Ənvər Həsənov: ana kimi yar olmaz..

Ənvər Həsənov anası Zərəfşan xanımla

 

Ənvər Həsənov Qarabağda, Şuşada tanınmış şirinbəylilər soyuna mənsubdur. Bu soy haqqında keçən yazılarımızda müfəssəl məlumat vermişik.

Kərbəlayı Həsən bəyin üçüncü oğlu Xanlar bəy 1871-ci ildə Şuşa şəhərində anadan olmuşdu.

Xanlar bəy Şirinbəyov 1942-ci ildə vəfat edib.

         Xanlar bəy əvvəlcə Zərəfşan xanımla (1895-1980), sonra Səriyyə xanımla ailə qurmuşdu. Birinci nikahdan Ənvər bəy, Arif bəy, ikinci nikahdan Kamal bəy adlı oğlanları vardı.

         Ənvər bəy Xanlar bəy  oğlu Şirinbəyov 1913-cü ildə Şuşa şəhərində doğulmuşdu. Orta təhsilini bitirəndən sonra AZNKİ-yə (indiki Azərbaycan Neft akademiyasına qəbul olmuşdu.

         Ənvər bəy Şirinbəyov sovet dönəmində Həsənov soyadını qəbul etmişdi.

         Ənvər Həsənovun gözəl nitq qabiliyyəti vardı. 1926-1927-ci illərdə Azərbaycan radiosunda diktor işləmişdi.

         Ənvər Həsənov institutu tamamlayandan sonra mühəndis kimi neft sahəsində çalışmışdı.

         Ənvər Həsənov neftçi-mühəndis kimi brona sahib idi. Buna baxmayaraq ərizə ilə hərbi komissarlığa müraciət etmişdi. Bir neçə ərizədən sonra, nəhayət cəbhəyə yollandı. Böyük leytenant rütbəsində atıcı taqıma başçılıq edirdi. O, cəbhədə faşist işğalçılarından onlarla sovet  kəndinin alınması döyüşlərində iştirak etmişdi.

         Ənvər Həsənov  1942-ci  ildə   Kerç  döyüşlərində   ağır  yaralanaraq    əsir  düşmüşdü.  Bir müddət əsirlikdə sürücü işləmişdi. 1943-cü ildə  əsirlikdən  qaçıb, partizan hərəkatında iştirak etmişdi. Döyüşə-döyüşə Berlinə qədər getmişdi.     

Ənvər Həsənov  1945-ci  ilin noyabrında ordudan tərxis olunub,  Bakıya  dönmüşdü.  Və  gələn  kimi  də  onu   həbs  eləmişdilər.  Ənvərin   də, qardaşı Kamalın  da  məhkəməsini  eyni  günə  salmışdılar.  Ənvərə  10  il  iş  kəsib,  Vorkutaya  sürgün  elədilər. O, sürgünə gedərkən həyat yoldaşı Səmayə xanıma bildirmişdi ki, başına nə gələcəyi naməlumdur. Sürgündə vəfat da edə bilər. Ona görə boşanıb, başının çarəsinə baxsın. Qızlarına da qaygı göstərsin. Səmayə xanım məntiq qarşısında qalıb razılaşmışdı.

Ənvər Həsənovun anası Zərəfşan xanım Nə Vorkutada, nə Maqadanda, nə də Əlibayramlıda oğlunu yalqız buraxmamışdı. Soyuqda, sıcaqda oğlunun yanını kəsdirib, biş-düşünü, nəvazişini əsirgəməmişdi.

Ənvər Həsənov sürgündən sonra Bakıya dönmüşdü. Ona Bakıda yaşamağa icazə verməmişdilər. Əlibayramlı (indiki Şirvan) şəhərində məskunlaşmışdı. “Şirvanneft” neftçıxarma idarəsində çalışmışdı. Diplomu milis orqanlarında qaldığından 7-ci dərəcəli operator kimi fəaliyyət göstərmişdi. Onun kontorunun qazdığı ilk quyular da gözəl nəticə vermiş və bu quyular ətrafında iki neft mədəni yaradılmışdı.

Ənvər Həsənov nəhayət oxuduğu institutdan arayış ala bilmişdi. Arayışa əsasən onu sahə rəisi təyin etmişdi. Azadlığının məhdudlaşdırılması müddəti tamamlanandan sonra Bakıya dönmüşdü. Dəniz neftçıxarma idarəsində işləməyə başlamışdı.

Ənvər Həsənov 1953-cü ildə bəraət almışdı. Onun üstündən bütün ittihamları götürmüşdülər.   

XX əsrin 50-ci illərindən başlayaraq zəngin dəniz neft yataqlarını kütləvi surətdə kəşf edib istismara vermək Azərbaycan neft sənayesinin qarşısında duran mühüm vəzifələrdən biri idi. O da bütün qüvvə və bacarığını, elm və istedadını bu şərəfli vəzifənin namusla yerinə yetirilməsi uğrunda qızğın mübarizəyə sərf etmişdi.

         Ənvər Həsənov bir müddət mütəxəssis kimi Hindistanda çalışmışdı.

         Ənvər Həsənov Əməkdar neftçi fəxri adına layiq görülmüşdü.

         1967-ci ildən sonra Ənvər Həsənovun hərbi təqaüdü bərpa edilmiş, medalları özünə qaytarılmışdı.

         Ənvər Həsənov 1994-cü ildə vəfat edib.

         Ənvər Həsənov əvvəlcə Səmayə xanım Hüseyn bəy qızı Ağayeva ilə, sonra Zinyət xanımla (1934-1996) ailə qurmuşdu. Birinci nikahdan Nailə xanım, Elmira xanım adlı qızları, ikinci nikahdan Xanlar bəy, Əli bəy adlı oğlanları var.

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

 

 

16:17