Baxış bəy Yusifbəyov: “Difai”çilərin jurnalisti

Baxış bəy Qarabağda, Şuşada tanınmış yusifbəyovlar soyundandır. Bu soyun ulu babası Cəfər bəy xanlıq dönəmində yaşayıb. Xanlığın sözükeçən, sayılan, möhtərəm adamları cərgəsində idi. Yazıya, kitaba önəm verərdi.

Cəfər bəy oğlu Yusif bəyi oxudub, söz-savad yiyəsi elədi.

Mirzə Yusif bəy İbrahimxəlil xanın, Mehdiqulu xanın divanxanasında katib kimi çalışmışdı. Yaxşı işinə, yarıtqan əməlinə görə Xaçın mahalının Qarakötük kəndini yiyul almışdı, sonra mülk kimi idarə etməyə başladı.

Mirzə Yusif bəyin varisləri Haşım bəy, Hacı bəy bu kəndin bar-bəhrəsi ilə dolanırdılar.

Haşım bəy Mirzə Yusif bəy oğlu 1804-cü ildə Şuşa şəhərində anadan olmuşdu. O da atası kimi savadlı idi. Mirzə ünvanı daşıyırdı. O da çalışmışdı ki, övladlarına təhsil versin.

Mirzə Haşım bəy Nisə xanım Qəhrəman bəy qızı ilə ailə qurmuşdu. Oğulları Yusif bəy, Qəhrəman bəy varlı-hallı olsalar da, oxumaqdan qalmadılar. Bu bəylər Yusifbəyov soyadını daşıyırdılar.

II Yusif bəy Mirzə Haşım bəy oğlu Yusifbəyov (1844-1914) dövlət məmuru idi. Həm də mülkədar kimi mülkünü idarə edirdi.

II Yusif bəy Mahtəban xanım Qasım bəy qızı Mehmandarova ilə ailə qurmuşdu. Baxşəli bəy, Bahadur bəy adlı oğlanları, Qönçə xanım adlı qızı vardı.

Baxşəli bəy Yusif bəy oğlu 12 noyabr 1879-cu ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Ailədə Baxış çağrıldığından bu adla tanındı. 1902-ci ildə Gəncə gimnaziyasını bitirmişdi. 14 yanvar 1904-cü ildə Cavanşir qəzasına tərcüməçi təyin edilmişdi. 10 dekabr 1904-cü ildə Cavanşir qəza idarəsinin mülki şöbəsinə pristav vəzifəsinə dəyişilmişdi.

Baxış bəy Yusifbəyov klassik Azərbaycan və Şərq ədəbiyyatının dərin bilicisi idi. Ədəbi və publisistik yaradıcılıqla daim məşğul olmuşdu. O dövrdəki cəmiyyətin ziddiyyətlərini göstərir, yeni meyillərin təqdiri verir, köhnəliklə təzəliyin mübarizəsini işıqlanırırdı və üstünlüyü ikinci tərəfə verirdi. XX yüziliyin əvvəllərindəki mürəkkəb və ziddiyyətli həyatımızın gerçəkliklərini qələmə alaraq insanları alicənablığa, mənəvi-əxlaqi təmizliyə çağırırdı. B. Yusifbəyov sözün qədrini bilən, onu yerində və məharətlə işlədən qələm əhli olduğundan hər bir tənqidinin hədəfi var idi. İdeyasızlığı, qayəsizliyi sevməyən, həmişə yüksək amallarla yaşayan və bu amallar uğrunda mübarizə aparırdı.

Baxış bəy Yusifbəyov tərcüməçi idi. Rus dilindən ədəbi parçaları, məqalələri dilimizə çevirirdi. Məmməd Səid Ordubadi “Qanlı sənələr” adlı əsərində qeyd edir ki, cənab Baxış bəy Yusifbəyov rus jurnallarından məqalələri tərcümə edib göndərir.

Baxış bəy Yusifbəyov jurnalistika ilə də məşğul olurdu. “Difai” təşkilatının üzvü kimi həm erməni millətçilərinə qarşı mübarizə aparır, həm də onların əməlləri haqqında yazı dərc etdirirdi. Məmməd Səid Ordubadi yazır: “Hörmətli müxbirimiz Yusifbəyov cənablarına!

Hörmətli cənab! Siz göndərdiyiniz Cavanşir faciələrinə bir neçə yerdən əlimizə keçən məlumatlardan əlavə etdiyim kimi, burada da bir neçə əlavə söz deməkdə özümü ixtiyarlı və üzrlü hesab edirəm. Əzizim! Siz öz Cavanşir bəylərinizi bu qədər tərif etməkdə yəqin ki, camaatı onların ləyaqətli rəftarından xəbərdar etmək istəyirsiniz?

Əfəndim! Qafqazın hər nöqtəsində ki, erməni-müsəlman faciəsi zühur etmiş o yerlərin rəisləri son dərəcə soyuq hərəkət edib millətin barəsində nəhayət dərəcədə xəyanətlər də etmişlər. Çox olub, böyüklərdən qeyrət sahibləri çıxmışdır. Bununla bərabər, qeyrəti olmayanların qələbəsi olmuşdur. Sizin də yazılarınızdan məlum olur ki, Cavanşir bəyləri biqeyrətlik mərtəbəsinin axırına qədər əl aparmışlar. Onları tərif etməkdə çox da təlaş eyləmə! Cavanşir bəylərindən bir neçəsi də Zəngəzurda otururlar. O cənablar da millətin halını çox pərişan etdilər. Bir neçə dəfə «İrşad'» vasitəsilə onlara intibahnamə yazdımsa da, özlərinə layiq də cavablar aldım. Mənim zənnimcə, yer üzündə mərhum Əhməd bəy Cavanşirdən başqa Gəncə quberniyasında Cavanşir familiyasını daşıyan bir zati-qeyrət qalmamışdır.

İncimə, əziz qardaşım! (Məmməd Səid Ordubadi. Qanlı illər. Bakı, «Qafqaz» nəşriyyat evi, 2007. — 184 s.s.68)

Baxış bəy Yusifbəyov: “Difai”çilərin jurnalisti
Tarixi faktlara sadiq qalan dəqiq tədqiqatçı düşüncəsi və təcrübəsinə, intellektual araşdırıcı zəkasına malik olan publisist Baxış bəy Yusifbəyov “Difai” təşkilatının əməli haqqında xalqa bilgi verməyə nail olmuşdur.

Oxuduqlarımdan aldığımız dərs budur ki, tarixçinin mənbələri yaxşı bilməsi və layiqli əsərlər yazması eyni zamanda müasir dəyərlərin daha yaxşı təqdir edilməsinə imkan verir. Tarixi oxucuya çatdıran tarixçilərdir. Tarixçi tarixdən kül yox, od götürməlidir. Tarixinin ən parlaq səhifələrini sevgi və şövq ilə xalqına çatdırmalıdır. Xalqının təkcə məhdud, lokal tarixini deyil, dünya siyasətində tutduğu yeri qabartmalıdır. Mənfiliklərdən isə ibrət almağa kömək etməlidir.

Məlum olduğu kimi, tədqiqatçı tərəfindən araşdırılan tarixi hadisə və prosesləri doğru qoymaq, onlara düzgün yanaşmaq, elmi əsaslandırılmış nəticələr çıxarmaq və xalqda düzgün tarixi bilik formalaşdırmaq xeyli çətin və mürəkkəb bir işdir. Bundan ötrü tədqiqatçının yüksək araşdırıcılıq məharəti və tarixi tədqiqatların metodologiyasına dərindən yiyələnməsı lazımdır. Onda hər faktı öz yerinə qoyacaq…
Baxış bəy Yusifbəyov: “Difai”çilərin jurnalisti
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

16:25