Qulamrza xan Minbaşian - İran klassik musiqisinin atası

“İran Kazak briqadası” monoqrafiyamın materialları üçün dəfələrlə arxivlərə, kitabxanalara və tarixçi alimlərə baş çəkmişəm. Bu briqadanın musiqiçiləri ilə maraqlanarkən Qulamrza xanın yaradıcılığı ilə tanış oldum. Soy-sopu haqqında yazılmayıb, Qafqazdan mühacirət etdiyindən, indiki Cəbrayıl bölgəsindən gəldiyi bilinir.

İran milli musiqi sənətində silinməz iz qoymuş Qulamrza xan Minbaşian həm də peşəkar musiqi kadrlarının hazırlamasında misilsiz xidmətlər göstərib. O, İran bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olub. Qulamrza xan bir bəstəkar, pianoçu, dirijor, musiqiçi, ictimai xadim kimi İran musiqi tarixində böyük nüfuz qazanıb.

Qulamrza xan 1861-ci ildə Tehran şəhərində anadan olub. Atası Nəsrullah xan elektrik mühəndisi idi. Anası Qəmərzaman xanım isə İranın ilk pianoçu xanımlarından olub, bu sənəti oğluna da öyrədib.

Qulamrza xan ibtidai təhsilini məhəllə mollaxanasında, orta təhsilini mədrəsədə alıb. Sonra Tehran Darülfünunun musiqi şöbəsində təhsilini davam etdirib. Burda Alfred Jan Baptist Lemairin (1842-1907) tələbəsi olub. Daha sonra Sankt-Peterburq konservatoriyasında oxuyub. Nikolay Rimski-Korsakovun (1844-1908) sinifində təhsil alıb. Konservatoriyanı tamamladıqdan sonra İrana dönüb. İran Kazak briqadasında xidmət etməyə başlayıb. Briqadada orkestr yaradıb.

Qulamrza xan Məşrutə hərəkatı dövründə kazakların əhali ilə rəftarından ikrah edib, briqadadan tərxis olunub və Fransaya yollanıb. 1912-ci ildə Fransadan İrana dönəndən sonra sərtib (briqada generalı) rütbəsində Qacarlar ordusunun musiqi dəstəsinə başçılıq edib. Şahdan Salar Müəzzəz ləqəbini alıb. Görkəmli musiqiçinin əməyi yüksək qiymətləndirilib və o, “Şire-Xurşid” ordeninə layiq görülüb. Üstəlik, medal və digər dövlət nişanları ilə təltif edilib. Sultan Əhməd şah Qacara fortepiano çalmaq öyrədib.

Qulamrza xan Salar Müəzzəz 1921-ci ildə orduda tam orkestr yaradıb. Şahdan icazə alıb, Tehran Darülfünunun musiqi şöbəsində də dərs deməyə başlayıb. Sonra bu şöbənin rəhbəri olub. (Ali Taghipour: A History of the Music Conservatory of Tehrab 1918-2018) Daha sonra oğlu Nəsrullah xanı da bu şöbəyə dəvət edib. Nəsrullah xan da onunla bərabər 1928-ci ilədək şöbədə çalışıb. O, görkəmli müəllimlərindən öyrәndiklәrini illәr sonra mәhz elә bu musiqi ocağında yeni nәslә aşılayıb.

Qulamrza xan Salar Müəzzəz 1924-cü ildən sonra Minbaşian soyadını daşıyıb. Ünlü bəstəkar ilk dəfə İran musiqisinə not tətbiq edib.

Qulamrza xan Minbaşian fəal konsert yaradıcılığı ilə məşğul olub.

İranda musiqi təhsilinin inkişafında böyük əməyi olan Qulamrza xan Minbaşian Pəhləvilər dövlətinin himnini yazıb. Oğlu Nəsrullah xan bu işdə ən yaxın yardımçısı olub. Firdovsinin və Sədinin yaradıcılığından seçmələr edib, himnə mətn hazırlayıblar.

Böyük yaradıcılıq qabiliyyətinə və diapazonuna malik olan musiqişünas, bəstəkar Qulamrza xan Minbaşian 1931-ci ildə təqaüdə çıxıb.

Qulamrza xan Minbaşian 1935-ci ildə Tehran şəhərində vəfat edib, Qum şəhərində torpağa tapşırılıb.

Qulamrza xan Minbaşianın yeddi övladı olub. Onlardan Nəsrullah xan (1885-1938) və Qulamhüseyn xan (1907-1978) musiqiçi idilər. Qulaməli xan hərbçi sənətinə yiyələnmişdi.

Qulamrza xan Minbaşian Teymur xan Ayrımın qızını oğluna almışdı. Oğlu Rza şah Pəhləvi ilə bacanaq idi.

Bəstəkar Qulamrza xan Minbaşianın yaradıcılığı parlaq istedad və özünəməxsusluğu ilə səciyyələnir. O, öz əsərlərində İran milli musiqi ənənələrini Avropa musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edib.

Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi özünəməxsusluqla boy göstərir.

Qulamrza xan Minbaşianın dillər əzbəri olmuş, müxtəlif səpkili mahnıları İran incəsənətinin məzmununa füsunkar töhfə verməklə yanaşı tarixilik baxımından əhəmiyyətliliyi ilə fərqlənir.

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

 

Xudaferin.eu

22:43