Cümhuriyyətin süqutundan sonra sovet rejiminə etiraz eləyən, nifrətini gizləməyən, Musa Əfəndiyev erməni Vartanovun qara siyahısına düşür.  Onu müsavatçı, xalq düşməni kimi damğalayırlar. Ha çək-çevir edirlərsə, boynuna bir iş qoya bilmirlər. Doğma obalarında da üzünə duran tapılmır. Suçu Allah adamı olması idi.

Fakt və sənədlərlə tanışlıqdan sonra bu şəxsin vətəni, xalqı yolunda gördüyü işlərin həqiqi mənzərəsi gözümüz önündə canlanır. DTX-nın arxivindən: “Əfəndiyev Musa Alı oğlu, 1873-cü il təvəllüdlü, həyat yoldaşı Qızca 1892-ci il, oğlu Məhəmməd Musa oğlu 1922, Zöhrab 1936-cı il, qızı Kifayət 1925-ci il, qızı Sürayə 1927-ci il. Sürgün edilsinlər”.  

         Sovet dönəmində Musa Əfəndiyevin başına gətirilən faciələri təsvir etməyə qələmin qüdrəti çatmaz. Allahın verdiyi günü zəhərə çevirilər. Hər gün bolşevik özbaşınalığı ilə üzləşir. Onların ata-baba mülklərini dağıdırlar. Həmkəndliləri ona İrana qaçmağı təklif edirlər. Ailənin vəziyyəti get-gedə çətinləşsə də, Musa Əfəndiyev dözüb durur. Ailəsinin gələcəyini düşünür.

1937-ci il. Bu ildə Azərbaycanın neçə-neçə düşünən beyinini, ağıl, zəka sahibini daşnak ermənilərin, şovinist rusların əli ilə güllələtmiş, sayı-hesabı məlum olmayan günahsız insanların, əsas da güllələnən şəxslərin ailələrini, yaxınları və qohumlarını Qazaxstanın ilan mələyən səhralarına sürgün etdirmişdilər.

10 may. Böyük Mərcanlı kəndindən Musa Əfəndiyevin və Molla Əhməd İmamqulu oğlu Davudovun ailəsi sürgünə göndərilir. Qatar tərpəndi. Yüzlərlə qoca, xəstə, hamilə qadın və körpələr yolların ağır əzabına dözməyib ömrünü başa vurdu.

Mətin əqidə sahibi olan Musa Əfəndiyev 10 may 1937-ci ildə ailəsi ilə birlikdə Qazaxıstana sürgün edilmişdi. Qazaxıstan SSR-nin Cambul vilayətinin Çu rayonunun Yeniyol (Novıy put) qəsəbəsində məskunlaşmışdı. Yayın qızmar istisi, qışda sazaq soyuğu onun ömrünü baltaladı. Qızmayan barakı isitmək üçün gizlətdiyi bəyazını, can köynəyini yandırmışdı.

Sürgünün örətdiyi bəlalara – aclıq, yoxsulluq, göz yaşlarına çətinliklə də olsa Musa Əfəndiyev dözürdü, ancaq üstəlik də barakları yoluxucu  xəstəliklər bürümüşdü. Xəstəliklərin qarşısını almaq, ölüm hadisəsini azaltmaq üçün heç bir tədbir görülmürdü. Neçə-neçə qoca, cavan, uşaq bu xəstəliklərin qurbanı oldu.

Vətənpərvərlik kimi ülvi hissi uca tutan Musa Əfəndiyev övladlarına vəsiyyət etmişdi: ölsəm, çalışın, yol tapın, geri qayıdın..

          Sürgün həyatının ağırlığına dözmədiyindən gözünün nurunu, sağlamlığını itirən Musa Əfəndiyev 1940-cı  ildə  vəfat  edib.

           Musa Əfəndiyev  Qızca  Cavid  qızı  ilə  yaşam  qurmuşdu. Məhəmməd, Zöhrab adlı oğlanları, Sürəyya, Kifayət adlı qızları var.

         Biz Musa Əfəndiyevin soy-sopu ilə bağlı kitab hazırlayırıq. Hazır olan kimi oxucuların ixtiyarına verəcəyik..

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

 

13:57