Oleq Abdullabəyov: İncəsənət təşnəsi

Mən daim axtarışdayam. Taleyin hökmü ilə qaranlıqlara qərq olunmuş tarixi simaları, şəxsiyyətləri gün işığına çıxarmaqdan zövq alıram. İşim və maddi durumum imkan verdikcə Tiflis, Moskva, Sankt-Peterburq, İstanbul arxivlərində, Tehran, Təbriz, Ərdəbil, Məşhəd kitabxanalarında olur, axtarışlar aparıram. Allah da əziyyətimi yerdə qoymayıb. Xeyli material toplamışam. Bu materialları kitaba, məqaləyə töküb sizinlə, oxucularla bölüşürəm. Budəfə də yeni bir şəxsiyyət. Maraqlıdır ki, vaxtında üzdə olmuş bu şəxsiyyət haqqında bir kəlməlik yazı da internet resurslarında yoxdur. Unuda-unuda gedirik.. Beləliklə tanış olun:  Oleq Abdullabəyov.

Oleq Şuşada tanınmış abdullabəyovlar soyundandır. Bu soy haqverdiyevlərlə qohumdur. Soyun ulu babası Abdulla bəy Şuşa şəhərində yaşamışdı. Onun Murtuza bəy adlı oğlu vardı.

Murtuza bəy Abdulla bəy oğlu Şuşa şəhərində anadan olmuşdu.

Murtuza bəyin Əmir bəy adlı oğlu vardı.

Əmir bəy Murtuza bəy oğlu 1 yanvar 1900-cü ildə Şuşa şəhərində doğulmuşdu. 1918-ci ildə Bakıya gəlmişdi.

Əmir bəy Abdullabəyov 1974-cü ildə vəfat edib.

Əmir bəy Abdullabəyov Mariya Yefimovna ilə ailə qurmuşdu. Oleq, Kamal, Adil adlı oğlanları vardı.

Oleq Əmir bəy oğlu Abdullabəyov 18 iyul 1924-cü ildə Bakı şəhərində dünyaya gəlmişdi. 1933-cü ildə 132 saylı məktəbə daxil olmuşdu. 1942-ci ildə 9-cu sinifi bitirmişdi. Aktyor kimi Maksim Qorki adına Gənc Tamaşaçılar Teatrında işləməyə başlamışdı. Həmin ildə Qırmızı Ordu sıralarına çağırılmışdı. Onu radistlər hazırlayan kursa göndərmişdilər. Kursu tamamladıqdan sonra onu Moskva ətrafına, 145-ci atıcı briqadasına göndərmişdilər.  21 mart 1943-cü ildə döyüş zamanı dizindən yaralanmışdı. Moskva və Ufa şəhər hospitallarında müalicə olunmuşdur. 1943-cü ilin payızında 3-cü dərəcəli əlil kimi ordudan tərxis olunmuşdu.

Oleq Abdullabəyov 1953-cü ildə A. V. Lunaçarski adına Dövlət Teatr Sənətləri İnstitutuna daxil olmuşdu. 1960-cı ildə həmin institutu tamamlamışdı.  Rus Dram Teatrının aktyoru idi.

Oleq Abdullabəyov 1960-cı ildən "Azərfilm"in "Mosfilm"dəki çəkiliş qrupunun rəhbəri vəzifəsində çalışmışdı. 1961-ci ildə Moskva Kukla teatrının quruluş hissə müdiri  vəzifəsində işləmişdi.

Oleq Abdullabəyov iyul 1961-ci ildən Moskva Mərkəzi Televiziyasında bədii-dekorativ şöbəsində direktor müavini vəzifəsində çalışmışdı.

Oleq Abdullabəyov 1967-ci ildə SSRİ-nin Macarıstanla birgə çəkdikləri "Yarıbayarı" filminin rəssamı olmuşdu.

Oleq Abdullabəyov 1979-cu ildə ürək tutmasından vəfat edib.

Oleq Abdullabəyov "Qafqazın müdafiəsinə görə", "Moskvanın müdafiəsinə görə", "Hərbi xidmətə görə", "Almaniya üzərində qələbəyə görə" döyüş medalları, "Rəşadətli əməyə görə" əmək medalı ilə təltif olunmuşdu. 

Oleq Abdullabəyov 27 fevral 1954-cü ildə teatr sənətində göstərdiyi xidmətə görə,  Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülmüşdür.

Oleq Abdullabəyov 1975-ci ildə SSRİ Nazirlər sovetinin dövlət komitəsi tərəfindən Fəxri fərmanla təltif edilmişdir.

Oleq Abdullabəyovun birinci nikahdan İqor adlı oğlu vardı. İkinci dəfə Zoya Semyonovna ilə ailə qurmuşdu. Vyeçeslav adlı oğlu var. 

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

13:52