Sadıq bəy Zöhrabbəyov: möhtərəm mesanat

Sadıq bəy Qarabağda, Şuşada tanınmış zöhrabbəyovlar soyuna bağlıdır. Bu soy öz başlanğıcını Zöhrab bəydən götürür. Zöhrab bəy təxminən 1757-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Yaxın qohumu Qalabəyovlara xidmət etmişdi. Qalabəyovların nümayəndələri həm Şuşa şəhərinin qalabəyi, həm də Otuziki mahalının naibləri idilər.

         Zöhrab bəyin törəmələri Zöhrabbəyov soyadını daşıyırlar.

         Zöhrab bəyin Niftalı (Lütfəli) bəy, Səfərəli bəy, Seyidəli bəy, Hüseynəli bəy adlı oğulları vardı.

Zöhrab bəyin üçüncü oğlu Seyidəli bəy 1793-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai  təhsilini  molla  yanında  almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

         Məşədi Seyidəli bəyin Kərim bəy, Əkbər bəy, Nəcəf bəy, Qaraməmməd bəy, Cəfər bəy adlı oğulları vardı.

Məşədi Seyidəli bəy üçüncü oğlu Nəcəf bəy 1829-cu ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai  təhsilini  molla  yanında  almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.

         Hacı Nəcəf bəyin Salah bəy, Rza bəy, Sadaq bəy, Həmid bəy adlı oğulları vardı.

Hacı Nəcəf bəyin üçüncü oğlu Sadıq bəy 1868-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai  təhsilini  molla  yanında  almışdı. Sonra Şuşa Real məktəbində oxumuşdu. O, musiqi və klassik poeziyaya bilicisi kimi, ərəb-fars dillərini kamil bilən, eyni zamanda rus dilinə aşina olan mükəmməl ziyalı kimi yetişmişdi. Əsasən ticarətlə məşğul idi.

Sadıq bəy Zöhrabbəyov ticarət işlərini Rusiya imperiyasının Vladiqafqaz şəhərində aparırdı. Həmin şəhərdə zöhrabbəyov qardaşlarının yaşayış evləri, ticari kontorları vardı.

Sadıq bəy Zöhrabbəyov maarifçilik hərəkatına, elm və təhsilin yayılmasına kömək əli uzadan nadir iş adamlarından biri olmuşdur. O, qardaşları ilə birgə Vladiqafqaz şəhərində qız pansionatı tikdirmişdi. Onun mesenatlıq fəaliyyəti olduqca zəngin və çoxşaxəlidir. Qardaşı kollej katibi, görkəmli pedaqoq Mirzə Salah bəy Şuşada məktəb tikdirərkən ona böyük maliyyə dəstəyi göstərmişdi.

Maarifin-məktəbin çiçəklənməsinə yardım edən Sadıq bəy Zöhrabbəyov Şuşadan görkəmli pedaqoq Bahaəddin bəy Köçərlinskini Vladiqafqaza dəvət etmiş, onu işlə və qalacaq yerlə təmin etmişdi.

Musiqi aşiqi olan Sadıq bəy Zöhrabbəyov Qarabağ xanəndələrinin dinləyicisi və seyrçilərindən olmuşdu. Məşədi Məmməd Fərzəliyevə xüsusi rəğbəti vardı. Bu adlı-sanlı xanəndəni tez-tez Vladiqafqaza dəvət edirdi.

Onun səxavəti və nəcibliyi, qonaq və kasıblara göstərdiyi təmənnasız köməyi artıq Sadıq bəy Zöhrabbəyovu bütün qafqazlarının hörmət bəslədiyi ləyaqətli bir insana, böyük nüfuz sahibinə, şəxsiyyətə çevirmişdi.

Sadıq bəy Zöhrabbəyov inqilabdan sonra Azərbaycana dönmüş, Bakıda məskunlaşmışdı.

Sadıq bəy Zöhrabbəyov 1942-ci ildə Bakı şəhərində vəfat edib.

Sadıq bəy Zöhrabbəyov Ziba xanım Əlirza bəy qızı Qaibova ilə ailə qurmuşdu. Qulam bəy, Şükür bəy adlı oğlanları, Dürdanə xanım adlı qızı vardı.

         Sadıq bəy Zöhrabbəyovla bağlı araşdırmalarımız davam edir..

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

17:36