Məşədi Əsəd bəy Qarabaği: Unutduğumuz şair

Əsəd bəy Məşədi Həsən oğlu  1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu.

         

Məşədi  Əsəd  bəy  Şuşada  oxuyub,  təhsilini  başa  vurandan  sonra  böyük  qardaşı, yüksək çinli  dövlət məmuru Mirzə  Kərim  bəy Hacıyevdən  pul  alaraq  ticarətə  başlamışdı. O  dövrdə Şuşa  camaatının  çoxu  Aşqabadla  Məşhəd  arasında  ticarətlə məşğul olurdu. Məşədi  Əsəd  bəy  də  onlara  qoşuldu.

         

Məşədi  Əsəd  bəyin  qardaşı  Mirzə  Kərim  bəy  Hacıyevlə  yazışarkən  sözləri  nəzmə  çəkirdi.

         

Məşədi  Əsəd  bəyin  əmisi  Hacı  Qurban  Kərbəlayı  Məmmədəli  oğlu  da  dövrünün  ziyalılarından  sayılırdı. Onun  uşaqları  da  Xorasanda  alverlə  məşğul  idilər.

         

Məşədi  Əsəd  bəy  Qarabaği  1908-ci  ildə  Xorasanda  vəfat  edib.

         

Məşədi Əsəd bəy şair idi. Onun haqqında ilkin bilgi verən Məhəmməd ağa Müctəhidzadə yazır: “Gah-gah hicleyi xatirindən nəhayət dərəcədə gözəl  sözlər  zahir olur  idi. Kəlamı ilə  fil-hal  öz  zatı  kimi  gözdən  qayibdir,  məgər  bir  fərd  ki,  neçə  qəzəllərə  bədəldir:

 

Çeşm  dünbalinə,  zahid,  o  düşən  xal  deyil,

Daneyi-səbhədi  kim,  guşeyi-mehrabə  düşüb.

 

Məşədi  Əsəd  bəy  qəzəllərinin  birində  yazırdı:

 

Yetişməmişdi  xəzan  gülüstani-eyşimizə,

Nigarımız  var  idi,  nobaharımız  var  idi...  (Müctəhidzadə Məhəmmədağa. Riyazül-aşiqin. Bakı: Azərbaycan, 1995, 248 s.)

 

Məşədi  Əsəd  bəy  Qarabaği  uzun olmayan bir ömür yolu keçmiş, lakin məhsuldar  işləmiş, böyük bir irs qoyub getmişdir.

 

Məşədi  Əsəd  bəy  Qarabaği   şeirlərində vətənpərvərlik, mövhumatçı mollalara  nifrət, yoxsul xalq kütlələrinə rəğbət hisslərinin ifadə olunur.

 

Tarixin gərdişi elə olmuşdur ki, Məşədi  Əsəd  bəy  Qarabaği  bir neçə dildə eyni səviyyədə yazıb yaratmışdır. Onun farsca şeirləri Azərbaycanda itib-batmışdır. Amma Məşhəd kitabxanasında onun bir neçə əlyazması mövcuddur.

 

Məşədi  Əsəd  bəy  Qarabağinin  həyatı və yaradıcılığı ilk dəfə tədqiq edilir. Bu şairin poeziyasını, şeirinin dərin fəlsəfi məzmununu, sənətkarlıq xüsusiyyətlərini öyrənməklə ədəbiyyatşünaslığımıza yeni töhfə verə bilərik.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

11:37