Abdulla bəy Məlikaslanov: ömrü dastanlaşan müəllim

Bir çox pedaqoqlar var ki, yüksək intellekti, istedadı, müdrikliyi və əməksevərliyi sayəsində ucalır və böyük hörmət sahibi olurlar. Halallığı, düzlüyü özlərinə yol yoldaşı seçən bu insanlar heç vaxt haram tikə yeməzlər, həyatlarının mənasını öz peşələri ilə xalqa xidmətdə görərlər. Zaman keçdikcə ömrü kitablaşan, dastanlaşan, şəxsiyyəti ictimailəşən belə insanların haqqında yazmağı fəxarət hesab edirsən. Bu cür insanların həyat yolu çoxlarına nümunədir - örnəkdir. Onların ömür yolundan çoxları dərs götürüb özünə yol seçir, həyatlarını halallıq və düzlük üzərində qurmağa çalışır. Belə pedaqoqlardan biri də Abdulla bəy  Məlikaslanovdur.

Abdulla bəy  Qarabağda tanınmış məlikaslanovlar soyundandır. Bu soyun ulu babası Məlik Aslan  bəy  Bağdad bəy oğlu Dizaq mahalının mərkəzi Tuğ  kəndində  dünyaya  gəlmişdi. Xanlıq dönəmində Dizaq mahalının məliyi, rus üsul-idarəsi dövründə Zəngəzur mahalının naibi olmuşdu.

Məlik  Aslanın  uruğu  Məlikaslanоv  sоyadını  daşıyır.

Məlik  Aslanın  Şirin  bəy,  Fərhad  bəy,  Əliqulu  bəy,  Firudin  bəy,  Nəcəf  bəy,  Abbas  bəy  və  Ağa  bəy  adlı  оğlanları  vardı.

Məlik  Aslanın  altıncı  оğlu  Abbas  bəy  1816-cı  ildə  Tuğ  kəndində  dünyaya  gəlmişdi. Mədrəsə  təhsili  almışdı. Ata  mülkünü  idarə  еtməklə  kеçinirdi. Ömrünün  müdrik  çağında  Məkkə-mükərrəmi  ziyarət  еtmişdi. Fəxri  hacı  ünvanını  daşıyırdı.

Hacı Abbas bəy 1891-ci ildə vəfat еdib.

Hacı  Abbas  bəyin  Həsən  bəy,  Baxşalı  bəy,  Rəhim  bəy,  Kərim  bəy, Mahmud  bəy  adlı  оğulları, Gülü xanım adlı qızı  vardı.

Hacı Abbas bəyin dördüncü оğlu  Kərim  bəy  1847-ci  ildə  Tuğ  kəndində  dоğulmuşdu. Məktəb  təhsili  görmüşdü.

Kərim bəyin Abdulla bəy adlı oğlu vardı.

Abdulla bəy Kərim bəy oğlu Məlikaslanov 1870-ci ildə Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdu. Tuğ kənd məktəbini bitirmişdi. Sonra Zaqafqaziya (Qоri) Müəllimlər Seminariyasında оxumuşdu.

1901-ci ildə Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyasını bitirdikdən sonra Şuşa qəzasının Qərvənd (indiki Ağdam rayonunun Qərvənd kəndi) kəndinə müəllim təyin olunmuş, iki il burada dərs demişdir. O, Qərvənd kənd orta məktəbinin yaradıcısı sayılır. 1903-1920 illərdə Gülablı, Qarğabazar, Qubadlı kəndlərində müəllim işləmişdir.

Belə ki, 1909-1910-ci ildə Qarğabazar kənd məktəbində, sonra Qubadlı kənd məktəbində müəllim kimi çalışmışdı. Sonra Qaryagin (indiki Füzuli) məktəbinə dəyişilmişdi.

Abdulla bəy  Məlikaslanov Sovet hakimiyyəti illərində Füzuli rayon maarif şöbəsində müfəttiş işləmiş, Füzuli rayon partiya məktəbində, orta məktəbdə, Füzuli pedaqoji məktəbində rus dilində dərs demişdir.

Abdulla bəy Məlikaslanov SSRİ Ali Soveti Rəyasət Heyətinin 1946-cı il fevral tarixli fərmanı ilə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmişdir.

Sovet dönəmində Əməkdar müəllim fəxri adına layiq görülmüşdü. Lenin ordeni ilə təltif edilmişdi.

Abdulla bəy  Məlikaslanov Füzuli şəhərində “Uçitel Abdulla bəy” kimi tanınmışdı.

Abdulla bəy Məlikaslanov Bilqeyis xanımla ailə qurmuşdu. Abbas bəy, Arif bəy, Kərim bəy adlı oğlanları, Suruş xanım, Şəfiqə xanım, Rəfiqə xanım, Balış xanım və Məhbubə xanım adlı qızları vardı.

Abdulla bəy Məlikaslanov vətənini, dövlətini, xalqını sevən və onlara son dərəcə bağlı olan əqidəli və sədaqətli bir ictimai-siyasi xadim, daim düzgünlüyün və haqqın tərəfində yer alan ədalətli və vicdanlı bir insan, müxtəlif səpkili problemləri hər zaman diqqət mərkəzində saxlayan, bu problemlərdən çıxış yolları axtarmağa və xalqı maarifləndirməyə çalışan ziyalı, yaradıcı bir müəllim, istənilən vaxt əməkdaşlığa, dialoqa açıq olan və digər müsbət keyfiyyətləri özündə cəmləşdirən bütöv bir şəxsiyyət idi.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

14:05