Muxtar bəy Muradov: maarif və müdafiə cəngavəri

Erməni terrorizminə qarşı mübarizə məqsədi ilə qurulmuş Difai təşkilatının əsas üzvlərindən biri də Muxtar bəy Muradovdur.

         Muxtar bəy Cavanşir elinin Yağləvənd oymağının Hafizəlili (Havsallı) tayfasına mənsubdur. Ulu babası Şirin kələntər Səfi xan oğlu təxminən 1750-cı ildə Cavanşir-Dizaq mahalının Yağləvənd obasında anadan olmuşdu. Mədrəsə  təhsili  görmüşdü. Atasından  sonra  oymağın  kələntəri  olmuşdu.

         Şirin kələntərin Əliverdi ağa, Xələf bəy adlı oğlanları vardı.

Əliverdi  ağa  Şirin  kələntər  oğlu  1770-ci  ildə  Yağləvənd  obasında  anadan  olmuşdu. Molla  yanında  oxumuşdu. İbrahimxəlil  xan  onu  divanxanaya  fərraşbaşı  təyin  etmişdi. Uzun  müddət  divanxanada  çalışmışdı. Mehdiqulu  xan  onu  vergidən  azad  etmişdi.

Əliverdi  ağanın  İmamverdi  ağa  adlı  oğlu  vardı.

İmamverdi  ağa  Əliverdi ağa oğlu 1792-ci ildə Şuşa  şəhərində doğulmuşdu. İbtidai  təhsilini  molla  yanında  almışdı. Ticarətlə məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Məşədi İmamverdi  ağa 1846-cı ildə vəfat edib.

Məşədi İmamverdi  ağa Hüsnücahan xanımla ailə qurmuşdu. Şirin bəy, Əli bəy adlı oğlanları, Nənəş xanım, Minə xanım adlı qızları vardı.

II Şirin bəy  Məşədi İmamverdi  ağa oğlu 1826-cı ildə Şuşa  şəhərində dünyaya gəlmişdi. İbtidai  təhsilini  molla  yanında  almışdı. Sonra  mədrəsə oxumuşdu. Dəllallıqla məşğul olmuşdu. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.

Kərbəlayı Şirin bəyin Muxtar bəy adlı oğlu vardı.

Diqqətli oxucu gördü ki, Muxtar bəyin yüksələn şəcərəsində Murad adlı şəxs yoxdur. Bəs bu ad onun soyadına necə daxil olub? Bunu aydınlaşdıraq. Kərbəlayı Şirin bəy Yağləvənd obasının Külədərli tayfasından Məşədi Əmir Murad yüzbaşı Seyid oğlunun qızı ilə ailə qurmuşdu. Kərbəlayı Şirin bəy vəfat edəndən sonra onun uşaqlarını Məşədi Əmir Murad yüzbaşı saxlamışdı. Muxtar bəy ana babasının adını soyad kimi götürmüşdü.

Muxtar bəy Kərbəlayı Şirin bəy oğlu  1863-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu. İbtidai  təhsilini  molla  yanında  almışdı. Sonra  şəhər  real  məktəbini  bitirmişdi. Zaqafqaziya  (Qori)  Müəllimlər  Seminariyasında  tərbiyəçi  kimi   işə  başlamışdı. Sonra  seminariyanın  müəllimi  olmuşdu. Azərbaycan  ziyalılarının  yetişməsində  önəmli  rolu  vardı.

Muxtar bəy Muradov həvəskar aktyor kimi bir çox tamaşalarda oynamışdı.

Muxtar bəy Muradov Difai partiyasının Şuşa komitəsinin üzvü idi. (ГА РФ, ф. 523, оп. 3, д. 9, л. 53а) Şuşa komitəsinin əsas üzvüləri: Muxtar bəy Muradov, İsmayıl bəy Axundov (bazar darğası), Süleyman Əsgərov (tacir), Hacı Sadıq Məmmədov, Məşədi Cəfər oğlu (İran təəbəsi), Məşədi Əhməd Əzimov, Hacı Mirzə Hüseyn Kərim oğlu Münşizadə, Əfrasiyab Əzimov, Kərbəlayı Yusif Mirsiyabov və başqaları-cəmi 18 nəfər. (Документы по русской политике в Закавказье, Вып.1, Баку, 1920, с. 22)

Muxtar bəy Muradov Difai partiyasının Maarif sahəsinə başçılıq edirdi. Maarif sahəsində proqram “kişi və qadın cinsindən olan uşaqlar üçün təhsil müəssisələri açmaq və onların yeni üsulla öyrədilməsi üçün hər cür səy göstərməyi” nəzərdə tuturdu. (ГИААР: Ф.524,оп. 1, д.18, л.24.)

Muxtar bəy Muradov “Qarabağ Birlik Məclisi”nin fəal təbliğatçısı idi.  “Qarabağ Birlik Məclisi”nin “Şuşa müsəlmanlarının bacarıqlı, çevik, hiyləgər və zehni cəhətdən daha çox inkişaf etmişləri” sırasından seçilmiş təbliğatçıları əhali arasında fəal iş aparırdı. Kəndlərdə iqtisadi ehtiyacları öyrənmək üçün rəy sorğusu keçirmək bəhanəsi ilə xalqı bir yerə toplayır və eyni zamanda ona şəriətin tələbləri izah edilir, heyvan oğurluğuna, qar ətlərə son qoymaq tövsiyə edilir, “qüsurlu” insanlar pisl ənir, ermənilərlə dinc münasibətlər yaratmaq təbliğ edilirdi. Bu tələblərin pozulmasına görə xalq qarşısında məsuliyyət barədə xəbərdarlıq edilirdi. (Документы по русской политике в Закавказье, с.20.)

1908-ci ilə qədər “Difai”nin fəaliyyəti o qədər geniş miqyas almışdı ki, Azərbaycan qəzalarında çar hakimiyyəti orqanlarının mövcudluğuna təhlükə yaranmışdı. Partiya üzvlərinə qarşı repressiyalar başlanmışdı. Qafqaz canişini özünün 4 mart 1908-ci il tarixli fərmanı ilə “Difai” partiyasının ləğv edilməsi barədə tapşırıq vermişdi. (Ахмедов А. Азербайджанские тюрки в революции 1905 г., с. 290.)

Muxtar bəy Muradov tutqular zamanı Qoriyə getmiş, canını həbsdən qurtarmışdı. Lakin sonralar onu sevdiyi müəllimlik peşəsindən uzaqlaşdırmışdılar.

Muxtar bəy Muradov mülkədar idi. Onun Qaryagin qəzasının Yağləvənd obasının “Dəlmə” sahəsində xeyli torpağı vardı.

Muxtar bəy Muradov 1918-1920-ci illərdə Bakı-Culfa dəmiryolunun Cəbrayıl qəzasından keçən tikintisinin mühafizə idarəsinin rəisi idi.

Muxtar bəy Muradov sovet dönəmində Qaryagin RİK-də məsul vəzifədə çalışmışdı.

Muxtar bəy Muradov  Qumru xanım Mirzə Sadıq bəy qızı Sultanova ilə ailə qurmuşdu. Adışirin bəy, Halay bəy, Gəray bəy adlı oğulları, Zöhrə xanım, Silə xanım adlı qızları vardı.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

14:28