Mirzə Məhəmmədhüseyn xan Səidli: Avşar elinin sənətkar oğlu

Avşar eli təkcə öz cəngavər oğulları ilə tanınmır. Həm də yaradıcı sənətkarları ilə ünlüdür. Onların çoxu savadlı, hərtərəfli inkişaf etmiş şəxsiyyətlər idi və bədii fəaliyyətləri incəsənətin yalnız bir sahəsi ilə məhdudlaşmırdı. Bu sənətkarlar tarix və ədəbiyyata gözəl bələd idilər. Avşar elinin tanınmış sənətkarlarından biri də Mirzə Məhəmmədhüseyn xan Səidlidir.

Əvvəlcə səidliləri, Mirzə Məhəmmədhüseyn xanın ulularını aydınlaşdıraq. Avşar elinin oymaqlarından biri də Səidlidir. Səidli oymağı əsasən Urmiya, Xalxal və Kerman ətrafında məskunlaşmışdı.

Səidli oymağının tanınmış əmirlərindən biri Məhəmmədqulu bəydir. Məhəmmədqulu bəy Nadir şahın hakimiyyəti dönəmində xan ünvanı ilə Şirvana hakim təyin edilmişdi.

Səidli oymağının məşhur əmirlərindən biri də Mirzə Məhəmməd bəydir. Urmiya hakimi Fətəli xan Araşlı-Avşara xidmət etmişdi.

Səidli oymağının səs-soraqlı əmirlərindən biri də Şahməhəmməd bəydir. Şahməhəmməd bəy Fətəli xan Araşlı-Avşarın sərkərdələrindən idi.

Səidli oymağının adıbəlli simalarından biri də Mirzə Mustafa bəydir. Mirzə Mustafa bəy Fətəli xan Araşlıdan başlamış, Hüseynqulu xan Qasımlıya qədər Urmiya xanlarının mustofisi (maliyyə müfəttişi) işləmişdi.

Səidli oymağının səsli nümayəndələrindən biri də Mirzə Məhəmmədhəsən bəydir. Mirzə Məhəmmədhəsən bəy Hüseynqulu xanın hakimiyyəti dönəmində xüsusi işlər vəziri vəzifəsində çalışmışdı.

Səidli oymağının ünlü nümayəndələrindən biri də Şeyx Məhəmməddir. O, Urmiya vilayətinin Səidli kəndində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Urmiyaya yollanmış, Sərdariyyə mədrəsəsində oxumuşdu. Müctəhidlik dərəcəsinə qədər ucalmışdı.

Şeyx Məhəmməd Səidli Xorasanın pak torpağını, İmam Rzanın müqəddəs hərəmini ziyarət edəndən sonra Tehrana dönmü.dü. burda şahzadə Abdulla mirzə Dara ilə görüşmüşdü. Şahzadə həmin dönəmdə Xəmsə və Zəncanın valisi təyin edilmişdi. Şeyx Məhəmmədi də Zəncana dəvət etmişdi. O, bu dəvətdən sonra Zəncanda məskunlaşmışdı. 

Şeyx Məhəmmədin Əbutalib adlı oğlu vardı.

Əbutalib Şeyx Məhəmməd oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini ev şəraitində almışdı. Sonra mədrəsədə oxumuşdu. Atası ilə birgə Zəncanda məskunlaşmışdı. Əyalətin vəziri vəzifəsini icra etmişdi.

Mirzə Əbutalibin Məhəmmədhüseyn, Məhəmmədhəsən adlı oğlanları vardı.

Məhəmmədhüseyn Mirzə Əbutalib oğlu Səidli Zəncan şəhərində dünyaya göz açmışdı. İbtidai və orta təhsilini doğulduğu şəhərdə almışdı. Sonra Tehran darülfünuna daxil olmuşdu. Darülfünunu bitirəndən sonra Maarif və Elm naziri Əliqulu mirzə Etizadüssəltənənin  (1822-1880) yanında xidmətə başlamışdı. Nasirəddin şah bu istedadlı gəncin qabiliyyətini yüksək qiymətləndirir, Darülfünunun kitabxanasının müdiri təyin edir. Darülfünunun kitabxanasının müdiri vəzifəsində çalışarkən o, İranda itib-batmış əlyazmaları toplamaqla məşğul olmuşdu. Ədəbi ictimaiyyət arasında Rəisülkittab ləqəbi ilə tanınmışdı.

Mirzə Məhəmmədhüseyn Səidli sonra Etimadüssəltənə Məhəmmədhəsən xan Müqəddəmlə  (1843-1896) bərabər çalışmışdı.

Mirzə Məhəmmədhüseyn Səidli Nasirəddin şahdan xan ünvanı almışdı.  

Ömrü boyunca Mirzə Məhəmmədhüseyn xan Səidli Tehranın mədəni və ictimai

həyatında fəal iştirak edib. Şeirlər yazmış, kitablar nəşr etmiş, məktəblərdə dərs demiş, elm və incəsənətin müxtəlif sahələrinə həsr olunmuş xeyli kitab yazmışdı.

Mirzə Məhəmmədhüseyn xan Səidli nəstəliq xəttini məharətlə yazmağı bacarıb. O, yüksək bədii ustalıqla Quranın bir neçə nüsxəsinin üzünü köçürür və tədris işi ilə məşğul olurdu.

Mirzə Məhəmmədhüseyn xan Səidli bir neçə kitabın katibidir. Kitablardan biri “Səfərnaməyi-ətabat” adlanır. Bu kitab Nasirəddin şahın Kərbəla səfərindən bəhs edir. Köçürdüyü kitablardan biri “Tüzuki-Teymuri”dir. Köçürdüyü və redaktə etdiyi kitablardan biri də “Hədaiyiq-sehr” adlanır. O zaman İranda mətbəə üsulu ilə kitab çapı hələ geniş yayılmadığından,  yaradıcıların qələm məhsulları katib nüsxələrində yayılıb, intişar tapırdı.

Mirzə Məhəmmədhüseyn xan Səidli bir neçə kitabın isə müəllifidir. Bu kitablardan biri “Gənc-şaiqan” adlanır. Kitabı 1856-cı ildə qələmə alıb. Onun ikinci kitabı “Tarixe Əfqanıstan”dır. Bu kitabı isə 1857-ci ildə yazıb. Müəllifin üçüncü kitabı “Fələkülsəadət”dir. Bu əsəri şahzadə Əliqulu mirzənin göstərişi ilə təhrir və təshih edib, çapa hazırlamışdı.

Mirzə Məhəmmədhüseyn xan Səidli kitabxanada çalışmaqla yanaşı, eyni zamanda İran şairlərinin əsərlərini toplayaraq, sanballı bir kitab-təzkirə hazırlamışdı. Təzkirə “Gənc-şaiqan” adlanır. Onun klassik sənətkarların bədii irsinin qorunub saxlanmasında təzkirə müəllifi kimi böyük rolu var.

Mirzə Məhəmmədhüseyn xan Səidlinin şəxsi əlyazma kolleksiyası vardı. Şərq mənəvi irsinin çoxaldılmasında və yayılmasında, mühafizəsində və təbliğində, tədrisində Darülfünun kitabxanasının əvəzsiz rolu olmuşdur.   

Mirzə Məhəmmədhüseyn xan Səidli Rəhmətulla xan Sarı Aslanın bacısı ilə ailə qurmuşdu. Mirzə Əbdülvahab xan adlı oğlu, Zəhra xanım adlı qızı vardı.

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

 

13:39