DQMV-nin yaranmasına etiraz edən doktor

Qarabağın tanınmış həkimlərindən olan Rüstəm doktor əliyevlər soyuna bağlıdır. Bu soyun ulu babası Novruzəli əslən Kəbirli mahalındandır. Şuşada «Keçəl Novruzəli» kimi tanınırdı. Qəhrəman bəy Məhəmmədəli bəy oğlu Kəbirlinin rəiyyəti idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. 
Kərbəlayı Novruzəlinin törəmələri Əliyev soyadını daşıyırdılar.

Kərbəlayı Novruzəli Şəhribanu ilə ailə qurmuşdu. Məmmədhəsən, Qasım, Cəfər, Paşa adlı oğlanları vardı.

Babası Qasım Kərbəlayı Novruzəli oğlu 1809-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Ticarətlə məşğul olmuşdu. II gildiya tacir idi. Əvvəlcə Məşhədi-müqəddəsi, sonra Kərbəlayi xaki-paki, daha sonra Məkkəyi-müşərrəfi ziyarət etmişdi.

Hacı Qasım Xeyrənsə ilə ailə qurmuşdu. Əli, Əkbər, Rəhim, Səlim adlı oğlanları vardı.

Atası Səlim Hacı Qasım oğlu 1853-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Ticarətlə məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Səlim Əliyev 1938-ci ildə repressiyaya uğrayıb.
Məşədi Səlimin Rüstəm adlı oğlu vardı.

Rüstəm Məşədi Səlim oğlu Əliyev 5 oktyabr 1893-cü ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Real məktəbi bitirmişdi. Daha sonra 1 sentyabr 1904-cü ildən 4 iyun 1912-ci ilədək Yelizavetpol (Gəncə) kişi gimnaziyasında oxumuşdu. 1912-ci ildə Kiyev Müqəddəs Vladimir Universitetinin tibb fakültəsinə qəbul olmuşdu. 1919-cu ildə universiteti tamamlamışdı. Bir müddət Kiyevi alan qırmızıların dəstəsində döyüşmüşdü. Ağqvardiyaçılar qalib gələndən sonra işsiz qalmışdı. 1920-ci ildə Kiyevdə sovet hakimiyyəti qurulandan sonra yenidən xidmətə qatılmışdı. 

Rüstəm Əliyev 1920-ci ilin sentyabr ayında Bakıya, Azərbaycan SSR Xalq Səhiyyə komissarlığının sərəncamına göndərilmişdi. Binəqədidə həkim kimi çalışmışdı. Sonra Mərdəkan xəstəxanasında işləmişdi.

Rüstəm Əliyev 1922-ci ildə Şuşa şəhər xəstəxanasına müdir göndərilmişdi. 

Rüstəm Əliyev 1923-cü ildə Şuşa şəhər xəstəxanasının müdiri idi. O, şəhərin ictimai-siyasi həyatında fəal iştirak edirdi. Onun doğma şəhəri Dağlıq Qarabağ Muxtar vilayətinin tərkibinə verilərkən etiraz edən qeyrətlilərdən biri olmuşdu. Şuşa şəhərinin səlahiyyətli nümayəndələri Rüstəm Əliyev, İbrahim Musayev, Bəşir Sarabi və Hacı Şəmşiyev 1923-cü il avqustun 9-da şəhər əhalisi adından Azərbaycan MİK-ə göndərdikləri ərizədə bir əsrdən çox Qarabağın rus militarizminin tapdağı altında olduğuna diqqət yetirir, rejimin qara qüvvələrini xalqlar üzərinə göndərdiyini, Qarabağın mərkəzi olan Şuşa şəhərinin dağıdıldığını, sovetləşmənin bu qardaş qırğınına son qoyduğunu, Şuşa şəhərinin və qəzasının Kürdüstan ilə bütün sahələrdə, o cümlədən iqtisadi baxımdan bağlı olduğunu yazaraq, bu xahişlərinin rədd edilməməsini istəyirdilər. Yazırdılar ki, əgər hər hansı dövlət və digər mülahizələrdən bizim istəyimiz yerinə yetirilməsə, onda Dağlıq Qarabağın mərkəzi Şuşada saxlanılsın və Xankəndinə keçirilməsin. Ərizə müəllifləri məsələləri yerində öyrənmək üçün partiya komissiyası göndərilməsini xahiş edirdilər. (Заявление уполномоченных гор. Шуши Рустама Алиева, Ибрагима Мусаева, Башира Сараби и Гаджия Шамшиева в АзЦИК. 09.08.1923. – ARSSA, f.1, siy.4, iş 51, v.36-37.) 

1923-cü ilin dekabr ayından Kürdüstan qəza səhiyyə şöbəsinin və Laçın şəhər xəstəxanasının müdiri təyin edilmişdi. 27 avqust 1927-ci ilə qədər həmin vəzifəni icra etmişdi.

Rüstəm Əliyev 1932-ci ildə vəfat edib. Bəzi məlumatlara görə onu ermənilər zəhərləmişdilər.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

xudaferin.eu

19:24