Xasay bəy Adıgözəlov: sürgün, sınaq və sitəm..

Xasay bəy Qarabağda, onun guşəsi Ağcabədidə tanınmış olan adıgözəlovlar soyuna mənsubdur. Bu soyun ulu babası Məhəmmədqulu bəydir. Məhəmmədqulu bəy XVIII yüzildə dövran sürmüşdü. Qarabağ xanlığının, Dəmirçihəsənli elinin, Təklə-Qaradolaq obasının yüzbaşısı olmuşdu.

Məhəmmədqulu bəyin Dərvişqulu bəy adlı oğlu vardı.

Dərvişqulu bəy Məhəmmədqulu bəy oğlu Qarabağın Dəmirçihəsənli mahalının Təklə-Qaradolaq obasında doğulmuşdu. Molla yanında oxumuşdu. Atasından sonra obalarına başçılıq еtmişdi.

Dərvişqulu bəyin Adıgözəl bəy, İmamqulu bəy, Məhəmməd bəy, Rzaqulu bəy adlı oğulları vardı.

Adıgözəl bəy Dərvişqulu bəy oğlu Dəmirçihəsənli mahalının Təklə-Qaradolaq obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Obalarının yüzbaşısı olmuşdu. Mеhdiqulu xan Cavanşirə xidmət еtmişdi. Xan İrana qaçandan sonra ruslara işləmişdi. Qardaşı İmamqulu bəylə bərabər Dəmirçihəsənli mahalını idarə еtmişdilər. Praporşik hərbi rütbəsi almışdı. Qarabağda Təklənski soyadı ilə tanınırdı. Törəmələri Adıgözəlov soyadını daşıyırlar.

Adıgözəl bəy böyük mülkədar idi. Şuşa şəhərində imarətə, rəiyyətlərə, Qaradolaq, Şahsеvən adlı obalara, Kürətan torpağında mülklərə yiyələnmişdi.

Adıgözəl bəyin Hümbətəli bəy, Atakişi bəy, İbiş bəy, Sadıq bəy, Məmməd bəy adlı oğulları vardı.

Adıgözəl bəyin dördüncü oğlu Sadıq bəy 1824-cü ildə Dəmirçihəsənli mahalının Qaradolaq obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Ata mülkünü idarə еtməklə kеçinirdi.

Sadıq bəyin Bəylər bəy, Xanlar bəy, Aslan bəy, Tеymur bəy, Rüstəm bəy, Firudin bəy, Azad bəy adlı oğulları vardı.

Sadıq bəyin ikinci oğlu Xanlar bəy 1854-cü ildə Şuşa qəzasının Kəbirli sahəsinin Qaradolaq obasında anadan olmuşdu.

Xanlar bəyin törəmələri sovet dönəmində Xanlarov soyadını daşıyırdılar.

         Xanlar bəyin Xasay bəy, Həsən bəy adlı oğulları vardı.

Xasay bəy Xanlar bəy oğlu Adıgözəlov 1880-ci ildə  Şuşa qəzasının  Qaradolaq obasında doğulmuşdu.İbtidai təhsilini kənd mollaxanasında almışdı. Sonra Ağcabədi kənd rus-tatar məktəbində oxumuşdu.

         Xasay bəy Adıgözəlov mülkədar idi. Atasındanqalma mülklərini idarə etməklə güzəran keçirirdi.

         1930-cu ildə Xasay bəy Adıgözəlov tutulmuşdu. Oğlu Bəylər bəyin xatirəsindən: “1930 - cu ilin fevral ayının əvvəlində bacım  Qənirə 4 - 5 gün idi ki, dünyaya göz açmışdır, hələ adı da qoyulmamışdı. Kür sahilindəki böyük bağda olan  evimizdə səhər tezdən 5 - 6 nəfər orqan işçilərinin iştirakı ilə çox ciddi  axtarış aparıldı. Sən demə atamı ov adı ilə Mehmana (Mehman gölü) aparıb orada həbs ediblər.

      Axtarışda kənd əhalisindən, qohum - əqrabamızdan da iştirak edirdilər. Onlar bu əməliyyata şahid kimi  cəlb edilmişdilər.

      Evdə qadağa olunan nə varsa götürüldü. Axtarışda Ağcabədi rayon NKVD rəisi Ənvər Əliverdiyev özü şəxsən iştirak edirdi. Götürülən şeylər qızıl məmulatları (zinət kimi istifadə edilənlərdən başqa) akta yazıldı. İştirak edənlər imza atdılar. Bizim tərəfdən anam, əmim arvadı Sitarə bibi və atamın əmisi oğlu İsfəndiyar  bəy imza atdılar.

         Aktın bir sürətini bizə verdilər. Onlar gedəndən sonra anam buxarının qabağındakı  odunların altına baxdı və çox həyəcanlı halda dedi:

     - Mən  buraya qoynumdakı qızıl düyünçəsini atmışdımki  axtarışda ələ keçməsin, yəqin kimsə götürüb.

      Bu hadisədən iki gün sonra  rayonda milis nəfəri işləyən  kürd Hətəm odun aparmaq adıyla  kəndimizə gəlib, həmin qızıl bağlısını (düyünçəsini) anama verib dediki Sürmə xanım sən bu torbanı  ora atanda mən gördüm,  götürüb şnelimin altında gizlətdim.

       Anam bu hörmətin müqabilində  Hətəmə bir neçə qızıl onluq  vermək istədi, lakin  Hətəm qəbul etmədi və  dedi ki, xanım, mən sizin evdə bir batman duz - çörək yemişəm.

      Əlilə bizi göstərərək dedi ki, mən bu körpələrin malını götürmərəm.

     Anam  bu məsələni 1935 - 36 cı illərə qədər qorxusundan əmimə demədi...

      Atamın hara göndərilməsi barədə  heç bir məlumat yox idi. Bir neçə gündən sonra məlum oldu ki, onu  Şuşa həbsxanasına aparıblar.

...Şuşadan xəbər gəldi ki, atama 3 il həbs cəzası verilibdi.

       Anam  yüngül bir yorğan - mütəkkə, dəmir kuruşka, yun corab və sair şeyləri bir torbaya yığıb Şuşaya getdik. Orada qəssab Xuluş adlı  birisinin evində qaldıq. İki gündən sonra atamgili Yevlağa yola saldılar. Bizdə bir faytonla onu müşayət  etdik. Götürdüyümüz şeyləri Ağdamda ona verdik, 10 - 15 dəqiqə də görüşmək imkanı oldu. O, məni öpdü  xeyli ağlayıb ayrıldıq.

     Atam bildirdi ki, bizidə sürgünə göndərə bilərlər. Odur ki, anamı boşamaq barədə qardaşı  Həsən bəyə vəkalət yazmış və onu türmə rəhbərliyinə təsdiq etdirmişdi.

      Biz Ağcabədiyə gələndən sonra əmim anamın boşanmaq ərizəsini götürüb  rayona getdi. Anam boşanmaq aktını aldı.

      Boşanma barədə bu aktın  çox böyük əhəmiyyəti oldu. Belə ki, həmin ilin aprel ayında bizim ailənin  sürgünə göndərilməsi məsələsi qaldırıldı.

      ...Anam qohumlarımızın məsləhəti ilə böyük bacımı Tiblisidə yaşayan dayım Bahadur bəy Novruzbəyovgilə göndərdi. Təzə anadan olan, iki ayı tamam olmamış  bacım Qənirəni atamın  hörmət etdiyi nökəri  şirvanlı  Nəbi  lələnin arvadı  rəhmətlik Nigara verdi ki, arvad onu özünə öyrətsin. Beləliklə kənd sovetliyindən alınan arayışda anamın, bacım Şükufənin, mənim və Şükürün adı qeyd edildi.

      Bir neçə gün keçməmiş hökümət  nümayəndələri milislərlə bizə gəldilər. Əvvəlcə meşədə olan xam at sürüsünü kəndin ortasına gətirib  saydıqdan sonra Lənbəran kəndindəki  at fermasına, yerdə qalan  inək - camışıda oradakı Haqul deyilən sahəyə və qoyunları Mil qoyunçuluq sovxozuna yola saldılar. Ev əşyalarınıda yığıb arabalarla Ağcabədiyə, hərraca apardılar.

      Bundan iki - üç gün keçmədiki,  bizi və bir neçə başqa ailələri  yüngül yüklə paromla Zərdaba gətirdilər. Oradan araba ilə Ucar,  dəmir yol stansiyasına apardılar. Səhəri günü  Bakıya gətirdilər. İndiki dəmir vağzalının yerində taxtadan uzun naveslərdə rayonlardan sürgünə düşən ailələr burada saxlanılırdı. Biz də burada yerləşdirildik.

    Sürgünə düşənləri aparmaq üçün Qazaxıstandan hərbi formada nümayəndələr gəlmişdi. Məlum oldu ki, 66 ailə şimali Qazaxıstanın Enlenşilik rayonunun Blaqadatnoye kəndinə aparılacaq.

      Həmin günün səhəri nənəmin qohumu doktor  Rzaqulu və Əliş bəyin atası  doktor  Cəmil Lənbəranski gəlib anamı kənara çağırdılar və 10 - 15 dəqiqə söhbət etdilər. Anam onlara bildirdi ki, qayınım Həsən bəy məni boşatdırıb və  bu barədə aktımda var. Onlar anama dediki, sən bu  barədə Trotskinin adına  Moskvaya teleqram vur. Belə də oldu. İki gün keçmədi ki, teleqrama müsbət cavab verildi. Bizi kamendaturaya apardılar və əhf olunmaq barədə  arayış verdilər. Biz oradan geriyə - kəndimizə qayıtdıq.”

    ... Üç ildən sonra  Xasay bəy azad olub  Ağcabədiyə  gəlir. Ancaq onun burada yaşaması qadağan olunduğundan  24 saat ərzində  rayonu  tərk etməli olur. O, vaxtın qanununa görə sürgündən qayıdan sürgündən sonra öz daimi yaşayış yerindən 100 - 150 km aralıda yaşamalı idi.  Beləcə  həbsxana həyatından qurtarıb mühacir həyatına düşür Xasay bəy.

         Ailəsi ilə birgə 2 il Tiblisdə, 2il Bakıda, 6 il Göyçayda, 1 il də Kürdəmirdə yaşayır”.

         Xasay bəy Sürmə xanıım Rəhim bəy qızı Novruzbəyova ilə ailə qurmuşdu. Bəylər bəy, Şükür bəy adlı oğlanları, Şükufə xanım, Diləfruz xanım, Roza xanım, Qənirə xanım adlı qızları vardı.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

 

 

14:07