Qara bəy Əliverdilər: Cümhuriyyət deputatı

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan bir sıra tarixi şəxsiyyətlər, görkəmli siyasət və ictimai xadimlər olmuşdur. Onlar zaman-zaman xalqımızın tarixində gördükləri böyük işlər və əməllərlə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan Xalq Cümhuriyyətinin deputatı Qara bəy Əliverdilərin də xüsusi rolu vardır.

         Qara bəyin ulu babası Hüseyn bəy Əli bəy oğlu 1743-cü ildə Qarabağın Bayat nahiyəsinin Pərioğlular obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Əvvəlcə Pənahəli xana, sonra İbrahimxəlil xana xidmət etmişdi.

         Hüseyn bəyin Əliverdi bəy adlı oğlu vardı.

         Babası Əliverdi bəy Hüseyn bəy oğlu 1775-ci ildə Qarabağın Kəbirli mahalının Pərioğlular obasında doğulmuşdu. Öncə İbrahimxəlil xan Cavanşirə, sonra onun oğlu Mehdiqulu xana xidmət etmişdi. Xanın mahal darğası idi. Çox zaman Ağdam kəndində olurdu.

Əliverdi bəyin törəməsi Əliverdibəyov soyadını daşıyırlar.

Əliverdi bəyin Əzim bəy, Ələkbər bəy, Hüseyn bəy, Rəhim bəy adlı oğlanları vardı.

Atası Rəhim bəy Əliverdi bəy oğlu 1840-cı ildə Şuşa qəzasının Kəbirli sahəsinin Pərioğlular obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Özəl təsərrüfatını idarə etməklə güzəran keçirirdi.

         Rəhim bəyin Səlim bəy, Qara bəy adlı oğlanları vardı.

         Rəhim bəyin ikinci oglu Qara bəy 1879-cu ildə Şuşa qəzasının Pərioğlular obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Sonra Şuşa şəhərində real məktəbi bitirmişdi. 1914-cü  ilə  qədər Şuşada  yaşamışdı. 1914-cü  ildən  1925-ci  ilə  qədər  Ağdamda yaşayıb,  əkinçiliklə  məşğul  olmuşdu  və  Azərbaycan  Pambıq idarəsində kassir  işləmişdi. 1925-ci  ilin  fevralından  tutulana  qədər  19  may 1925-ci  ilə  qədər  Qaryagində gizli həyat sürmüşdü. Qaryagində  tutulmuşdu.

         Qara bəy AXC dönəmində parlament üzvü olmuşdu. “İttihad”  partiyasının üzvü idi. Əliverdilər soyadı ilə məşhur idi.

Qara bəy Əliverdilər Qarabağın erməni millətçilərindən müdafiəsində misilsiz fədakarlıq göstərmişdir.

         Sənəd. "Nəsib bəy Usubbəyliyə

         Əsgəranı ermənilər artıq zəbt ediblər. Aldığım məlumata görə ermənilər bütün yüksəklikləri ələ keçiriblər. Əsgərandan qaçıb gələn uryadnik və strajnikin dediklərinə görə, Хankəndi istiqamətində döyüşlər səhər tezdən başlayıb. Hələlik atəş kəsilib. Hava bərk dumanlıdır. Bizim partizanlar Əsgəran və Ağdam mövqelərini ələ keçirdilər. Artıq ermənilərə qarşı döyüşlər davam edir. Parlamentin üzvü Qara bəy Əliverdiyevin təşkilatçılığı sayəsində Müdafiə Komitəsi və yaralıları müalicə şöbəsi təşkil edilib.

General Cavad bəy Şıxlinski, Ağdam".

         Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən xalqın maariflənməsinə birinci dərəcəli əhəmiyyət verirdi.

Tarixi mənbələr təsdiq edir ki, Azərbaycan Hökuməti və Xalq Maarif Nazirliyi Azərbaycan dilinin müstəmləkəçilik dövründə itirilmiş mövqelərinin bərpa edilməsi və onun dövlət dili elan olunması, məktəb-tədris işinin milli mənafelərə uyğun yenidən qurulması, doğma ana dilimizin ölkənin  təhsil, təlim-tərbiyə dilinə çevrilməsi, ana  dilində tədris proqramlarının və  dərsliklərin hazırlanması sahəsində mühüm tədbirlər həyata keçirmişdir. Hökumət hərc-mərclik və anarxiya dövründə, xüsusilə də 1918-ci ilin mart-may aylarında millətçi erməni-daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycanın  müxtəlif qəzalarında törətdikləri dəhşətli qırğınlar zamanı dağıdılmış və əmlakı talan edilmiş məktəblərin bərpası və yenilərinin tikilməsi üçün mühüm tədbirlərin həyata keçirilməsinə çalışmışdır. Bu məsələ müəllim və pedaqoqların Cümhuriyyət dövründə çağırılmış II qurultayında da müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir.

Cümhuriyyət dönəmində orta və ibtidai məktəb kurslarında kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə  peşə hazırlığına da diqqət yetirilirdi. İlk olaraq 1919-cu ilin yaz mövsümündə Azərbaycan Parlamentində səslənən fikirlər diqqəti cəlb edir. Azərbaycan Parlamentində Qara bəy Əliverdiyev çıxış edərək məsələ qaldıraraq Şuşa qəzasında yerləşən Ağdam və Zəngəzur kəndlərinin birində kənd təsərrüfatı məktəbinin yaradılmasını təklif etmişdi. Təkliflə əlaqədar Maarif Nazirliyinin nümayəndəsi tərəfindən bildirildi ki, Qara bəy Əliverdiyevin təklifinə heç bir etiraz yoxdur, ancaq məktəblərin yaradılacağı kəndləri müəyyənləşdirmək, zəruri xərcləri və tikinti işlərini yerlərdə icra etməyi öhdəsinə götürəcək cəmiyyət və şəxsləri seçmək lazımdır («Азербайджан» (газета), Баку,, №44,1919).

5 sentyabr 1919-cu ildə Şuşada ümumqarabağ müəllimlərinin qurultayı açıldı. Qurultay Qarabağda məktəb işinin nizama salınması məqsədi üçün toplanmışdı. Erməni ekstremistlərinin mütamadi hücumları nəticəsində Qarabağ məktəbləri acınacaqlı vəziyyətə düşmüşdü. Qurultay nümayəndələri daşnak vəhşiliyinə qarşı kəskin etirazla çıxış edərək erməni xalqını barışa çağırdılar.  (Знамя труда, 1919, 3 сентября.) Parlament üzvü Qara bəy Əliverdibəyov Şuşa qəzasının Ağdam, Zəngəzur qəzasının Hacısamlı kəndlərində kənd təsərrüfatı məktəblərinin açılması haqqında qurultay qarşısında məsələ qaldırdı. (ГААР, ф. 52, оп. 1, д. 17, л.5.)

Xalqının müstəqilliyi uğrunda dönmədən mübarizə aparan Qara bəy Əliverdilər parlamentdə fəaliyyət göstərdiyi müddətdə bütün Azərbaycan xalqı və Vətən üçün taleyüklü məsələlərdə daim qətiyyətlilik nümayiş etdirmişdir. Onun çıxışlarının əsas qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, respublikaçılıq, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu, milli tərəqqi, dünyəvilik kimi ümummilli, ümumbəşəri dəyərlər təşkil edirdi.

Qara bəy Əliverdilər uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam, savadlı gənclik yetişdirmək, bununla da xalqımızın sağlam və savadlı gələcəyini təmin etmək üçün səhiyyə və maarifi ümumxalq hərəkatına çevirmək xətti yeridirdi. Onun təşəbbüsü ilə Qarabağda məktəb və səhiyyə ocaqlari tikilmişdi.

         ...Ağdamda məşhur “Armud” ağacıyla üzbəüz Qara bəyin  mülkü  öz möhtəşəmliyi ilə diqqəti həmişə çəkirdi.  “Qobu” arxının üstündə Muradbəyli səmtinə gedəndə yolun sağ tərəfində böyük bir ərazidə onun çoxsaylı mülkü var idi. İkimərtəbəli şəxsi evində sovet dövründə Ağdam Kənd Təsərrüfatı Texnikumu fəaliyyət göstərmişdi.  Qayınanası üçün inşa etdirdiyi  mülkündə sonralar Xan Şuşinski adına Ağdam Uşaq Muğam Məktəbi fəaliyyət göstərirdi.

         Qara bəy Əliverdilər 1929-cu ildə vəfat edib.

         Qara bəy Əliverdilər Ziba xanım Əlipaşa bəy qızı Sultanova ilə ailə qurmuşdu. Şövkət xanım, Diliş xanım, Ədilə xanım  adlı qızları vardı.

Müasir dövrdə  yetişməkdə  olan  nəsil,  xalqımızın  çoxəsrlik  zəngin  tarixini, o  cümlədən onun  ayrılmaz  tərkib  hissəsi  olan  Azərbaycan  Xalq  Cümhuriyyətinin  tarixini bilməli,   həmin  dövrün şəxsiyyətlərini tanımalıdır.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

12:26