Həşim bəy Nərimanbəyov: Avam və cahillərlə mübarizədə

Şərəfli pedaqoq adının müqəddəsliyini qoruyub saxlaya bilən, şərəfini həmişə uca tutan, xalq qarşısında öz borcunu ləyaqətlə yerinə yetirən şəxsiyyətlərdən biri də Həşim bəy Nərimanbəyovdur.

Həşim bəy Qarabağda, Şuşada tanınmış nərimanbəyovlar soyuna bağlıdır. Soyadın banisi Nəriman   bəy   XVIII   yüzilin   sonları – XIX   yüzilin  önlərində   yaşamışdı.   O, Əhməd  xan İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirin məiyyəti   arasında    idi. Nəriman   bəy   1822-ci  ildə  vəfat  edib. 

Nəriman bəyin törəmələri Nərimanbəyov, Nərimanbəyli soyadlarını daşıyırdılar. (ARDTA, fond 69, siyahı 1, iş 1.)

Nəriman   bəyin Allahverən bəy, Nəriman bəy adlı oğulları vardı.  

Nəriman   bəyin   ikinci   oğlu   Nəriman   bəy   1822-ci  ildə   Şuşa   şəhərində  anadan olmuşdu. O, ibtidai təhsilini molla yanında almış, sonra mədrəsədə   oxumuşdu.   Ticarətlə    məşğul   idi.

II Nəriman   bəy    Zeynəb xanımla və Gövhər xanım Hüseyn bəy qızı Hacıyeva ilə   ailə   qurmuşdu.  Həşim  bəy,   Teymur   bəy   və   Əmir   bəy    adlı   oğulları,  Zümrüd xanım adlı qızı   var   idi.

Həşim   bəy Nəriman bəy oğlu   1859-cu   ildə   Şuşa    şəhərində    dünyaya   göz   açmışdı. İbtidai təhsilini molla yanında almışdı.   Sonra İrəvan  şəhər   gimnaziyasında   oxumuşdu. Seminariyaya qəbul olmuşdu. İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra şəhərdə qalıb, müəllim və məktəb direktoru işləmişdi.

Həşim bəy Nərimanbəyov kollej qeydiyyatçısı mülki çini almışdı.  

Ömrünün ən təravətli çağını uşaqlara sərf edib, iyirmi beş il dərs demiş H.Nərimanbəyovu İrəvanın avam və cahillərinin təqibindən qorumaq üçün yazdığı “Təlim-xeyr edənlərimizin cəzası” adlı məqaləsində Firudin bəy Köçərli deyirdi: “Cəhalət meydanında ömrünün axırınadək kəmali-şövq ilə cəng edən mübarizələrlə bənzər bu qisim müəllimlərimiz azdır”. Bu cür müəllimlərin yaxşı cəhətini F. Köçərli onların xalqı cəhalətdən qurtarmaq uğrunda məhz ürəklə işləmələrində görürdü. O, yaxşı müəllimin ictimai və vicdani vəzifələrini də nəzərdə tutaraq, belələrini “məktəbin canı və içində olduğu camaatın çırağı hesab edirdi. Ümumiyyətlə, Köçərli bu fikirdə idi ki, öz fəaliyyəti üçün pedaqoji sahəni seçmiş hər bir xalq müəllimin “ağlı, biliyi, zəhmətsevərliyi ilə yanaşı, həm də uşaqlara məhəbbət və qayğı ilə döyünən ürəyə malik olmalıdır”. Həşim bəy belə bir müəllim idi.

Firudin bəy Köçərliyə görə, Həşim bəy Nərimanbəyov türklərə xas olan bütün keyfiyyətləri özündə təcəssüm etdirir, uzun illər qazandığı bilik və təcrübəsini gənc nəslə verməkdən nəinki yorulmur, hətta bundan xüsusi zövq alırdı.

Həşim bəy Nərimanbəyov 1896-cı il oktyabrın 21-də İrəvanda rus-tatar (Azərbaycan) məktəbi açmışdır. İlk dəfə məktəbə nəzərdə tutulan 70 şagird əvəzinə 110 şagird qəbul edilmişdi. Rusiya Xalq Maarif Nazirliyi tərəfindən təsdiq edilən Məktəbin tədris planına Azərbaycan, rus, fars, ərəb dilləri, şəriət və hesab daxil idi. Ana dili səs üsulu ilə A.Çernyayevsakinin “Vətən dili”, fars dili Sədi Şirazinin “Gülüstan”, rus dili M.Volperin “Rus dili”, hesab Yevtuşevskinin “Məsələlər kitabı”, şəriət dərsləri isə Firudin bəy Köçərlinin tərtib etdiyi kitab üzrə tədris edilirdi. Rus-tatar (Azərbaycan) məktəbini təsis edən komissiyanın tərkibinə Abbasqulu xan İrəvanski (sədr), İrəvan gimnaziyasının Azərbaycan dili müəllimi İsmayıl bəy Şəfibəyov, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan dili müəllimi Rəhim Xəlilov və başqaları daxil idi. İrəvan ziyalıları məktəbə tez-tez kömək edirdilər. Şəhər teatr həvəskarları tez-tez tamaşalar göstərərək, toplanan vəsaiti Rus-Azərbaycan məktəbinin nəfinə verirdilər. İrəvan quberniya məscidi də məktəbə maddi yardım edirdi.

1899-cu ildə H.Nərimanbəyovun təşəbbüsü ilə onun məktəbinin nəzdində yaşlı müsəlmanlar üçün axşam kursları açılmışdı. Orada rus dili, hesabdan dörd əməli və ana dili dərsləri keçilirdi. Rus dili və hesabı H.Nərimanbəyovun özü, ana dilini isə Mirzə Məmmədvəli Qəmərlinski keçirdi. 1890-cü ildə İrəvana gələn Müzəffərəddin şah Qacar Rus-Azərbaycan məktəbinin şagirdlərinə 300 manat ianə vermişdi. “İrəvan quberniyasının 1906-cı il üçün yaddaş kitabçası”nda göstərilir ki, rus-tatar ibtidai məktəbinin himayəçisi Abbasqulu xan İrəvanski, müdiri Haşım bəy Nərimanbəyov, müəllimləri Həmid ağa Şahtaxtinski, Mustafa Rəcəbov, şəriət müəllimləri Məmməd Qazıyev və Mirzə Məmmədvəli Qəmərlinskidirlər. (Памятная книжка на 1906 г. Эриванской губернии.- Эриван: Эриван. губ. стат. ком., 1905. 1-63, 1-119, 1-15, 1-186,) Həmin seriyanın 1914-cü il buraxılışında İrəvan ikisinifli rus-tatar oğlan ibtidai məktəbinin müdiri Həşim bəy Nərimanbəyovun, müəllimlərinin isə Yevsyukov, Məmmədvəli Qəmərlinski və Vasilyev, şəriət müəlliminin Axund Abdulla Qazıyevin olduqları göstərilmişdir. (Памятная книжка Эриванской губернии на 1914 год. Эривань, 1914, Отд. I, с.59.)

1909-cu ilin “Kavkazski kalendar” məcmuəsində Həşim bəy Nərimanbəyovun İrəvan Rus-tatar məktəbinin müəllimi oldugu göstərilir.

Həşim bəyin Nəriman   bəy   adlı   oğlu, Mahtəban xanım adlı qızı   var   idi. 

Onun haqqında yazılanlardan anlayırıq ki, sözün həqiqi mənasında dahi bir şəxsiyyət kimi formalaşmış və özünü təsdiq etmiş Həşim bəy öz xeyirxahlığı, müdrikliyi, kamilliyi, səmimiliyi, təmənnasızlığı və uzaqgörənliyi ilə əvəzsiz bir insan olub.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

14:04