Hüseyn bəy Məmmədbəyov: Saybalının sayılanı...

Mal yiyəsi, mülk yiyəsi, hanı bunun ilk yiyəsi?! Yoxdu, atam balası yoxdu. Dünyada baqi olan bir kimsənə də yoxdu. Hamısı o dünyanı boylayıb. Nə aparıblar? Kəfənin cibi olmadığından rəhmətdən başqa bir şey sığışmır. Rəhməti də hər adam apara bilmir. Ömründə bir yetim sevindirməyən, bir dula dayaq olmayan, bir yıxılanı dikəltməyən nə aparasıdı? Savab cəhənnəm odundan sizi savacaq. Əməlisaleh olun. Bu bir dədə tapşırmasıdı. Əməl özünüzə qalıb. Söz uzaq düşməsin, biz bir Qarabağ bəyi haqqında söhbət açmaq istəyirik. Dayanaq yerimiz arxiv materialları, bir də xalq deyimləridir.  

Hüseyn bəy Şuşada, Qarabağda məşhur olan məmmədbəyovlar soyundandır. Bu soyun ulu babası Məmməd bəydir. Məmməd bəy 1798-ci ildə Kəbirli mahalının Saybalı-Zeynalabdinli obasında anadan olmuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.

         Kərbəlayı Məmməd bəyin törəmələri Məmmədbəyov soyadını daşıyırdılar.

         Kərbəlayı Məmməd bəyin Hüseyn bəy adlı oğlu vardı.

         Hüseyn bəy Kərbəlayı Məmməd bəy 1823-cü ildə Kəbirli mahalının Saybalı-Zeynalabdinli obasında doğulmuşdu. İbtidаi təhsilini mоllа yаnındа аlmışdı. Sоnrа Şuşa qəza məktəbini bitirmişdi. Çar ordusunda hərbi xidmətə başlamışdı. Don Kazak alayında bir çox döyüşlərdə iştirak etmişdi. Praporşik rütbəsi almışdı.

Hüseyn bəy Məmmədbəyov Polşada üsyanın yatırılmasında iştirak etmişdi. Üsyanın məqsədi Polşa Krallığının bərpası idi. Ruslar amansız Don kazaklarını oraya aparıb, əhalini şaşkadan keçirmişdi.

         Hüseyn bəy Məmmədbəyov ordudan tərxis olduqdan sonra Şuşa şəhərinə yerləşmişdi. Amma kəndlə, malikanəsi ilə əlaqəsini kəsməmişdi. Atını minib Saybalıdakı üzüm bağını gəzər, məhsulların toplanmasına nəzarət edirdi.

Hüseyn bəy Məmmədbəyov şairgunə bir kişi idi. Günlərin bir günü Ağdam bazarına baş çəkir. Nəsə aldığı mal üstündə satıcı ilə çəm-xəm edir. Satıcı ona üz tutur:

-A kişi, həm bəysən, həm də əfsər. Di gəl ki, nə alırsan birər-birər qurdalayırsan.

Hüseyn bəy də qayıdır:

-Saybalıyam, Sayıbalı,

Çək-çevir də ayıb olu.

Qınama Hüsü bəyi,

Aldığın sayıb alı...

 

Deyirlənə görə  Saybalı   kəndində  zalım  bir   kədxuda  varmış.  Onun  camaata   etdiyi   zülmün   həddi-hüdudu  yoxmuş.  Buna  görə  də    böyüklü-kiçikli   hamının   bir  arzusu  varmış:   “Bu  zalım  tez  öləydi”.

 Bir  səhər   kəndə   xəbər   yayılır  ki,   kədxuda  ölüb.  Camaatın  sevinci   yerə-göyə  sığmır.

Kədxudanın   övladı,   yaxın  qohumu   yoxmuş.  Arvadı   onun  ölümünü   kimə deyirsə,  heç  kəs  kədxudanın  dəfni  ilə  maraqlanmır.   Əlacsız  qalan  arvad  kəndin   ən  hörmətli   ağsaqqalı Hüseyn bəyin  yanına  gedib,   ondan  kömək  istəyir.  Hüseyn bəy   dərin  fikrə    gedir  ki,  camaatı   bu  işə   necə  cəlb  etsin?  Çox tərəddüddən  sonra   ağsaqqalıq  qüruru   onun  qəzəbinə  üstün  gəlir:

Arvadını  çağırıb  deyir:

-Sən  get,  mən  də  kömək  gətirib  gəlirəm.

Hüseyn bəy  hər  kənddən   bir  nəfərə   tapşırır  ki,  adamları   kədxudanın  həyətinə  toplayın.  Özü  isə  hamıdan  qabaq  ora  gedib  həyətə  camaatı  gözləyir.

Kədxudanın   əzab-əziyyət  görmüş   kəndlilər  onun  dəfnininə  çox  könülsüz  gedirlər.  O,  vaxtdan  da  işə,  bir   çağırışa   könülsüz,  ayağını  sürüyə-sürüyə  gedənlər  haqqında   deyilir:

  • “Elə   tərpənirsən  ki,  elə   bil  Saybalı  yasa  gedir”.

         Hüseyn bəyin Məmmədbəyovun Mahmud bəy, Bəylər bəy, Xanlar bəy adlı oğlanları vardı (ARDTA, fond 400, siyahı 4, iş 2441, v.3).

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

13:54