Mahmud xan Ənsari: tanımağa dəyər...

Hər bir cəmiyyətin daxilindəki qarşılıqlı münasibətlər, ilk növbədə, nəsillərin dialoqudur. Yəni bəziləri nəyisə göstərməyə və sübut etməyə çalışır, digərləri isə bütün bunlara çox cüzi həvəslə və müəyyən qədər şübhə ilə yanaşırlar. Bu yaxınlarda sosial şəbəkə vasitəsilə bir cavan oğlan mənə sual ünvanladı:

- Müəllim, bu qədər keçəndən-keçmişdən yazırsan və paylaşırsan. Bunlar bizim nəyimizə gərəkdir? Elələrindən bəhs edirsiniz ki, heç ad familyalarını düzgün tələffüz edə bilmirik. Bizi keçmiş ilgiləndirmir. Onlar keçmişdə qaldılar...

Fikirləşdim ki, bu həyati aksiom həmişə bəşəriyyətin daha rasional gələcəyə doğru tarixi hərəkət prosesi ilə eyniləşdirilib və belə də olacaqdır. Bu aksiom əsrlər boyu xalqları və dövlətləri müşayiət edən, öz mahiyyətini dəyişməyən sosiumun daxilindəki əlaqələr kompleksinin rəmzidir. Oğlum, bu gün insan sabahın formalaşmaqda olan mütərəqqi, səmərəli və çox vaxt ötəri gündəliyinin əsas elementi kimi çıxış edir, çünki tarixi prosesin sürəti əhəmiyyətli dərəcədə artmışdır. Tarixi unutmaq xalqların qarşısına yeni faciələr çıxara bilər. Millətimizin başladığı azadlıq uğrunda mübairzəsində bu qədər ağır hadisələrdən keçməsinin səbəblərindən biri də keçmiş faciəvi hadisələri barədə kifayət qədər məlumatlı olmamağımız və onları düzgün qiymətləndirə bilməməyimiz idi. Bu bir dərsdir. Bəzi öyrəncilər dərslərinə həvəssiz yanaşırlar.

Mahmud xan Ənsari: tanımağa dəyər...

Mahmud xan Azərbaycanda və İranda məşhur olan Ənsari ailəsinə bağlıdır. Bu ailənin soy-kökü Şeyx Cabir ibn Abdullah əl-Ənsariyə çatır. Bu ailənin nümayəndələri Şimali Azərbaycanda Cəbrayıl, Qubadlı, Qərbi Azərbaycanda Sisyan, Gorus, Cənubi Azərbaycanda Qaradağ bölgəsində yaşayırdılar. İranda isə İsfahan və Xorasan əyalındə öz soyadlarını sürdürürlər.

Mahmud xan Möhbəli xan oğlu 1871-ci ildə dünyaya göz açmışdı. Orta təhsilini mədrəsədə almışdı. Sonra Osmanlı məmləkətinə, İstanbula yollanmışdı. Burda hərbi məktəb oxumuşdu. Hərbi məktəbi bitirəndən sonra Osmanlı ordusunda xidmətə başlamışdı. 15 ilə paşa (general) ünvanı almışdı. I Dünya müharibəsi başlayanda ordudan tərxis olub, Nəcəf və Kərbəlaya gəlmişdi. Burda dini təhsil almışdı. Sonra İrana dönmüşdü. 1919-cu ildə sərtib (briqadir) rütbəsi ilə Kazak dviziyasında xidmətə başlamışdı. (Aqili Baqir, Şərhi-hal rical siyasi və nizamiyi müasir İran, Tehran, 1370, I c. s. 231)

Mahmud xan Ənsari: tanımağa dəyər...

Mahmud xan Ənsari 1921-ci ildə Seyid Ziyaəddin Təbatəbainin hökuməti istefa verəndən sonra İsfahana getmişdi. Bir müddət valilikdə xidmət etmişdi. Rza xan Sipəh hərbi nazir olandan sonra Tehrana dönmüşdü. Onun göstərişi ilə paytaxt qarnizonunda xidmət etmişdi. Şəhərin hərbi hakimi olmuşdu. Rza xan Sultan Əhməd şah Qacardan 4 nəfər zabitə Əmir Ləşkər (general-mayor) rütbəsi istəmişdi ki, biri də o idi.

Mahmud xan Ənsari hərbi nazirliklə Milli Məclisin əlaqəsini yaratmışdı. Rza xan Sipəh Baş nazir təyin ediləndən sonra Mahmud xanı Tehran polis idarəsinin rəisi təyin etmişdi. Bir müddətdən sonra öz xahişi ilə bu vəzifəni sərhəng (polkovnik) Məhəmməd xan Dərgahiyə verib Sultan Əhməd şahı müşaiyət etmişdi. Şah ona Əmir İqtidar ləqəbini vermişdi.

Mahmud xan Ənsari 1924-cü ildə Poçt və Teleqraf Nazirliyində xidmət etmişdi. Rza xan Sipəh Şeyx Xəzəl qiyamını yatırmağa yollananda Əmir İqtidar onu müşaiyət etmişdi.

Mahmud xan Ənsari: tanımağa dəyər...

Mahmud xan Ənsari Sultan Əhməd şah Qacarın son illərində Daxili İşlər vəziri olmuşdu. Nazirlikdə islahat aparmışdı. Bu vəzifədə çalışarkən Sərdari Müəzzəz Bocnurdini Bocnurd, Cüveyn və Şirvan şəhərlərinə hakim təyin etmişdi. Sərdari Müəzzəz Xorasan valisi ilə yola getmədi. Məlikəşşüara Baharın da “Xorasan fironu” adlandırdığı general Canməhəmməd xan Əmir Əlai ilə heç dolanmadı. Mahmud xan əhalinin narazı qaldığı məmurları nazirlikdən xaric etmişdi. Canməhəmməd xan Əmir Əlai Sərdari Müəzzəzin də imzasını saxtalaşdıraraq, nazirlikdən qovulmuş adamlarla birlikdə Fransaya, Sultan Əhməd şahın adına bir məktub göndərdilər. Şahdan İrana geri dönməsini xahiş etdilər. Onlar Əmir İqtidarın da onların adamı olmasını bildirirdilər. Məktub Qacarlar dövlətinin Parisdəki səfarətxanasına göndərilmişdi. Səfarətdə işləyən və Sərdari Sipəhə xidmət edən bir məmur məktubu ələ keçirib, Rza xana göndərdi. Rza xan məktubu oxuyandan sonra Mahmud xana qəzəbləndi. Əvvəlcə onu işdən azad etdi, sonra Qələbəyi zindanına saldı. Bir müddətdən sonra Əmir İqtidarın suçsuzluğu ortalığa çıxdı. Sərdari Sipəh onu zindan azad edib, vəzifəyə dəvət etdi. Mahmud xan Ənsari qətiyyətlə boyun qaçırdı. (Əli Hüseynxani, Əmir Ləşkər Mahmud xan Ənsari (Əmir İqtidar)

Mahmud xan Ənsarinin beş oğlu, üç qızı vardı. Oğlanları Səfərəli xan, Vəli xan, Nüsrətulla xan, İsmayıl xan və Cəmşir xan Məhəmmədrza şahın dövründə yüksək vəzifə tutmuşdular.

Hə, oğlum, bizim vəzifəmiz ondan ibarətdir ki, tarixi sizə tanıdaq. Hətta siz istəməsəniz də...

Mahmud xan Ənsari: tanımağa dəyər...

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

16:42