Paşa xan Cavanşir: Şahın keşiyində

Paşa xan Cavanşir ortada

 

Taleyin gərdişi ilə doğma torpaqlarından iraq düşən soylarımızdan biri də cavanşirlərdir. Şuşada öldürülmüş  Ağaməhəmməd xan Qacara görə girov verilən Əbülfət xanın soyu Güney Azərbaycanda məskunlaşmalı olub.  Bacısı sarayda şahbanu, özü orduda baş komandan olsa da, həmişə Arazdan şimala həsrətlə, intizarla baxıb. Bu yazımızda Əbülfət xanın soy-sopundan olan Paşa xan haqqında söhbət açacağıq.

Güney Azərbaycanın görkəmli hərbçilərindən biri Paşa xan əslən qarabağlıdır. Cavanşir elinin Sarıcalı oymağının pənahəlilər tayfasındandır. Atası Abbasqulu xan Mötəmədüddövlə (?-1862) Qacarlar dövlətinin ilk ədliyyə naziri və bir çox əyalətlərin valisi olmuşdu. Əmir tuman (general-leytenant) rütbəsi daşıyırdı. Babası Əbülfət xan (1766-1839) Qacarlar dövlətinin Azərbaycan ordusunun əmirəlümərası (komandanı) olmuşdu. Şair idi. Tuti təxəllüsü ilə şeir yazırdı. Ulu babası Qarabağ hakimi İbrahimxəlil xandır.  

Abbasqulu xanın ikinci oğlu Paşa xan Əhər şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Daha sonra hərbi məktəbdə təhsilini davam etdirmişdi. Naib (leytenant) rütbəsindən sərtib (briqada gеnеralı)  çininədək yüksəlmişdi. Döyüşlərdə göstərdiyi rəşadətə görə «Fatеhülməmalik» ləqəbi almışdı.

Paşa xan Cavanşir Nasirəddin şah və Müzəffərəddin şahın şəxsi qvardiyasının (Keşikxaneye-xas) alimənsəb zabiti olmuşdu. Ayda 300 tümən məvacib alırdı.

Paşa xan Cavanşir 1898-ci ildə Kamraniyyə sarayında, şahzadə Kamran mirzə Naibüssəltənənin təşəbbüsü ilə keçirilən Nasirəddin şah Qacarın (1848-1896) tacgüzarlığının 50 illik yubleyinə rəsmi qaydada dəvət olunmuşdu.

Paşa xan Cavanşir ikinci dəfə Müzəffərəddin şahdan  Mötəmədüssultan ləqəbi almışdı.

Paşa xan Cavanşir fəaliyyəti müddətində cəsur hərbçi və məharətli sərkərdə kimi tanınmış, öz xidmətlərinə görə yüksək mükafatlar qazanmışdır.  

Paşa xan Cavanşir Məhəmmədəli şah Qacar dönəmində siyasətdən uzaqlaşaraq Qaradağa qayıtmışdı və ömrünün sonuna kimi burada yaşamışdır.

Məşrutə hərəkatından sonra Qaradağ xanları arasında nifaq düşmüşdü. Həm çələbiyanlılar, həm də hacıəlililər Paşa xan Fatehülməmaliki öz tərəflərinə cəlb etmək istəmişdilər. Amma o, tərəf tutmamışdı.

Paşa xan Nəqşicahan xanımla ailə qurmuşdu. Səfərəli xan, Mehrdil xan, Əzizulla xan, Əsədulla xan, Abbasqulu xan adlı oğlanları və üç qızı vardı.

Nədən bu yazı? Azərbaycanın zəngin hərb tarixinin canlandırılması, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi gərəyindən. Görkəmli hərb xadimlərinin şərəfli yolunun işıqlandırılması bizcə vacibdir..

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

 

17:27