Əli bəy Poladov: Zakirin kürəkəni

 

Əli bəy Qarabağda, Şuşada tanınmış poladovlar soyuna bağlıdır. Bu soyun ulu babası Polad ağa Cavanşirdir. Polad ağa İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Öz adı ilə adlanan obanı idarə edirdi. Bu oba Cavanşir mahalının Xazalan mülkündə qərar tuturdu.

Polad ağanın törəmələri Fuladov, Poladov soyadlarını daşıyırdılar.

Polad ağanın Tanrıverdi ağa, Həkimxan ağa adlı oğlanları vardı.

Tanrıverdi ağa Şuşa şəhərində dünyaya boy göstərmişdi. Molla yanında oxumuşdu. Həllaclıqla məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Məşədi Tanrıverdi ağanın Əli bəy adlı oğlu vardı.

          Əli bəy Məşədi Tanrıverdi oğlu 1799-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Rus ordusunda qulluq etmişdi. Prapoşik rütbəsi almışdı.

         Əli bəy ordudan tərxis olduqdan sonra Mehdiqulu xanın işlər müdiri işləmişdi. 1822-ci ildə xanla bərabər İrana qaçmışdı. 1827-ci ildə vətənə dönmüşdü.

         Əli bəy mülkədar idi. Dizaq mahalında Zamzur kəndinin yarısına, Cavanşir mahalında Poladlı obasının yarısına sahib idi.

Mehdiqulu xan Əli bəyə qəlbən bağlandığı və inandığı üçün onun ilk övladını oğulluğa götürərək atasının şərəfinə onun adını İbrahim qoymuşdur. Bu yaxınlıq xanın sağlığında ailəyə xoşbəxtlik gətirsə də, Mehdiqulu xanın ölümündən sonra (14 may 1845) onların fəlakətinə səbəb oldu. Xanın ölümü düşmənlərin intiqam alması üçün real şərait yaratdı. Uzun müddət xanla ədavətdə olan Şuşa şəhərinin qəza rəisi milliyyətcə gürcü olan Konstantin Tarxan -Mouravov, Şuşa qazısı Mirzə Əbdülqasım bəy Haqverdiyev və nəhayət, xanın qardaşı oğlu, babası İbrahimxəlil xan öləndən sonra (1806) uzun müddət əmisi Mehdiqulu xanla hakimiyyət uğrunda mübarizə aparan Cəfərqulu xan Əli bəydən intiqam almaq qərarına gəldilər. Bu şəxslərin hər birinin Mehdiqulu xan və Qasım bəy Zakirlə ədavətləri var idi. Qarabağda əvvəl polismeystr, sonra qəza rəisi vəzifəsində işləyən Tarxan-Mauravov Zakirin qardaşı oğlanları Rüstəm bəy və Behbud bəyi  haqsız yerə öldürtmüş və Zakirin tutulmasında əsas rol oynamışdır.

Bu düşmənçiliyin ibtidası da Zakirin Mehdiqulu xana və Əli bəyə yaxın olmasından başlayır. Sağlığında Mehdiqulu xandan çəkinərək məkrli niyyətini həyata keçirə bilməyən Tarxan-Mauravov yaranmış vəziyyətdən məharətlə istifadə edərək xanın intiqamını onun ən sadiq və yaxın adamı olan praporşik Əli bəy Fuladovdan almaqda da fəal iştirak etdi.

Cəfərqulu xanın Mehdiqulu xanla olan ədavətinin isə dahan qədim bir tarixçəsi vardır. Bu ədavətin bünövrəsi hələ 1805-ci ildə, bəlkə ondan da öncə qoyulmuşdur. Qarabağ xanı İbrahimxəlil xan sağlığında böyük oğlu Məhəmmədhəsən ağanı özünə vəliəhd təyin etmiş və bu haqda bütün rəsmi dairələrə məlumat vermişdir. Lakin 1805-ci ildə hələ İbrahimxəlil xan sağ ikən vəliəhdi Məhəmmədhəsən ağanın vərəmdən ölməsi vəziyyəti dəyişdi.

İbrahimxəlil xan ikinci oğlu Mehdiqulu ağanı onun əvəzinə varis təyin etdi. Bu hadisə Məhəmmədhəsən ağanın böyük oğlu, yetkinlik yaşına (25-26 yaş) çatmış Cəfərqulu ağanı son dərəcə məyus etdi. O, atasından sonra varisliyin qanuni şəkildə ona çatmalı olduğu halda, əmisinə verilməsini qeyri-qanuni hesab edərək həmin gündən Mehdiqulu xana düşmən kəsildi və demək olar ki, bütün həyatı boyu onunla hakimiyyət uğrunda mübarizə apardı. Ancaq onun bütün cəhdləri boşa çıxdı. Nəhayət, Mehdiqulu xanın ölümü istəyinə çatmaq üçün onun qəlbində yenidən ümid çırağı yandırdı. Cəfərqulu xan heç olmasa Mehdiqulu xanın var-dövlətinə sahib olmaq məqsədilə əmisi arvadı Bədrcahan bəyimə elçi düşüb, onu özünə, qızı Xurşidbanu bəyimi isə oğlu Hidayət ağaya almaq istədiyini bildirdi. Lakin onun bu ümidi də puça çıxdı. Növbəti dəfə uğursuzluğa düçar olan Cəfərqulu xan digər narazı qüvvələrlə birləşərək Xan ailəsinin ən sədaqətli adamı olan, Mehdiqulu xanın ölümündən sonra da ağasına sadiq qalaraq onun bütün təsərrüfatını göz bəbəyi kimi qoruyub, namusla idarə edən Əli bəydən intiqam almaq qərarına gəldi. Onun səfərbər etdiyi narazı qüvvələrdən biri də Şuşa qazisi Mirzə Əbülqasım bəy Haqverdiyev idi. Görkəmli tədqiqatçı alim Kamran Məmmədov bu hadisəyə münasibət bildirərək yazır: “Mehdiqulu xan vəfat etdikdən sonra... onlar Mehdiqulu xana yaxın olan adamlardan, o cümlədən, Əli bəydən, Zakirdən və onlara yaxın olan adamlardan qisas almağa və onları bir-bir “dənləməyə” başlayırlar... Mehdiqulu xan vəfat etdikdən sonra Əli bəy Fuladov da öz ailəsi ilə Ağdamdan Şuşaya köçür. Şuşa qazisi Mirzə Əbülqasım Cəfərqulu xanla birləşərək Əli bəyin Şuşaya köçməsi ilə yeni bir hiylə düzəldir və dolayı yolla Zakirdən intiqam alırlar”. [K.Məmmədov. Qasım bəy Zakir.B.1957, səh.24].

Nəhayət, intiqam hissi hər üç məkrli düşməni birləşdirir və onlar öz istəklərinə nail olurlar. Bunun üçün onlar Şuşalı tacir Kərbəlayi Allahverdi Hacı Əsgər oğlunu öyrədib Əli bəyə şər atdırırlar. Güya Əli bəy üç nəfər şahidin yanında ondan 1200 tümən borc almış və bu günə qədər də onu qaytarmamışdır. Yalançı şahidlər – Ağa Novruz, baqqal Hüseynəli və kar Cəfər vasitəsilə uydurulmuş böhtana haqq qazandırılır və nəticədə Əli bəyin hamamı alınaraq Kərbəlayi Allahverdiyə verilir. Bu

hadisədən bərk sarsılan Əli bəy haqsızlığa dözməyərək dünyasını dəyişir. Bununla da ailənin faciəli həyatı başlayır.

Bu hadisələrin canlı şahidi olan və bu ədalətsiz dünyada əli heç yerə çatmayan Zakir təskinliyini həcvi yazmaqla tapır. O, “Üsuli və şeyxi təriqət mollaların həcvi” adlı şeirində ölkədə baş alıb gedən qanunsuzluq, rüşvətxorluq və ədalətsizlik kimi qeyri-normal həyat şəraitini tənqid etməklə yanaşı, konkret olaraq kürəkəni Əli bəyin başına gətirilən müsibətləri və bumüsibətlərin əsas səbəbkarı olan ayrı-ayrı şəxsləri, ümumiyyətlə isə cəmiyyətin özünü tənqid edərək yazırdı:

 

Bir içim çay ilə yüz şahidi-bidin tapılır,

Necə kim, Əli bəyin çıxdı göyə əfqani.

Cəfəri-kar ki, eşitməz, çalalar, zurna səsin,

Der imiş mən hamıdan yaxşı eşitdim ani.

Yeddi gündən sora bir şəxs Dizaqdan yetişib,

Qaziyi-şəhr yazıbdır biri də filani.

Eşidiblər ki, olur şahidi-şiə məqbul,

Bağlayıb uzun Hüseynəli dəri-dükkani.

Həzrəti-qaziyə yanındakı Ağa Novruz,

Eyləyib hər biri bir tərz münasibxani.

Biri bəqqali-bədəfalü kəlambazü füzul,

Biri əhli-zələmə zadeyi-Şəkkərbani.

...Doğruluq qalmayıb əsla bu fəna aləmdə,

Sərnigun ola, görüm, beylə yaman dövrani.

 

[Qasım bəy Zakirin seçilmiş əsərləri Bakı 1953, səh.434.]

 

Növbəti dəfə ailəni himayəyə götürən Zakir hədəfə çevrilir. Zakir sanki qabaqcadan hiss etmişdi ki, bu amansız düşmənlər gec-tez onun da başına müsibətlər gətirəcək, kürəkəni Əli bəy kmi onu da şərə salacaqlar:

 

Hər kimin var isə həmmami edər qərzin əda,

Bari bizlər kimiyə atmayalar böhtani.

 

         Əli bəy Qasım bəy Zakirin qızı Nənəş xanımla ailə qurmuşdu. İbrahim bəy, Abdulla bəy, Xudadad bəy adlı oğlanları vardı.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

23:11