Məşədi Muxtar bəy Zeynalov: həm savaş, həm savadlan..

Məşədi Muxtar bəy Şuşada, Qarabağda tanınmış zeynalovlar soyuna mənsubdur. Bu soyun ulu babası İsaxan bəy Kəbirli mahalının Qurd-Gürcüstan obasında anadan olmuşdu. Molla yanında təhsil almışdı. İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi. Ailəsi ilə birlikdə Şuşa şəhərinə köçmüşdü.

Məşədi İsaxan bəy Xanım xanımla ailə qurmuşdu. Zeynal bəy, Mustafa bəy, Talıb bəy, Gülməmməd bəy adlı oğlanları vardı. [ARDTA, fond 10, siyahı 1, saxlama vahidi 81, vərəq 123.]. 

Zeynal bəy Məşədi İsaxan bəy oğlu 1782-ci ildə (bəzi mənbələrə görə 1789-cu ildə) Şuşa şəhərində doğulmuşdu. Molla yanında təhsil almışdı. Ticarətlə məşğul idi.

Zeynal bəyin törəmələri Zeynalov soyadını daşıyırlar.

Zeynal bəy Səkinə xanımla ailə qurmuşdu. Əsəd bəy, İbad bəy, Kərim bəy, Allahverdi bəy adlı oğlanları vardı. [ARDTA, fond 29, siyahı 1, saxlama vahidi 9, vərəq 133.]. 

Zeynal bəyin ikinci oğlu İbad bəy 1826-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında təhsil almışdı. Ticarətlə məşğul olmuşdu. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.

Kərbəlayı İbad bəyin Muxtar bəy, Həmid bəy, Kərim bəy, Firudin bəy  adlı oğlanları vardı. [ARDTA, fond 10, siyahı 1, saxlama vahidi 81, vərəq 123.]. 

Muxtar bəy Kərbəlayı İbad bəy oğlu Zeynalov 1845-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında təhsil almışdı. Ticarətlə məşğul olmuşdu. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi Ziyarət etmişdi.

Məşədi Muxtar bəy Zeynalov Tərtər stansiyasına köçmüşdü. Burda ticarətlə məşğul olur, fayton üçün at saxlayırdı.

Məşədi Muxtar bəy Zeynalov Difai partiyasının Tərtər şöbəsinin üzvü idi. Məşədi Alim İsmayılov, Məşədi Dadaş bəy Muradxanov, Məşədi Fərhad bəy Vəlibəyovla bərabər partiyaya rəhbərlik edirdi. [Документы по русской политике в Закавказье. Вып.1, Баку, 1920, с.22] O, həm də təbliğat işinə baxırdı. Əhalini təşviq edirdi ki, erməni tacirlərindən mal almasın.

“Qarabağ Birlik Məclisi”ndə, eləcə də bütün “Difai” partiyasında tacirlərdən ibarət böyük bir təbəqənin mövcud olması proqramda ticarət haqqında ayrıca bölmələr olmasını şərtləndirmişdi. Ticarətdə qayda yaratmaq və suiistifadə hallarına son qoymaq nəzərdə tutulurdu. Bu halda

Azərbaycanda həm sənayeni, həm də ticarəti sırf milli istiqamətdə inkişaf etdirmək lazım idi. Əsas tələb ondan ibarət idi ki, “müsəlmanlar başqa millətlərə deyil, özümüzə xeyir vermək üçün yalnız müsəlmanlardan mal alsınlar”. [ГИААР: Ф.524,оп. 1, д.18, л.27.]

         Bu kimi təbliğatların nəticəsində Qarabağın türk-müsəlman tacirlər varlanmışdılar. Həmin dövrdə ticarətin səviyyəti özünəməxsus mal dövriyyəsinə görə fərqlənirdi, ticarət əlaqələrinin əhəmiyyətli dərəcədə inkişafı nəzərə çarpırdı. Bu isə Qarabağın Şuşa, Bərdə, Qaryagin, Ağdam, Cəbrayıl və Tərtər kimi yaşayış məntəqələrinin intensiv şəkildə xarici ticarətə cəlb olunmasına gətirib çıxartdı. Ticarət sahəsində məhz bu cür sıx əməkdaşlıq həmin məntəqələrin sonradan daha da güclü inkişafına səbəb oldu.

         Döyüşkən partiya kimi yaranmasına və rus rəhbər orqanlarının nümayəndələrinə qarşı bir sıra qətl tədbirlər keçirməsinə baxmayaraq, "Difai” partiyası yalnız hərbi məqsədlər  güdmürdü. Partiya  türk-müsəlman  əhalini  erməni  qırğınlarından xilas  etməyi, həm  də  müsəlmanların  maariflənməsi  uğrunda  mübarizə  aparmağı özünün başlıca məqsədi elan etmişdi. Məşədi Muxtar bəy Zeynalov Tərtərdə ilk məktəbin binasını qoyan şəxslərdən idi.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

 

 

 

19:11