Məşədi Süleyman Əsgərov: “Süleymani” havasına pərvaz...

Yəqin ki, Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan” operattası yadınızdadır. Orda bir obraz var Tacir Süleyman. Adına da xalq arasında “Süleymani” adlı oyun havası var. Bu Tacir Süleyman prototipdir. Dahi bəstəkar onu həyatdan götürüb və şəxsən tanıyırmış. Həmin ədəbi obrazın konkret  obyekt predmetinin əksi olması haqqında bilgilərimizi sizinlə bölüşürük.

Məşədi Süleyman Qarabağda, Şuşada məşhur olan əsgərovlar soyuna mənsubdur. Bu soy Şuşada Hacıəsgərlilər tayfasına bağlıdır. Hacıəsgərlilər Pənahəli xan Cavanşirin dövründə Təbrizə aid olan Məməqan qəsəbəsindən gəlmişdilər və Şuşanın Təbrizli məhəlləsində məskunlaşmışdılar.

Babası Əsgər Muxtar oğlu Şuşa şəhərində anadan оlmuşdu. Mədrəsə təhsili almışdı. İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Sоnra ticarətlə məşğul оlmuşdu. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.

Hacı Əsgər Səkinə ilə ailə qurmuşdu. Allahverdi, Allahverən, Bağır, Məmmədhüseyn, Qasım adlı oğlanları vardı.

Allahverdi Hacı Əsgər  oğlu 1806-cı ildə Şuşa şəhərində dоğulmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla tоrpağını ziyarət etmişdi.

Kərbəlayı Allahverdi dəfələrlə Mehdiqulu xan Cavanşirin əlini tutmuş, bоrc vermiş, ticarət ilişkiləri оlmuşdu.

Kərbəlayı Allahverdi Fatmanisə ilə yaşam qurmuşdu. Dadaş, Yusif, Süleyman adlı oğlanları vardı.

Kərbəlayı Allahverdinin üçüncü оğlu Süleyman 1857-ci ildə Şuşa şəhərində dünyaya bоy göstərmişdi. Məktəb təhsili almışdı. Ticarətlə məşğul idi. Əsasən, fərş, xalı-xalça satırdı. İranın əksər şəhərləri ilə alveri vardı. 1890-cı ilə aid sənədlərdə ikinci gildiya tacir kimi qeyd оlunub. Sоnrakı qeydlərdə göstərilir ki, Süleyman Kərbəlayı Allahverdi оğlu meyvə, qurğuşun ticarəti ilə də məşğuldur. O, pak Xоrasan tоrpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Məşədi Süleyman Əsgərov “Difai” təşkilatının qolu olan “Qarabağ məclisi”nin üzvü idi. “Qarabağ məclisi”nin Şuşa komitəsinə doktor Kərim bəy Mehmandarov başçılıq edirdi. O, 1883-cü ildən Şuşada həkim işləyirdi. Onun köməkçisi Cahangir xan Nuribəyov idi.Komitənin katibi Şuşa qarşılıqlı-kredit bankının direktoru Xuduş Quliyev idi. İcraiyyə idarəsinə və hərbi təşkilata Məşədi Şamil Hacıyev başçılıq edirdi.

Komitənin üzvüləri: Muxtar bəy Muradov, İsmayıl bəy Axundov (bazar darğası), Süleyman Əsgərov (tacir), Hacı Sadıq Məmmədov, Məşədi Cəfər oğlu (İran təəbəsi), Məşədi Əhməd Əzimov, Hacı Mirzə Hüseyn Kərim oğlu Münşizadə, Əfrasiyab Əzimov, Kərbəlayı Yusif Mirsiyabov və başqaları-cəmi 18 nəfər. (Документы по русской политике в Закавказье, Вып.1, Баку, 1920, с. 22)

Bir mənbəni də nəzərdən keçirək: “İrşad” qəzeti, 29 may 1907, №99 Xüsusi müxbirimizdən, Şuşadan. "Tazə həyat" ruznaməsinin 21-mci nömrəsində "Zəngəzur əhvalatları" ünvanında xəbəri oxuyub cənab müxbir qərəz və əfsad yolu ilə Zəngəzur əhvalatında beğtədən Qarabağda bağat əhvalatlarına köməkdə nainsat töhmətqulig gördügimizə görə iqameyi- həqq üçün bu neçə kəlməni yazmağa məcburuq! Keçən sənə Qafqaz camaatı barama toxmını az saxlamağa görə bağların hamusı salamat qalırdı. Ona binaən biz hər hal Bursadan gəmlikdən xəbərdar olub bilmişik ki, bu sənəbarama toxmı çox az hasilə gəlüb. Biz zeyldə müsəmma olan 5 nəfər şəxs kompaniya olub bir nəfərimizi ki, ibarət ola, Məşədi İsgəndər Nəsirovdan göndərmişik gedib Türkiyəyə gedib Bursadan gəmlikdən 19 min korobka toxum cəm edib göndərib buraya. Biz də h əmin toxumun 6 min korobkasın Kəbirli Cavanşir uyezdinə Ağdam mahalına, 8 min korobkasın Cəbrayıl uyezdinə dizaq mahalına, Min korobkasın Zəngəzur uyezdinə Çay mahalına nisyə füruş etmişik. 11 abbası, 12 abbası, qərar ilə Tiflis şəhərində postatoxum füruş olub. 2 manatdan 13 abbasıya kimi Nuxu şəhərində, 2 manat 50 qəpikdən 3 manatadək Kaspeyski krayda, 3 manatdan 5 manata kimi Rəşt dairəsində, 3 manat 21 qəpikdən, 4 manat 50 qəpikdən bizim bu iştirak edub. Qarabağ mahalına bir bu qədər toxum gəturdigimizə bais olub camaatın dəstəgir olmayub əskük qiymətə toxum almağına bizim toxumun füruşundan bəd bir qara əşxaslar yəşxiyobdan 8 min korobkayadək alublar 2 manat 7 qəpiyə. Bizim zəif natəvan millət qardaşlara füruş ediblər hər korobkasın 3 manat 80 qəpiyə nəğdə əlavə birin Cəbrayıldan, Cəvanşirdən, Malaman, Ağdam, Bərdə yanlarından, Tərtər yanlarından gedüb Tiflisdə 11 abbasıdan 13 abbasıya kimi toxum alub gətirüb mahallarda mənfəətinə füruş edüblər. Bəd Şəxi Şəxıyev özü burada Dəha əhlinə 13 min korobkayadək toxum füruş edub nağda 2 manat 70 qəpikdən 3 manat yarımadək. Hamıya məlumdur ki, bu sənə 3 sənədir ki, Gəncə quberniyasına bir nəfər toxum satan gəlməyub iğtişaş olmağa görə. Nəhayət müxbir sahib qərəz ilə biinsaf və hirs alış verişdən heç bir şey zikr etməyub bizim haqqımızda olan iftirani iştihar verür, biz yazdığımız mətalibi həqq mülahizə təhqiqini hamu müsliminə həvalə edirük. Qövlümüz xilaf olsa, bundan ziyadə töhmətə sözavar olmaluyuq. Məhz şərti müsavat və ədaləti gözləmək yolilə bizim bu sənə çəkdigimiz zəhamatın nəticəsində bir 5 nəfər hər bələddə olan müsəlman qardaşlarımıza xəbər verüb, təvəqqe edüb çağıruruq bizim bu sənətdə mahir olub səriştəlü olmağımıza görə hər kəs xahiş etsə, az tənxahla yainki çox tənxah ilə təşrif gətürsünlər. Kompaniya olub bu sənə hasilə gələn baramanı müştərək alaq və həmişəlik ittifaqımız olsun. Hər bir böyük işlərdə kompanya olub milləti irəlü aparaq və gələcəkdən ötrü ipək barəsində böyük binalar qoyaq cəmi böyük partiya işlər biz müsəlman camaatının əlindədir. Hərgah biz müttəfiq olsaq, ümid var ki, hər bir işi öz qaydası ilə aparaq sairlərə də möhtaclığımız olmasun və təşrif götürən camaat gərək iyun ayının 5-ci gününədək təşrif gətürsünlər.

 Məşədi Süleyman Əsgərov, Rüstəm Cavadov, Əbutalıb Əsgərov, Məşədi İsgəndər Tağıyev.

Əlimizdə olan bilgilərə görə, Məşədi Süleyman Əsgərov Qarabağın ən varlı tacirlərindən biri idi. Bazarbaşında xeyli dükanları varı.

Məşədi Süleyman Əsgərov 9 iyul 1908-ci ildə Yelizavetpol (indiki Gəncə) Dairə Məhkəməsinə verdiyi ərizədə bildiridi ki, Naxçıvan şəhər sakini Kərbəlayı Cabbar Ələsgərov ona 7.955 manat borcludur.

Məşədi Süleyman Əsgərov 6 oktyabr 1909-cu ildə Yelizavetpol (indiki Gəncə) Dairə Məhkəməsinə verdiyi ərizədə bildiridi ki, Səltənət bikə və başqa Usmiyevlər ona 7.000 manat borcludurlar.

Məşədi Süleyman Əsgərov 27 iyul 1913-cü ildə Yelizavetpol (indiki Gəncə) Dairə Məhkəməsinə verdiyi ərizədə bildiridi ki, Məşədi Əbutalib Əsgərov ona 3.000 manat borcludur.

Məşədi Süleyman Əsgərov əmisi Məşədi Əlinin qızı ilə ailə qurmuşdu. Əli adlı oğlu vardı.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

16:52