Şuşa şəhərinin hansı nəslini araşdırısansa, orda ən azı bir sənətkar var. O sənətkar da cəmiyyət içində üz ağardıb, ad çıxarıb. Hansı sənətin qulpundan yapışıbsa, kamil ustasına çevrilib. Sağlığında “sağol”, vəfatında “rəhmət” qazanıb. Heykəli qəlblərə dikilmiş şəxslərdən biri də İbrahim Tahir Musayevdir. Özü demişkən: Kimdir ol kəs?
İbrahim Tahir Qarabağda, Şuşada məşhur olan musayevlər soyuna bağlıdır. Bu soyun ulu babası Məhəmmədəlidir. Məhəmmədəli 1761-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Əvvəlcə İbrahimxəlil xan Sarıcalı-Cavanşirə, sonra vəliəhd Məhəmmədhəsən ağaya xidmət etmişdi. Xanzadənin mətbəxində çalışırdı. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Məhəmmədəlinin Musa adlı oğlu vardı.
Musa Məşədi Məhəmmədəli oğlu 1799-cu ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirin məiyyətində idi. Aşbazlıqla məşğul olurdu. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Musanın törəməsi əvvəlcə Musai, sonra Musayev soyadını daşıyırlar.
Kərbəlayı Musa Şəhri ilə ailə qurmuşdu. Əbdürrəhim adlı oğlu, Cahan, Xirda adlı qızları vardı.
Əbdürrəhim Kərbəlayı Musa oğlu 1845-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Ailədə Əbdül çağrıldığından şəhərdə də bu adla tanındı. Molla yanında oxumuşdu. II gildiya tacir idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Əbdül Nabat xanımla ailə qurmuşdu. İbrahim, Yusif adlı oğlanları vardı.
İbrahim Əbdül oğlu Musayev 1869-cu ildə Şuşa şəhərində tacir ailəsində anadan olmuşdu. İlk təhsilini Şuşada “Kor xəlifə”nin (Molla Əli xəlifənin) dini xarakter daşıyan məktəbində almışdı. Burda ərəb və fars dillərini, Şərq şairlərinin və mütəfəkkirlərinin əsərlərini, klassik muğamları, Şərq musiqi nəzəriyyəsini mükəmməl öyrənmiş, onda ədəbiyyata və poeziyaya böyük maraq yaranmışdı. O, tez-tez məktəbdə keçirilən şeir və muğam müsabiqələrində, Qarabağın mədəni və ictimai həyatında mühüm hadisəyə çevrilən xalq və şəbeh tamaşalarında, dini mərasimlərdə iştirak etməklə dini və poetik təfəkkürünü inkişaf etdirirdi.
Qeyd edək ki, XIX əsr Qarabağ ədəbi mühitində böyük nüfuza malik olan Mir Möhsün Nəvvab “Təzkireyi-Nəvvab” əsərində şeir-sənət ocağı Şuşa şəhərində dünyaya gəlmiş şairi şəxsən tanıdığını, onun “Tahir” təxəllüsü ilə şeirlər yazdığını qeyd edib. Gəncliyində ticarətlə məşğul olan İ.Tahir XX əsrin əvvəllərində Bakıda nəşr olunan əksər qəzet və jurnallarda ardıcıl olaraq şeirləri və publisist məqalələri ilə çıxış etmişdi.
İyirmi yaşından poeziya ilə məşğul olmağa başlayan gənc İbrahim yaradıcılığının ilk illərində müxtəlif üslubda satirik şeir, qəzəl, həcv yazmışdır. Şeirlərində Füzulinin və Sabirin təsiri duyulur. O, “Molla Nəsrəddin”, “İrşad”, “Həqiqət”, “Füyuzat” kimi mətbuat orqanlarında müntəzəm çıxış etmiş, “Şərqi-rus” qəzetinin Qarabağ üzrə müxbiri olmuşdur. Cəlil Məmmədquluzadə ilə həcvyanə sözləşmələri var. Əsasən, “Qarabaği” imzası ilə yazırdı.
İbrahim Tahirin ədəbi irsinə poetik əsərləri – qəzəl, qəsidə, mürəbbe, müxəmməs, müsəddəs, təzmin, tərcibənd, tərkibbənd, məsnəvi və rübailəri, müxtəlif məzmunlu əsərləri, mənzum məktubları, sabiranə şeirləri daxil edilmişdir. Bu əsərlərin əksəriyyəti klassik üslubda yazılmış lirik şeirlər olsa da, burada azadlığa, milli həmrəyliyə, istiqlala səsləyən şeirlər də az deyil. Xalqı üçün azadlığı ən böyük nemət hesab edən şair deyirdi:
Verir hər yerdə qanun olsa insaniyyət insanə,
Cahanda ən gözəl nemətdir hürriyyət insanə.
İ.Tahir oxucusuna etiraf edir ki, onu həmişə narahat edən ən böyük dərdi xalqının, millətinin taleyidir:
Xəyali-mülkü millətdir, əgər sorsan, bənim dərdim,
Bilirsənmi nədir fikrü xəyali-millət insanə?
Şair böyüyüb boya- başa çatdığı, təlim-təhsil aldığı dövrün, mühitin təsiri altında klassik ədəbi irsə bağlı bir adam olmuş, əsərlərini də klassik üslubda yazmışdır. Ümumiyyətlə, XX əsrin 20-30-cu illəri mədəniyyət, ədəbiyyat tariximizdə çox maraqlı dövrdür. Bir tərəfdə klassik irsi, muğam, tarı ortadan götürməyi tələb edən daha gənc proletar şairlər meydan sulayır, digər tərəfdə isə mütərəqqi yeniliyi qəbul edən, lakin klassik ədəbiyyat tərəfdarı olan nisbətən yaşlı nəslin nümayəndələri öz yaradıcılıqlarını davam etdirir, “zamanın tələbi ilə ayaqlaşa bilmədikləri” üçün əksər hallarda mədəniyyətdə, ədəbiyyatda cərəyan edən hadisələrə seyrçi mövqedə qalmağa məcbur olurdular. İ.Tahir təbii ki, bu sonunculardan olduğuna görə dövrün ədəbi cərəyanından kənarda qalmış, onu Yazıçılar İttifaqına üzvlüyə qəbul etməmişlər.
İstedadlı şair Firdovsidən, Xaqanidən, Nizamidən, Nəvaidən, Xəyyamdan və sair klassiklərdən tərcümələr etmişdir. Onun Ə. Firdovsinin “Şahnamə” əsərindən tərcümə etdiyi bir neçə dastan 1934-cü ildə Ruhulla Axundovun redaktorluğu ilə “Azərnəşr”də çap olunmuşdur.
Digər müasirlərindən fərqli olaraq, hansı səbəblərdənsə zəngin və çoxcəhətli yaradıcılğa malik olan İbrahim Tahirin nə poetik irsi, nə də publisistikası sağlığında kitab halında nəşr olunmamış, yalnız ölümündən 70 il sonra poetik əsərləri müxtəlif mətbuat orqanları və arxivlərdən toplanaraq işıq üzü görmüşdür (İbrahim Tahir. Əsərləri. Bakı: "Elm və təhsil" nəşriyyatı, 2013).
İbrahim Tahirə görə, insana səadət yolunu göstərən, onu xoşbəxtliyə aparan vətən məhəbbətidir. İnsan illərcə qürbət ellərdə gəzsə də, onun son məskəni yenə də vətən torpağıdır. Vətənin qəmli, müsibətli torpağı belə, yad məmləkətlərin cənnət misallı yerlərindən yaxşıdır.
Vətən İbrahim Tahirin qəzəllərində əsas obrazlardan biridir.
"Vətən, vətən" deyə qaldım diyari-qürbətdə", - deyən şair vətənsizliyi, qürbət sıxıntılarını məzarla, qəbir evi ilə müqayisə edir və qürbətdə yaşamağı körpə ikən anasını itirmiş insanın halına bənzədərək yazır:
Töküb də əşki-təhəssür vətən fəraqında,
Çocuq kimi gəzərəm biqərar qürbətdə.
İlahi, eylə tərəhhüm, vətəndə canını al,
Rəva deyil yata Tahir məzari-qürbətdə.
Qarabağda millətin başına gələn müsibətlər bir şair-vətəndaş kimi İbrahim Tahiri daim narahat etmiş, o, müasirləri olan digər ziyalıların səsinə səs verərək qırğınları lənətləmişdir. "Şuşanın yanmadadır gör tutuşub xarü xəsi, Ah kim oldu müsəlmanların axır nəfəsi", - deyib dindaşlarını "özgələrin zülmünə", tamah dişlərini itiləyən düşmənlərə qarşı mübarizəyə səsləyən, "yetiniz dadə, siz Allah" sözləri ilə vətəndaşlarına müraciət edən şair "nicatı özgələrdən deyil, özümüzdən gözləməliyik" fikrini irəli sürərək "Vətən" rədifli müxəmməsində yazır:
Kimdir ol kəs vətənindən belə birəğbət ola,
Qoya dindaşını möhnətdə qaçıb rahət ola,
Vətənin bir belə qurbanları biqiymət ola,
Onların millətə etdikləri biminnət ola,
Edə bizdən giley ərvahi-şəhidani-vətən.
"Vətənin bağrına düşmən dayadı xəncərini", - deyib fəryad qoparan şair, təkcə doğulduğu Şuşadakı hadisələrə deyil, Azərbaycanın bir parçası olan Təbrizdəki Məşrutə hərəkatına da münasibət bildirir.
İbrahim Tahir pedaqoji işlə də məşğul olmuş, ötən əsrin iyirminci illərində Şuşada “Nərimaniyyə”, “Bünyadiyyə”, “Kəmaliyyə” məktəblərində dərs demişdir.
İbrahim Bulqeyis Hacı Məmməd qızı ilə ailə qurmuşdu. Əziz, Cəmil adlı oğlanları vardı.
İbrahim Tahir Musayev: Kimdir ol kəs..

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
01:47