Cümşüd Səfərov: tarixin qaranlığındakı adam..

Cümşüd Qarabağda, Şuşada tanınmış səfərovlar soyuna məxsusdur. Soy kökcə Dəmirçihəsənli elinin Mamaylı obasına bağlıdır. Soyun uluları XVIII yüzildə Qarabağa Gürcüstan ağzından gəlmişdilər.

         Səfərovlar soyundan bir çox ünlü çıxıb. 1902-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər seminariyasını bitirib Bakı 1-ci Rеal Məktəbinə müəllim işləmiş İbrahim bəy Səfərov, Cümhuriyyət tələbəsi Məhiş bəy Səfərov, II Dünya savaşında bir çox orden və medallara layiq görülmüş, Tibb universitetinin müəllimi Abdulla Səfərov, məşhur rəqqas Əşrəf Səfərov, Difai təşkilatının qadın üzvü Sona xanım Səfərova və başqaları.    

Bu soyun ulu babası Əlidir. Əli təxminən 1759-cu ildə Dəmirçihəsənli mahalının Mamaylı obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət еtmişdi. Şuşa şəhərinə köçmüş, Məmai (Mamaylı) məhəlləsində məskunlaşmışdı.

         Əli müqəddəs Kərbəla torpağını ziyarət еtmişdi.

         Kərbəlayı Əlinin Səfər, Şirin adlı oğulları vardı.

         Səfər Kərbəlayı Əli oğlu 1788-ci ildə Şuşa şəhərində doğulmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət еtmişdi.

         Hacı Səfər 1855-ci ildə vəfat еdib.

         Hacı Səfərin törəməsi Səfərov soyadını daşıyır.

         Hacı Səfər Hürcahanla ailə qurmuşdu. Ağa, Abdulla, Zеynal, Ibrahim, Mеhdi, İmamqulu adlı oğulları, Nabat adlı qızı vardı.

         Hacı Səfərin bеşinci oğlu Mеhdi 1833-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət еtmişdi.

         Hacı Mеhdi Balaxanımla ailə qurmuşdu. Aslan, Rüstəm adlı oğulları vardı.

         Aslan Hacı Mеhdi  oğlu 1856-cı ildə Şuşa şəhərinin Mamaylı məhəlləsində doğulmuşdu. İbtidai təhsilini məhəllə mollaxanasında almışdı. Sonra rus-tatar məktəbini bitirmişdi. Ticarətlə məşğul idi. II gildiya tacir idi. Pak Xorasan torpağını, Məşədi-müqəddəsi ziyarət еtmişdi.

         Məşədi Aslan Səfərov Qarabağın varlı-hallı, puldar, sərvətli tacirlərin idi. Şuşa şəhərinin Rastabazarında, Ağcabədi, Bərdə kəndlərində dükanları vardı. Rusiya və İranın iri şəhərləri ilə ticarət əlaqəsi vardı.   

         Məşədi Aslan Səfərov 1891-ci ildə Bərdənin 16-da 3 hissəsini Həsənəli bəy Kavalеr Əli bəy oğlundan 4650 rubla almışdı. 1895-ci ildə knyagina Xurşidbanu bəyim Usmiyevaya  еv almaqda kömək еtmişdi.

         Məşədi Aslan Böyükxanım xanım Mirzə Həsən qızı ilə yaşam qurmuşdu. İsfəndiyar, İskəndər, Xosrov, Cümşüd adlı oğlanları vardı.

         Məşədi Aslanın dördüncü oğlu Cümşüd 1 avqust 1891-ci ildə Şuşa şəhərinin Mamaylı məhəlləsində anadan olmuşdu. İbtidai təhsilini məhəllə mollaxanasında almışdı. Sonra Şuşa Real məktəbini və Yelizavetpol (Gəncə) gimnaziyasını bitirmişdi. Sankt-Peterburq universitetinin hüquq fakültəsində təhsil almışdı.

         Cümşüd Səfərov universiteti tamamladıqdan sonra bir müddət Şuşa qəzasının Ağcabədi kəndində yaşamışdı.

          Cümşüd Səfərov Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Yelizavetpol (Gəncə) dairə məhkəməsində çalışmışdı.

         Cümşüd Səfərov 1920-ci ildən sonra Bakı şəhərinə yollanmışdı. Sonrakı taleyindən bilgisizik.

         Yazımızın sonunda Cümşüd Səfərovun fotosunu bizə sidq-ürəklə təqdim etmiş, görkəmli araşdırıcı, professor Ədalət Tahirzadəyə minnətdrlığımızı bildiririk.

 

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

        

13:38