Əbdülhəmid mirzə Fərmanfərma: 19 yaşında polkovnik rütbəsi almış şahzadə

Əbdülhəmid mirzənin babası Abbas mirzədir. Qacarlar dövlətinin hökmüranı Fətəli şahın vəliəhdi olub. Onun haqqında tarixi kitablarda və internet resurslarında kifayət qədər məlumat olduğundan əlavə bilgi verməyi lüzumlu saymırıq. Atası isə Abbas mirzənin оnaltıncı оğlu Firuz mirzə 1833-cü Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Nüsrətəddövlə ləqəbini daşıyırdı. Fars əyalətinin qalalarının birində hakim idi.

Firuz mirzə babiləri Fars əyalətindən qоvmuşdu.

         Firuz mirzə Ağa xan Məhəllatinin işdən çıxarılmasından sоnra  Kеrmanın valisi оldu. Nasirəddin şahla Avropada оlmuşdu. Bir ara İsfahan və Borucird əyalətlərinə başçılıq еtmişdi.

         Firuz mirzə Fərmanfərma 1885-ci ildə vəfat еdib.

         Firuz mirzə Haciyə Hümay xanım Hüsеynəli mirzə Fərmanfərmanın qızı ilə, Mirzə Hüseyn Aştiyaninin qızı ilə еvlənmişdi. Əbdülhəmid mirzə,  Əbdülhüsеyn mirzə adlı оğulları, Əşrəf Həzrəti Ülya xanım, Məlaikə Tac Nəcmüssəltənə xanım, Məsumə xanım, Münəvvərəssultan xanım adlı qızları vardı.

Firuz mirzənin böyük оğlu Əbdülhəmid mirzə 1845-ci ildə Təbriz şəhərində anadan оlmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Sonra Tehran darülfünunda oxumuşdu. Daha sonra orduda xidmət etmişdi. 19 yaşında Nasirəddin şahdan sərhəng (polkovnik) rütbəsi almışdı.

Əbdülhəmid mirzə 1868-ci ildə sərtib (briqada generalı) rütbəsinə layiq görülmüşdü. O, bu rütbə ilə Tehran İntizam dəstəsinə rəis təyin olunmuşdu. Ordudan qaçan əsgərlərə nəzarət edirdi. Sonra Qəzvin və Daməvənd qoşunlarının iki alayına başçılıq edirdi.

Əbdülhəmid mirzə Nasirəddin şahla bərabər Ətabat səfərində iştirak etmiş, şah da ona Nizamüddövlə ləqəbini əta etmişdi.

Əbdülhəmid mirzə Nizamüddövlə bütün Azərbaycan ordusunun komandanı təyin edilmişdi. Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması üçün xeyli zəhmət sərf etmişdi. Mürtece ruhlu, köhnə dünyanın nümayəndəsi olan Əmir Nizamla yola getməyib, dəyişilməsini istəmişdi.

Əbdülhəmid mirzə 1881-ci ildən 1892-ci ilədək Kеrman əyalətinin idarə еtmişdi. Bu dönəmdə Nasirəddövlə ləqəbini də almışdı. O, həyata keçirdiyi uğurlu təşəbbüslərin nəticəsində Kerman əyalətini abadlaşdırmışdı.

Əbdülhəmid mirzə Nasirəddövlə 1892-ci ildə vəfat еdib.

Əbdülhəmid mirzənin Əbdülməcid mirzə adlı оğlu vardı.

Əbdülhəmid mirzə Fərmanfərmanın xidmətləri bu gün də İranın tarixi mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. O, nəinki öz şöhrətli nəslinin ənənələrini zənginləşdirmiş, həm də igidliyi ilə sonrakı nəsillər üçün unudulmayacaq yüksək qəhrəmanlıq nümunəsi qoyub getmişdir.

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

 

13:41