Səlim bəy Sultanov: it namusu yemir..

Ordu ənənələri zabit şərəfinin üzərində qurulub. Azərbaycan ordusu isə tarixən peşəkar, vətənpərvər, şərəfli, şöhrətli zabitləri ilə zəngin olub. Bu yazımızda onların birindən söhbət açmaq istəyirik. Səlim bəy Sultanov haqda.

Səlim bəy Qarabağda, onun bir guşəsi Zəngəzurda məşhur olan sultanovlar soyuna mənsubdur. Sultanovlar Püsyan elinin Babalı oymağına bağlıdırlar. Bu soyun ulu babası Həsən sultan II İbrahim sultan oğlu 1760-cı ildə Püsyan elinin Babaylı oymağında dünyaya pənah gətirmişdi. Molla yanında oxumuşdu. Atasından sonra sultan ünvanı ilə oymaqlarına başçılıq etmişdi.

Həsən sultan böyük mülkədar idi. Onun Zəngəzur ərazisində xeyli mülkü vardı. Sonra bu mülkü oğlanları arasında böldü.

Həsən sultanın Nəsir bəy, Məhəmmədhüseyn bəy, Abdin bəy, Əsəd bəy, Nəcəf bəy, Allahverdi bəy, Mehdi bəy, Rüstəm bəy, Atakişi bəy adlı oğlanları vardı.

Həsən sultanın beşinci oğlu Nəcəf bəy Püsyan mahalının Bəxtiyarlı kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ata mülkünü idarə etməklə güzəran keçirirdi.

Nəcəf bəyin Lütfəli bəy, Qasım bəy, Əbdüləli bəy, Əsgər bəy adlı oğlanları vardı.

         Nəcəf bəyin ikinci oğlu Qasım bəy 1830-cu ildə Qarabağın Püsyan mahalının Bəxtiyarlı kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Özəl mülkünü idarə etməklə güzəran keçirirdi.

Qasım bəy Pərinisə xanımla ailə qurmuşdu. Şamxal bəy, Abbas bəy, Həbib bəy, Məhəmməd bəy adlı oğlanları vardı.

Şamxal bəy Qasım bəy oğlu Sultanov 1860-cı ildə Şuşa qəzasının Zə­n­gə­zur sahəsinin Püsyan nahiyəsinin Bəxtiyarlı kəndində do­ğul­muş­du. Molla yanında oxumuşdu. Özəl mülkünü idarə etməklə güzəran ke­çirirdi. Gürcülü kəndinə köçmüşdü. Pir­çivan və Danzaver kənd­lə­rin­də də yaşayırdı.

Şamxal bəy Fatma xanım Löhraz bəy qızı Mahmudbəyova ilə ailə qur­muşdu. Səlim bəy, Əhməd bəy adlı oğlanları, Qumru xanım adlı qızı vardı.

Səlim bəy Şamxal bəy oglu Sultanov 29 aprel 1895-ci ildə Zən­gəzur qəzasının Pirçivan kəndində dünyaya gəlmişdi. Va­li­deyn­lə­ri ilə birlikdə Danzaver kəndinə köşmüşdülər. O, ibtidai təhsilini mol­la yanında almışdı. Sonra Vorenej şəhərinə yollanmış, real mək­tə­bə daxil olmuşdu. İki il burda təhsil alandan sonra Moskva Sə­na­ye məktəbinə dəyişilmişdi. Bu məktəbi bitirib, doğma yurda dön­müş­dü. 28 noyabr 1912-ci ildə Zəngəzur qəza idarəsində dəftərxana xid­mətçisi kimi işə başlamışdı. Sonra mirzə, tərcüməçi vəzifələrinə yük­səlmişdi. (ARDA, fond 170, siyahı 1, saxlama vahidi 1278, vərəq 4.)

Səlim bəy Sultanov I Dünya müharibəsi başlayanda zabit kimi, poruçik rütbəsində Tatar Süvari alayına yazılmışdı. Tatar Süvari alayı 1914-cü il avqustun 9-da Yelizavetpolda (indiki Gəncədə) təşkil edilməyə başlandı. Əslən Bakıdan olan podpolkovnik V.Staroselskinin müvəqqəti rəhbərlik etdiyi alay 4 yüzlükdən təşkil edilməli idi. 1-ci yüzlüyün süvariləri Qazax, 2-ci - Şuşa və Cavanşir, 3-cü - Ərəş, Zəngəzur, Qaryagin, Nuxa, 4-cü - Borçalı qəzalarının könüllülərindən təşkil olunmuşdu. Süvari alayda 22 zabit, 3 hərbi məmur, alay mollası, 575 nizami sıravi (onlar rəsmi sənədlərdə və danışıqda "süvari" adlanırdılar), 68 qeyri-nizami sıravi olmalı idi. Alayın təşkilinə köməklik göstərmək üçün Baş Komandanlıqdan ezam edilən hərbçilər qrupuna 16-cı Tver draqun alayından polkovnik şahzadə Feyzulla mirzə Qacar başçılıq edirdi. Avqustun 5-də Qafqaz hərbi dairəsinin qərargah rəisi Yelizavetpol qubernatoruna çağırışı başlamaq barəsində məktubla xəbər vermiş, avqustun 27-də isə qubernator tələb olunan 400 süvari əvəzinə 2000-dən artıq könüllünün toplandığını bildirmişdir.

Tatar Süvari alayı cəbhə bölgəsinə beş eşalonla 1914-cü il, 11-13 sentyabr tarixlərində cəbhəyə  yollandı. Cəbhəyə çatandan sonra Sana çayı sahilinə çıxarılan alaylar Polyançik, Rıbne, Verxovina-Bıstra istiqamətlərində ağır döyüşlərə atıldılar. 1915-ci ilin yanvarında düşmənin Peremışl istiqamətinə yürüşünün qarşısını almaq üçün Tatar alayı hətta piyada halda vuruşmalı oldu.

1916-cı ilin yayında Tatar Süvari alayı Cənub-Qərb cəbhəsinin "Brusilov əməliyyatı"nda iştirak edir. İyunun əvvəllərində ağır Çernovisı döyüşlərində qalib gələn Tatar alayı Çeremoş çayına çıxdı, sonra isə Çeçen alayı ilə birgə düşmənin atəşi altında çayı keçməyə müvəffəq oldu. Rostoku tutaraq alaylar sürətlə Prut çayı istiqamətində irəlilədilər. 1917-ci ilin mayın 14-də Tatar süvari alayının komandiri polkovnik knyaz Levan Luarsaboviç Maqalov təyin edildi (rəsmən iyul ayından komandir vəzifəsində təsdiqlənib). 1917-ci ilin avqustunadək döyüşlərdən çıxmayan Tatar Süvari alayı döyüşçülərinin qəhrəmanlığı yüksək qiymətləndirilirdi.

Alayın 6 nəfər zabiti Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi, 5 nəfər zabiti isə ona bərabər tutulan "Qızıl silah"la təltif edildilər. Təltif olunanların sırasında alayının poruçiki Səlim bəy Sultanov da var idi. Alayın bütün zabitləri imperiyanın digər ordenləri ilə də mükafatlandırıldı. Digər alayların tərkibində vuruşan azərbaycanlılar da mükafatlandırıldı. Belə ki, Kabarda süvari alayının ştab - rostmistri Kərim xan İrəvanski "Qızıl silah"la təltif edildi. Sıravilər sırasında da fərqlənənlər az deyildi. Əli bəy Nəbibəyov, Sayad Zeynalov, Mehdi İbrahimov, Ələkbər Hacıyev tam Georgi kavalerləri (4 "əsgər" Georgi nişanına layiq görülənlər tam kavaler sayılırdılar) olmuşdur. Üç Georgi xaçı və üç Georgi medalı ilə Osman ağa Gülməmmədov təltif edildi. Şuşalı Zeynal bəy Sadıxov xüsusi qeyd edilməlidir: kəşfiyyat dəstəsində unter - zabit kimi xidmətə başlayaraq o, üç Georgi xaçı və bir Georgi medalı ilə təltif edilmiş, bilik və bacarığına görə zabit rütbəsinə layiq görüləndən sonra daha dörd döyüş ordeninə layiq görülmüşdü. 4-cü dərəcəli "əsgər" Georgi nişanı ilə Paşa Rüstəmov, Xəlil bəy Qasımov, şahzadə İdris mirzə Qacar, Kərim Qulu oğlu təltif edildilər.

1917-ci il iyunun 24-dən etibarən Müvəqqəti hökumətin qərarı ilə "əsgər" Georgi xaçı ilə zabitlər də təltif edilə bilərdi. "Əsgər" nişanının 4-cü dərəcəsi ilə L.Maqalov, Cəmşid xan Naxçıvanski, Xait bəy Şervaşidze, rotmistr Şahverdi xan Ziyadxanov, ştabs - rotmistrlər Süleyman bəy Sultanov və Ehsan xan Naxçıvanski, ştabs - kapitan Cəlal bəy Sultanov, poruçik Səlim bəy Sultanov təltif edildilər.

Səlim bəy Sultanov ştabs-rotmistr rütbəsində ordudan tərxis olunmuşdu.

Səlim bəy Sultanov 1917-cı ildə öz qəzalarında pristav kimi ça­lışmışdı.

Səlim bəy Sultanov AXC dönəmində ermənilərə qarşı vuruşan fəal şəxs­lər­dən biri idi. Döyüşən orduya qatılmışdı.

Səlim bəy Sultanov 1919-cu ildə ştabs-rotmistr rütbəsində 1-ci Tatar atlı alayında xidmət edirdi. (ARDTA, f.2894, siy.1, iş.40, v.10)

8 fevral 1919-cu ildə Səlim bəy Sultanov taqımına 3 pulemyot almışdı (ARDTA, f.2894, siy.6, iş.1, v.60)

Səlim bəy Sultanov 8 dekabr 1919-cu ildə hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə  rotmistr rütbəsi almışdı. (ARDTA, f.2894, siy.1, iş.3, v.165-166.)

7 yanvar 1920-ci ildə  hərbi naziri əvəz edən Əli ağa Şıxlinskinin əmri ilə 1-ci atlı Tatar alayının rotmistri Səlim bəy Sultanov 1 yanvardan Kürd Süvari diviziyasının komandanı təyin edilmişdi. (ARDTA, f.2894, siy.1, iş.7., v.16.)

Kürd Süvari diviziyası 1919-cu ildə yaranmışdı. Azərbaycan ordusunun Baş ərkani-hərb rəisi general-leytenant Sulkeviç Qarabağ ermənilərinin Azərbaycan hakimiyyətini tanımasına toxunaraq bildirirdi ki, Qarabağa nəzarətin itirilməsi ilə ermənilər heç vaxt razılaşmayacaqlar və münasib imkan yaranan kimi bu ərazini işğal etmək məqsədilə yenidən təcavüzləri genişləndirəcəklər. Təcavüzün qarşısının alınması üçün çoxlu qüvə lazım idi. Ona görə də general-leytenant Sulkeviç təklif edirdi ki, ərazi prinsipi üzrə kürd hərbi hissələri yaradılsın (ARDTA, f.2898, siy.1, iş 6, v.30).

Kürd hərbi hissələrinin yaradılması eyni zamanda Zəngəzurda erməni təcavüzünün qarşısını almaq üçün ciddi əhəmiyyətə malik idi. Kürd əhalisi də əsasən elə Zəngəzur qəzası ərazisində yaşayıdı. Bu hissələrin kürd zabitləri ilə təmin edilməsi üçün oktyabr ayında Xosrov bəy Sultanov Hərbi Nazirlik qarşısında hərbi məktəbdə kürd kursunun açılması barədə məsələ qaldırdı ("Азербайджан", 26.10.1919). Müsbət həll edilmiş bu məsələlərin hər ikisi Zəngəzurda və Qarabağda erməni təcavüzünün cilovlanması üçün atılmış daha bir addım idi.

Ermənistan hökuməti Zəngəzur məsələsini bir dəfəlik həll etmək və bu qəzanın bütün ərazisini azərbaycanlılardan təmizləyib ora şəriksiz sahib çıxmaq üçün öz qanunsuz əməllərindən əl çəkmirdi. Oktyabr ayında Ermənistan hökuməti Zəngəzur ərazisinə xüsusi təxribatçılar qrupu göndərdi ki, bu qrup Zəngəzurun erməni əhalisini azərbaycanlılara və Azərbaycan hökumətinə qarşı qaldırsın. Onların ardınca isə Zəngəzurda Ermənistanın nizami qoşun hissələrinin gücləndirilməsi planlaşdırılırdı.

1919-cu ilin payızında ermənilər bütün güclərini Zəngəzura doğru istiqamətləndirdi. Çünki yuxarıda qeyd edildiyi kimi, Zəngəzur ermənilərin planlarında strateji əhəmiyyət daşıyırdı. Azərbaycanlıların öz doğma yurdlarından qovulması hesabına Ermənistanın genişləndirilməsi kimi təcavüzkar bir planın həyata keçirilməsində Zəngəzur mərkəzi yer tuturdu. Ermənilər yaxşı bilirdilər ki, Qarabağın ələ keçirilməsi də Zəngəzurun bütünlüklə işğalından sonra mümkün ola bilərdi. Yəni, Zəngəzurun Azərbaycandan qoparılması Qarabağa doğru hərəkətin ilk mərhələsi hesab olunurdu. Ona görə Azərbaycan hökuməti üçün də Zəngəzurun qorunması strateji əhəmiyyət daşıyırdı. Bu torpaqların itirilməsi Azərbaycanın bir parçasının itirilməsi və eləcə də burada yaşayan on minlərlə azərbaycanlı əhalinin faciələrlə üzbəüz qalması demək idi. Digər tərəfdən Zəngəzurun təhlükəsizliyinin təmin edilməsi ilə Qarabağ da ciddi təhlükələrdən xilas ola bilərdi.

Hərbi Nazirliyin rəhbərliyi də bu cəhətə diqqət yetirirdi. Lakin Cümhuriyyət ordusunun lazımınca formalaşmadığı bir vaxtda ora qoşun çıxarmaq mümkün deyildi. Yalnız 1919-cu ilin payızında Lənkəran əməliyyatı uğurla başa çatdırıldıqdan sonra Hərbi Nazirliyin rəhbərliyi Zəngəzura qoşun çıxarmaqla buradakı erməni hərbi qüvvələrinin zərərsizləşdirilməsi barədə düşünməyə başladı. Nəzərə alınırdı ki, mövcud olan konkret tarixi şərait də Zəngəzura qoşun çıxarılması üçün münasib idi. Xüsusilə azərbaycanlı yaşayış məntəqələrinin, Naxçıvan, Şərur-Dərələyəz bölgələrinin müqavimət qüvvələrinin kifayət qədər fəal olmasının milli qoşun hissələrinin Zəngəzura doğru hərəkəti ilə əlaqələndirilməsi planlaşdırılırdı. Zəngəzura doğru yürüş əsasən 1-ci piyada diviziyasının qüvvələri tərəfindən həyata keçirilməli idi.

Zəngəzurda baş verən qırğınların qarşısını almaq, qəzada Azərbaycan hökumətinin səlahiyyətlərini tam bərpa etmək üçün 1919-cu il oktyabrın 30-da Zəngəzur dəstəsi yaradıldı. Zəngəzur dəstəsinin rəhbəri 1-ci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlınski idi (ARDTA, f.2898, siy.1, iş 6, v.31). Dəstə noyabrın əvvəllərində bir neçə gün gərgin döyüşlərdə iştirak etdi.

Səlim bəy Sultanov 1920-ci ildə İrana qaçmışdı. Orda öz adını dəyişmiş, ana babası Şuşalı Löhrasb bəyin adını götürmüşdü.

Səlim bəy Sultanov Qacarlar ordusunda sərhəng (polkovnik) rütbəsində xidmət etmişdi. Ordu atlarına baxırdı.

1924-cü ildə onu yoxlamağa gələn qərargah rəisi Kərim ağa Buzurcomehri (1886-1951) atlardan birinin arıqlığını bəhanə edərək Səlim bəyi təhqir etmişdi. Ona “Qafqaz hambalı” demişdi. Səlim bəy Sultanov evinə yollanmış,  xanımına və övladlarına bir məktub yazandan sonra özünü güllələmişdi. Bu hadisədən Rza xan Sərdar Sipəh çox kədərlənmiş, əmr etmişdi ki, onu şərəfli bir zabit kimi dəfn etsinlər. Onun dostlarından biri sonra danışmışdı ki, bu xəbərə hirslənən Rza şah söyləmişdi:

-Biçarə, güllənin birini də Kərim ağanın beyninə vuraydın!

Səlim bəy Sultanovun yurdunda üç oğlu qalmışdı. Onlar Tehran universitetində təhsil almışdılar.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

15:40