Yusif xan Ərfəi: bir zabitin faciəsi

Yusif xan Ərfəi haqqında nəinki Azərbaycan dilində, heç fars dilində də geniş məlumat yoxdur. Onun bioqrafiyası xalqdan gizlədilir. Vikipediyada olan kiçik bir məlumatı isə xaricdə yaşayan iranlılar qoyublar. Fotosu isə yoxdur. Mən İranda olarkən dostlardan onun haqqında soruşdum. Koronadan qaçan kimi sualdan qaçdılar. Axi Yusif xanın İran İslam Respublikası ilə əlaqəsi olmayıb. Rza şah Pəhləvinin dövründə öldürülüb. Nə məsələdir. Çoxu sadəcə olaraq tanımır, heç bir informasiyaya malik deyil. Özüm sərbəst axtarışa başladım. Sonda az da olsa, məlumat tapdım. Fotosunu isə qələmlə deşik-deşik etmişdilər.  

Yusif xan Ərfəi 1891-ci ildə Təbriz şəhərində anadan olmuşdu. İlk təhsilini doğma şəhərində almışdı. Sonra Osmanlı dövlətinə, İstanbul şəhərinə yollanmışdı. Orta və hərbi təhsilə bu şəhərdə yiyələnmişdi. 1913-cü ildə Osmanlı ordusunda naib (leytenant) kimi xidmət etmişdi. Birinci dünya müharibəsi dövründə müxtəlif rütbələrlə döyüşmüşdü. Osmanlı cəbhələrində "Qızıl Ay" cəmiyyətində rəşadət və şücaət göstərmişdi. Almaniya qərargahı tərəfindən Dəmir xaç ordeni ilə təltif olunmuşdu. Osmanlı ordusunda sərvan (kapitan) rütbəsinə qədər yüksəlmişdi.

Yusif xan Ərfəi 1919-cu ildə artileriya zabiti kimi vətənə dönmüşdü. İran jandarmasında xidmətə başlamışdı.

Yusif xan Ərfəi 1921-ci ildə yavər (mayor) rütbəsinə layiq görülmüşdü.

Yusif xan Ərfəi İsmayıl ağa Simitko üsyanın yatırılmasında iştirak etmişdi.

Yusif xan Ərfəi 1922-ci ildə Təbriz ordusu yarandıqdan sonra topxana rəisi vəzifəsinə təyin edilmişdi. Sərhəng (polkovnik) rütbəsi ilə Urmiya qoşununa da rəhbərlik etmişdi. 1925-ci ildə Üşnəviyyə hissəsinə rəis göndərilmişdi.

Yusif xan Ərfəi 1926-cı ildə Salmas kazarmasında baş verən üsyanda həmin hissənin rəisi idi. Nədən qiyam qalxmışdı? Həmin dönəmdə bir neçə hərbi hissədə zabit və əsgərlər qiyam qaldırmışdılar. Səbəbi sosial məsələlərlə bağlı idi. Hərbi geyim, qida vaxtında verilmir, maaş-məvacib aylarla ödənilmirdi.

Salmas kazarması qiyam qaldırıb, dövlət məmurlarını tanımaqdan imtina etmişdi. Yusif xan Ərfəi sərbazların başına ağıl qoymağa cəhd etdi:

-Qardaşlar, hökumətlə hökumətlik etmək olmaz. Üstümüzə top-tüfəngli minlərlə əsgər gələcək.

Yusif xan Ərfəi sərrast güllə atəşi ilə qətl edildi.

Əhvalat bu qədər. Nədən sevmirlər, anlamadım..

Yusif xanın qətlinə görə, 54 nəfər əsgər edam edilmişdi.

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

 

21:47