Zülfüqar bəy Haqverdiyev: Sinəsi sipər oğul

Difai təşkilatı Azərbaycan xalqının inkaredilməz gerçək tarixidir. Bu tarixinin inkar edilməsi cəhdi qeyri-etik, qeyri-elmi və tarixə primitiv münasibətin təzahürüdür, uğursuzluğa məhkumdur. Bəzi ağzıgöyçəklər bu təşkiları terrorçu qurum kimi qələmə verir və ya üstündən xətt çəkirlər. Bu təşkilatının adının kökündə müdafiə var. Onlar doğma yurdlarını təpədən dırnağacan silahlanmış, uşağa və qocaya rəhmi gəlməyən gözü qızmış quldurlardan, qanlı qatillərdən müdafiə edirdilər. Bu müdafiəçilərdən biri də Zülfüqar bəy Haqverdiyevdir.

Zülfüqar bəy Qarabağda tanınan haqverdiyevlər soyundandır. Bu sоyun ulu babası Hacı Vəli bəy Kəbirlidir. Hacı Vəli bəy XVIII yüzilin sоnunda, XIX yüzilin önündə yaşamışdı. İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Öz adıyla adlanan Hacıvəlilər оbasını idarə edirdi. Bu oba Kəbirli mahalında qərar tuturdu.

Hacı Vəli bəyin törəməsi Vəlibəyоv sоyadını daşıyırlar.

Hacı Vəli bəy Səlbi xanımla ailə qurmuşdu. Haqverdi bəy, Şıxhəsən bəy, Məmmədbağır bəy, Qasım bəy adlı оğulları vardı.

Haqverdi bəy Hacı Vəli bəy oğlu 1801-ci ildə Şuşa şəhərində anadan оlmuşdu. Ata mülkünü idarə etməklə güzəran keçirirdi.

Haqverdi bəyin törəmələrindən bəziləri Haqverdiyev soyadını daşıyırlar.

Haqverdi bəy Balaxanım xanımla həyat qurmuşdu. Əsəd bəy, Dadaş bəy, Fərəc bəy, Abdulla bəy, Teymur bəy adlı оğulları vardı.

Haqverdi bəyin dördüncü oğlu Abdulla bəy 1834-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Abdulla bəyin Zülfüqar bəy, Məmməd bəy adlı oğlanları vardı.

Zülfüqar bəy Abdulla bəy oğlu 1872-ci ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini molla yanında almışdı. Sonra real məktəbdə oxumuşdu. Mehdiqulu xan Usmiyevin darğası idi. Vəkilliklə də məşğul olurdu.

Zülfüqar bəy Haqverdiyev ailəlikcə Şuşa qəzasının Seyidli kəndinə köçmüşdülər.

XX əsrin başlanğıcında ermənilərin qatı millətçi Daşnaksütyun partiyasının Cənubi Qafqazda “Böyük Ermənistan” yaratmaq xülyasına düşməsi, silahlı erməni dəstələri yaradaraq yerli dinc müsəlman-türk əhalisini kütləvi qırmaq, sərvətlərini qarət etmək, yaşayış məntəqələrini yandırmaq siyasəti yeritməyə başlaması Qarabağ regionu, eləcə də Şuşa qəzası üçün fəlakətlər gətirdi. 1905-1906-cı illərdə erməni quldur dəstələrinin başlatdığı qətl və qarətlər bu qəzanın azərbaycanlı əhalisinə ağır zərbə vurdu, dinc yaşayışını pozdu. Erməni silahlı dəstələrinin Qarabağda və digər bölgələrdə dinc azərbaycanlı əhaliyə qarşı qətl və qarətlərinin qarşısının alınmasında Difai partiyası çox böyük rol oynadı. Təsadüfi deyil ki, Difai partiyasının ən böyük şöbəsi “Qarabağ birlik məclisi” idi. Bu təşkilat Qarabağın hər yerində, o cümlədən Şuşa qəzasında erməni silahlı dəstələrinə qarşı əhalinin müqavimətini təşkil etdi. Kərim bəy Mehmandarovun başçılıq etdiyi “Qarabağ birlik məclisi”nin 400 nəfərlik döyüş drujinası var idi. (Azərbaycan tarixi. Yeddi cilddə, c.V, Bakı, Elm, 2001, 672 s., s.144-145)

Şuşa şəhəri Şimali Azərbaycan ərazisində milli təfəkkürün, milli kimliyin formalaşdığı və bütün ölkəyə öz təsirini sirayət etməyə qadir mərkəzə çevrilmişdi. 1905-ci ilin yayında Gəncədə yaradılmış «Qeyrət» adlı qrup Şuşada da nüfuza malik olmuşdur. «Difai» partiyasının ən iri şöbəsi «Qarabağ birlik məclisi» idi ki, məclisin də baş komitəsi Şuşa şəhərində yerləşirdi. Sədri Əbdülkərim bəy Mehmandarov olan məclisin fəaliyyəti bütün Qarabağı əhatə edirdi. (Firdovsiyyə Əhmədova, Şuşa Azərbaycanın milli mədəni mərkəzidir, http://1905.az/susa-azərbaycanin-milli-mədəni-mərkəzidir/)

Zülfüqar bəy Haqverdiyev “Difai” təşkilatının Ağdam şöbəsinin sədri idi. Rotmistr Candieri qubernatora öz məruzələrində bildirmişdi ki, Z. Haqverdiyev “Difai” təşkilatının Ağdam qanadaına rəhbərlik edir. Bu qanadın üzvüləri Səlim bəy Rüstəmbəyov, Baxış bəy Kazımbəyov, onun qardaşı Şükür bəy, Cəfər bəy Vəzirov, Qəhrəman ağa Cavanşir, Qasım bəy Vəzirov, Davud Ağamirzəyev, Hacı Seyid Miriş Seyid Bağır oğlu və başqaları idilər. Təbliğat qrupuna Mirzə Məmməd İbrahimovun başçılığı ilə 6 nəfər daxil idi. (NАII, f.1, оp.Z, d.1478, l.41) Rotmistr Kornilovun raportuna görə isə, partiyanın Ağdam komitəsinə Vladiqafqazda yaşayan və Ağdama gəlmiş Xasay xan Usmiyev başçılıq edirmiş. Elə həmin sənəddə qeyd edilir ki, buraya Səlim bəy Rüstəmbəyov, Cəfər bəy Vəzirov, Qasım bəy Vəzirov və Qəhrəman ağa Cavanşirov daxil olmuşdur. Başqa məlumatlara görə, Ağdam komitəsinə Zülfüqar bəy Haqverdiyev başçılıq etmişdir. Baxış bəy (meşşan) və Şükür bəy Kazımbəyov qardaşları, Mirzə Davud Ağamirzəyev, Hacı Seyid Mirşi Seyid Bağır oğlu (Şuşa şəhərindən olan meşşan) komitənin üzvləri idi. Bu yardımçı komitədə Şükür bəy Kazımbəyov həm də icra hakimiyyətinin təşkilatçısı və rəhbəri rolunu yerinə yetirir, kəndbəkənd gəzərək partiyanın şöbələrini yaradır, əhalini «Difai»yə tabe olmağa and içdirirdi. Mirzə Davud Ağamirzəyev (Əfəndi) təşkilatın katibi idi. Partiyanın Ağdam yardımçı komitəsində Mirzəməmməd İbrahimov başda olmaqla 6 nəfər təbliğatçı vardı. Gizli agent Səfərəli bəy Səfərəlibəyovun 7 mart 1908-ci il tarixli məruzəsindən məlum olur ki, Ağdam komitəsi «qondarma» və «quru bəylərdən» təşkil olunmuşdur. Onların «əsl bəylərə» barışmaz nifrət hissi vardı». Bu, bütün məsələlərdə həqiqi bəylərə bərabər olmaq arzusu və paxıllıq hissi ilə izah edilirdi. Bu «quru bəylərin» öz malikanələri və torpaqları yox idi, lakin onlar Ağdam bazarına nəzarət edirdi və buna görə də xalq arasında müəyyən nüfuza malik idi.

«Qarabağ» Birlik Məclisi»nin proqramı 1907-ci il oktyabr ayında qəbul edilmiş və 52 bənddən ibarət idi. Proqramda «Məclis»in tərkibi göstərilir, onun sədrlərinin, onların köməkçilərinin və katiblərinin hüquq və vəzifələri müəyyən edilir, məclisin vəsaitini təşkil edən gəlirlərin mənbələri göstərilir, müsəlmanların bir-biri ilə və başqa millətlərlə münasibətləri müəyyən edilir, müsəlmanlar arasında dini zəmində (şiə və sünni məzhəbləri arasında) yaranan ayrı-seçkilik pislənilir, müsəlmanların hakimiyyət orqanlarına münasibətləri müəyyən edilir və ümumiyyətlə, «müsəlmanların gücünün, maddi firavanlığının, mədəni inkişafının və başqa millətlərin arzuedilməz təsirindən

təcrid edilməsinin rəhni olan birliyə can atan müsəlmanların necə yaşamalı olması» barədə göstərişlər verilirdi. (Eldar Əzizov, «Qarabağ Birlik Məclisi»: təşkilati strukturu və proqramı, Ədalət.- 2011.- 25 fevral.- S. 6.)

Zülfüqar bəy Haqverdiyev dövrünün mövcud şərtləri altında xalqının mənafeləri naminə fədakarlıqla mübarizə etmişdi. Onun milli ruhu, millətin gələcək müstəqilliyi, Azərbaycan xalqının azadlığı naminə gördüyü işlər barədə yazılmayıb. İndi isə heç vaxt bilinməyən bir sıra həqiqətlərin öz yerini tutması vaxtıdır. Sizə sadəcə oxumaq qalır…

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

16:30