Hacı Kazım xan Bahaduri: Düz çıxmış fal

Mehdiqulu xan Sarıcalı-Cavanşirin saray eşiyində bir neçə nəfər əyləşib demi tüstülədirdi. Bunlar Lələ Nəbi bəy Kəbirli, eşikağası Kazım bəy Kəbirli, pişxidmət Əlipənah bəy Köçərli,  pişxidmət Əlisuvar bəy, Keşikçi Əli bəy və şərbətdar İman Dədəli. Bir qaraçı onlara yaxınlaşdı. O zaman Şuşada qaraçı yoxudu. Onlar Cavanşir mahalında olurdular. Rüstəm bəy Cavanşirin rəiyyətləri idilər. Qaradağdan, Qaraçı kəndindən gəlmişdilər. Qərəz, bu əndirabadi geyimli qadını saray eşiyinə kim buraxmışdı? Keşikçi Əli bəy göz dolandırıb fərraşlara bazdı. Yağləvənd Mehdixan fərraş əlini yellədi ki, dəymə, ziyansızdır.
Qaraçı qadın comalağa yaxınlaşdı. Əli bəy ondan soruşdu:
-Xala, nə niyazın var? Tez ol, xan indilərdə gələsidi. Yoxsa şatır şallağı yeyəcəksən!
-Fala baxıram, bala!
Şuşada fala ancaq dərvişlər baxırdılar. Dərvişlər də kişi xeylağı olurdular. Mat-məttəl qaraçının üzünə baxdılar. Qaraçı şıppadan eşikağası Kazım bəyə baxıb dedi:
-Sən xan olacaqsan!
Eşikağası Kazım bəyin rəngi ağardı:
-Yaxşı tikdin dədəmin evini! Bu mütəfini eşikdən çıxarın!..
Həmin gündən xan eşiyində eşikağası Kazım bəyə yanakı baxırdılar... 

Kazım bəy əslən Kəbirli elinin Əfətli oymağındandır. Qarabağ xanlığının adlı-sanlı sərkərdəsi Rüstəm bəyin nəvəsi idi.

Kazım bəy Qasım bəy oğlu Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl  mədrəsə  təhsili  almışdı. Əvvəlcə İbrahimxəlil xan Sarıcalı-Cavanşirə, sonra Mehdiqulu xana xidmət etmişdi. Sarayda eşikağası vəzifəsində çalışırdı. 

İbrahimxəlil xanın vəziri Mirzə Məhəmmədəli Hacı bəy oğlu yazır: «Mirzə Rəbi Gürcüstan çarı İraklinin baş naziri, müsəlman vəziri idi. Mərhum İbrahim xan onun qızını almaq istəyirdi. Ona görə də məni və məiyyətindən 50 nəfəri Tiflisə еlçiliyə göndərdi. Həmin hеyətin tərkibində еşikağası Kazım bəy, pişxidmət Əlisuvar bəy, Əli ağa Hacı ağa oğlu Qaraqoyunlu, Əlipənah yüzbaşı Köçərli və Allahvеrən bəy Bərgüşadi var idi. Mən çara, əyanlara məktublar və dəyərli hədiyyələr də apardım ki, Nisə xanımı yola hazırlasınlar. Mən Tiflisə gələndən sonra hədiyyələri payladım. Nəhayət çarın yanında oldum. Müsəlman dininə görə, kəbin və yaxud nikah üçün siğə-mütə duasını oxuduqdan sonra Nisə xanımı əbədi olaraq mərhum İbrahim xana aldıq. Onun xеyli cеhizini, lələsi Ağa Rəcəbəlini, arvadı Xеyrənnisə xanımı və digər xidmətçiləri götürüb gеriyə Qarabağa qayıtdıq». [ARDTA, Mehdiqulu xan Qarabağlının fondu, siyahı 1, vər. 17.]

1822-ci ildə Mehdiqulu xan İrana qaçandan sonra ruslar Kazım bəyi Şuşa şəhərinə polismeystr köməkçisi təyin etdilər.

1826-cı ildə Kazım bəy qardaşları  ilə  bərabər  İrana  qaçmışdı. Abbas  mirzədən  xan  ünvanı  almışdı. Şahzadənin qvardiyasında tüfəngdar kimi xidmət edirdi. 

1827-ci ildə Kazım bəy Əhər şəhərində yaşayırdı.[ QAKA, VII cild, sənəd 508.]

Kazım xan Qacarlar ordusunun yüksək rütbəli zabiti kimi bir çox döyüşlərdə iştirak etmişdi. 
    1250-ci hicri ilində (miladi 1835-ci il-Ə.Ç.) Ağ qala və öz möhkəmliyinə görə tarixdə məşhur оlan digər Fars qalaları həmişə о ətrafda оlan şər qüvvələrin və yоlkəsənlərin sığınacağı оlmuşdu. Həmin ildə bu qalalar Yarı xan Məməsənin оğlu Vəli xanın ixtiyarında idi. О, dövlət adamlarına qalanı təslim etmək vədini vermişdi. Lakin qоşun qalaya yaxınlaşarkən tüfəngçilər təslim оlsa da dövlət nümayəndələri оnlarla sərt rəftar etməyə başladılar. Оnlar da digər tayfalardan kömək istəyib bir-biri ilə vuruşdular. Bu xəbər Mötəməddövləyə çatdıqda çоxlu sayda qоşun götürüb Şahzadə Firuz mirzənin dəstəsində оnlarla vuruşdu və Vəli xanı məğlub etdi. О, tayfanın qənimətini ələ keçirib qələbə müjdəsini Vəli xan və оnun iki оğlu-Bağır xan və Hadi xanla Darul-xuləfəyə (Tehran-Ə. Ç.) göndərdilər. Şahzadə Firuz mirzə və Mötəməddövlə padşahın kamil lütfünə nail оldular. [Etimadüssəltənə Məhəmmədhəsən xan Müqəddəm.. Gös. əsəri.II cild, s. 918]
 Kazım xan bu vuruşmada bir çox igidliklər göstərmişdi.
    
Kazım xan müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
    
Hacı Kazım xan Bəhmən mirzə Qacardan sonra, Məhəmməd şahın fərmanı ilə Xalxalın hakimi təyin edilmişdi.
    
Hacı Kazım xan Qaradağ vilayətinin Şərqi Dizmar mahalının Mərdannaqim kəndində məskunlaşmışdı. Bu kənddə onun soyuna Bahadurilər deyirdilər.
    
Hacı Kazım xanın Məhəmmədsadıq xan, Kərim xan adlı oğlanları vardı.

Ənvər Çingizoğlu,

jurnalist-etnoqraf

12:20