Qulamrza bəy Qasımbəyli: Universitetin ilk azərbaycanlı müəllimi

O, əmək fəaliyyətinə sinif müəllimi kimi başlasa da, sonrakı fəaliyyətində elmi məşğuliyyəti ilə pedaqoji fəaliyyətini bir vəhdətə gətirə bildi. Həm şəxsiyyət kimi mükəmməl, həm də alim, ziyalı kimi məktəbdə, cəmiyyətdə böyük nüfuza sahib oldu. Kimdir o? 

Qulamrza bəy kökcə Cavanşir elinin Sarıcalı oymağına bağlıdır. Pənahəli xanın kiçik qardaşı Behbudəli ağanın soyundan gəlir. Behbudəli ağanın Əbdüssəməd bəy, Mirzalı bəy, Qasım bəy adlı oğlanları vardı.

Babasının babası Qasım bəy Behbudəli ağa oğlu Şuşa şəhərində dünyaya boy göstərmişdi.  Mükəmməl  saray  təhsili  almışdı. Öncə  xanlığın  qoşununda, sonra  rus  ordusunda  xidmət  еtmişdi. Ştabs-kapitan  rütbəsi  vardı.

Qasım bəy 1810-cu ildə kapitan rütbəsində idi.

Qasım bəyin törəmələrindən bəziləri Qasımbəyov soyadını daşıyırlar.

Qasım  bəyin  Fəzləli  bəy,  Fərzalı  bəy,  Baxşalı  bəy, Kazım bəy,  Ağalar  bəy,  Bəylər  bəy,  İsfəndiyar bəy, Rüstəm  bəy   adlı  oğulları,  Tumar  bəyim,  Xanım  bəyim,  Gilə  bəyim, Balaxanım bəyim, Qızxanım bəyim   adlı  qızları  vardı.

 

Ulu babası Hacı Bəylər bəy Qasım bəy oğlu Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə  təhsili  almışdı. Əvvəlcə əmisi oğlu İbrahimxəlil xana, sonra Mehdiqulu xana xidmət etmişdi. Qarabağ xanlığının adlı sərkərdələrindən idi.

Hacı  Bəylər  bəy  vəfat  еdəndən  sonra  mülkünü  oğulları  Nəcəfqulu  bəy,  Məmməd  bəy,  Abdulla  bəy,  Abbasqulu  bəy  və  Yusif  bəy  idarə  еdirdilər.

 

         Babası Nəcəfqulu  bəy Hacı  Bəylər  bəy  oğlu 1808-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu. Mədrəsə  təhsili  almışdı. 1826-cı ildə əmisi Hacı Ağalar xanla qiyam qaldırıb İrana qaçmışdı. 1827-ci ildə Mеhdiqulu xanla bərabər İrandan dönmüşdü.

Nəcəfqulu  bəy  Mirzə  Camal  bəy Cavanşirin  qızı   Hürzad xanımla  yaşam  qurmuşdu. Bəylər  bəy,  Cəfər  bəy,  Qəhrəman  bəy,  İmamqulu  bəy,  Hüsеynəli  bəy  adlı  oğulları  vardı.

 

         Atası Cəfər  bəy  Nəcəfqulu  bəy  1833-cü  ildə  Şuşa şəhərində dünyaya  göz  açmışdı. Məktəb  təhsili  almışdı. Ata mülkü Güləbürd kəndini idarə еtməklə güzəran kеçirirdi. Müqəddəs Kərbəla torpağını ziyarət еtmişdi.

         Kərbəlayı   Cəfər  bəy Əzət xanım Hüseyn bəy qızı Hacıyeva ilə ailə qurmuşdu.  Sadıq  bəy, Qulamrza bəy, Qulam bəy  adlı  oğlanları, Bəyim xanım adlı qızı  vardı.

 

Qulamrza bəy Cəfər bəy oğlu 1889-cu ildə Zəngəzur qəzasının Güləbürd kəndində anadan olmuşdu. İbtidai təhsili molla yanında almışdı. Sonra Yelizavetpol (Gəncə) 4 sinifli gimnaziyasında oxumuşdu. 1 sentyabr 1909-cu ildə gimnaziyanı tamamlamışdı. Zəngilan kənd məktəbinə müdir təyin olunmuşdu. 18 iyul 1912-ci ilin sənədlərinə görə hələ həmin məktəbdə çalışırdı.

 

Qulamrza bəy Qasımbəyli bir müddət doğma kəndlərindəki məktəbin naziri, müdiri olmuşdu. 1 sentyabr 1919-cu ildə Şuşa ali ibtidai məktəbdə müəllim işləmişdi. AXC dönəmində Dövlət Müdafiə komitəsində işlər müdiri vəzifəsində çalışmışdı.

 

Q. Qasımbəyli  Bakı Universitetində Azərbaycan dili kafedrasında işə başlamışdı. Kafedranın əsası 1919-cu ildə qoyulmuşdur. Universitetdə ilkin tədris olunan fənlərdən biri türk (Azərbaycan) dili olmuşdur. Belə ki, Bakı Dövlət Universiteti təsis olunarkən (1919) təhsil rus dilində aparıldığından dövlət dili olan türk (Azərbaycan) dili öyrədilirdi. Bu ondan irəli gəlirdi ki, universitetin hazırladığı kadrlar Azərbaycan respublikasının əsas əhalisinə - azərbaycanlılara xidmət göstərməli idilər. Sonralar universitetin türk (Azərbaycan) və rus bölmələri mövcud olanda Azərbaycan bölməsində rus, rus bölməsində isə türk (Azərbaycan) dili keçilirdi. İlk illərdə türk (Azərbaycan) dili 10 semestrdə tədris edilirdi. Bu illərdə onun tədrisi ilə yazıçı-dramaturq Ə.Haqverdiyev, dövrünün görkəmli ziyalıları Qədim bəy Şaxtaxtinski, Qulamrza bəy Qasımbəyli məşğul olurdular.
         

1930-cu ildə müstəqil Tibb İnstitutu təşkil olunanda ayrıca dillər kafedrası yaradıldı ki, onun da tərkibində Azərbaycan dili müəllimləri mühüm yer tuturdular. O zaman kafedraya Azərbaycan dili müəlliminin - Qədim bəy Şaxtaxtinskinin rəhbər təyin olunması da ana dilimizə göstərilən qayğının nəticəsi idi.
         

 1932-ci ildə kafedraya dosent Qulamrza bəy Cəfər bəy oğlu Qasımbəyli müdir təyin edilmişdi. O, bu vəzifədə 1937-ci ilə qədər çalışmışdı.

Qulamrza bəy Qasımbəyli  jurnalist kimi də fəaliyyət göstərmişdi. 1909-cu ildə "Tərəqqi" qəzetinin Zəngəzur üzrə xüsusi müxbiri idi, həmin nəşrdə xeyli yazıları var.

Qulamrza bəy Güləndam xanım Məmməd qızı ilə ailə qurmuşdu. Süleyman bəy, Adil bəy adlı oğlanları, İsmət xanım adlı qızı vardı.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

11:07