Sadıq bəy Əliverdibəyov: Üzeyir bəyin riyaziyyatçı dayısı - ARAŞDIRMA

Kökcə Qarabağlı olan Sadıq bəy Əliverdibəyov nəcib bir soya bağlı idi. Ulu babası Hüseyn bəy Əli bəy oğlu 1743-cü ildə Qarabağın Bayat nahiyəsinin Pərioğlular obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Əvvəlcə Pənahəli xana, sonra İbrahimxəlil xana xidmət etmişdi.
Hüseyn bəyin Əliverdi bəy adlı oğlu vardı.

Babası Əliverdi bəy Hüseyn bəy oğlu 1775-ci ildə Qarabağın Kəbirli mahalının Pərioğlular obasında doğulmuşdu. Öncə İbrahimxəlil xan Cavanşirə, sonra onun oğlu Mehdiqulu xana xidmət etmişdi. Xanın mahal darğası idi. Çox zaman Ağdam kəndində olurdu.

Atası Ələkbər bəy Əliverdi bəy oğlu 1826-cı ildə Kəbirli mahalının Pərioğlular obasında anadan olmuşdu. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Ələkbər bəy Telli xanım Mir Abdulla bəy qızı Vəzirova ilə ailə qurmuşdu. Mustafa bəy, Ağalar bəy, Bahadur bəy, Sadıq bəy adlı oğlanları, Şirin xanım, Güllü xanım, Əziz xanım, Əzət xanım, Nabat xanım, Gövhər xanım, Ziba xanım adlı qızları vardı.
Kərbəlayı Ələkbər bəyin dördüncü oğlu Sadıq bəy 1890-cı ildə Şuşa qəzasının Pərioğlular kəndində anadan olmuşdu. Mollaxanada ibtidai təhsil almışdı. Sonra Şuşa Real məktəbində oxumuşdu.

Sadıq bəy Əliverdibəyov özü də gözəl görkəmli bir gənc idi: hündürboy, enlikürək, möhkəm bədəni vardı. Məclislərdə özünü təmkinli və nəcib aparırdı. Adamlar da ona çox böyük hörmət bəsləyirdilər.

Sadıq bəy Əliverdibəyov Qarabağın böyük mülkədarlarından idi. Meyvə bağları vardı, muzdurlar saxlayırdı. 1914-cu ildən kənd təsərrüfatı ilə məşğul olurdu. İnqilabdan əvvəl 8 desyatin üzüm sahəsi, 5 desyatin şumluq torpağı, 1 atı, 2 inəyi, 2 öküzü vardı. Bağlarını və torpaq sahələrini əlindən almışlar.

Şəxsi işində yazılıb: Antisovet fəaliyyətilə məşğul olmuşdu. Səsdən məhrum edilmişdi. Muxtar bəy Bədəlbəyov, Cahangir bəy Behbudov, Səlim bəy Əliverdibəyovla əlaqə saxıayırdı. 1929-1930-cu illərdə kolxoz quruluşu əleyhinə çıxmışdı. 1930-cu il 10 aprel qərarı ilə 72-ci və 196-cı maddə ilə üç illiyə Sibirə sürgün edildi. Az QPU-nun kollegiyası yanında xüsusi müşavirənin qərarı ilə əmlakı müsadirə edilmişdir. Novosibirskdə həbsxanada yatmışdı.

O, Şərq musiqisini gözəl bilirdi, yaxşı yaddaşa malik idi, şeir yazır, mahir tar çalırdı.
Sadıq bəy Əliverdibəyov musiqi istedadı ilə yanaşı, o riyaziyyat fənnini də gözəl bilirdi. O, həbsdən sonra Bakının Yasamal rayonunda 28 il baş mühasib işləmişdi.

Sadıq bəy Əliverdibəyov 1974-cü ildə vəfat edib.

Sadıq bəy Əliverdibəyov Şövkət xanımla ailə qurmuşdu. Allahverdi bəy, Haqverdi bəy adlı oğlu, Südabə xanım, Nailə xanım, Nazilə xanım adlı qızları vardı.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

23:35