Mahmud Pənahiyan - Pənahəli xanın kommunist törəməsi - ARAŞDIRMA

Mahmud Qulamhüseyn xan oğlu Pənahiyan Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Ali hərbi məktəb bitirmişdi. Pənahəli xanın törəməsi, İbrahimxəlil xanın kötücəsi, Əbülfət xanın nəticəsidir.            

          Mahmud Pənahiyan qardaşı Əli ilə birlikdə azadlıq hərəkatına qoşulmuşdu. Əvvəlcə Tudənin, sonra Azərbaycan Demokratik firqəsinin üzvü olmuşdu. ADF-nin yaradılmasında Məşrutə inqilabının və Şeyx Məhəmməd Xiyabani hərəkatının fəalları, azadlıq istəyən bütün sinif və zümrələrin nümayəndələri, eləcə də məşhur “53-lər”dən olanlar yaxından və fəal iştirak etmişlər. S.C.Pişəvəri öz yazılarında bunlardan Hacı Əzim xan, Nizaməddövlə Rəfii, Müstəşarəddövlə, Nurulla xan Yekani, Nemət Ağavəli Səmsam, Şeyx Bürhani, Əli Fitrət, Əli Qəhrəmani, Tağı Şahin, Təsuclu Camal, Mir Kazım Ələm, Cəfər Ədəbi, Mir Əbdülhüseyn Faiqinin və b. adlarını çəkir. Bu şəxsiyyətlər Məşrutə hərəkatında və Xiyabani qiyamında, şahlıq diktaturası əleyhinə mübarizədə ağır və məşəqqətli yol keçmiş şəxslər idi.

          Mahmud Pənahiyan Azərbaycan Milli Hökumətində təmsil olunmuşdu.

          Azərbaycan Milli Məclisi 1945-ci il dekabr ayının 20-də Qızılbaş xalq qoşunlarının yaradılması haqqında qanun qəbul etmişdir. Milli Hökumət yeni yaranmış qoşunlarına böyük sərkərdə Şah İsmayıl Xətainin öz ordusuna verdiyi adı, Qızılbaş adını qəbul etmişdir. Azərbaycan Milli Hökuməti xalq qoşunları nazirliyi qarşısında böyük vəzifələr qoymuşdu. Cavanların könüllü surətdə orduya çağırışı başlanmışdı. Qız və oğlanlar, cavanlar təşkilatlarına müraciət edib onları Qızılbaş Xalq Qoşunları tərkibinə qəbul etmələrini xahiş etmişlər. 1945-ci il dekabr aymın 30-da Azərbaycan Milli Hökumətinin sədri S.C.Pişəvəri cavanlara, xüsusilə qızlara təşəkkür edib hələlik ordu sıralarına hamının qəbul edilməsinə imkan olmadığını bildirmişdir. Qəbul olunanlar Milli Hökumət tərəfindən hərbi məktəblərdə, polis və hüquq siyasi məktəblərində təhsil almağa başlamışlar. Rəsmi Qızılbaş Xalq Qoşunlarının baş hərbi qərargahı yaranmış, 9 nəfərdən ibarət heyət qərargaha rəhbərlik orqanı kimi seçilmişdir: Seyid Cəfər Pişəvəri, Cəfər Kaviyan, Əbulqasim Əzimi, Qulam Yəhya Danişyan, Rəbi Kəbiri, Mahmud Pənahiyan, Nəvai, Milaniyan, Əbdülrza Azər.

          General Mahmud Pənahiyan hərbi qərargahın rəisi, kadr üçün iki illik siyasi məktəbin rəisi Zeynəlabdin Qiyami və polis məktəbi rəisi general Möhsün Milaniyan təsdiq edilmişdir.

          General Mahmud Pənahiyan firqə dağılandan sonra Bakıya gəldi.Sonra İraq dövlətinin dəvətiylə Bağdada getdi və Pəhləvi rejiminin müxalifləriylə əməkdaşlıq etdi. Orada Bağdad radiosun və "İran xalqlarının Milli Cəbhəsi" adlı qrupu təsis etdi.  

1981-ci il Əlcəzair Müqaviləsindən sonra yenə Bakıya qayıtdi.

          Bəzi farsdilli müəlliflər öz əsərlərində Doktor Mahmud Pənahiyan-Təbrizini "pantürkist" kimi göstərirlər. Onun sənəd və ilkin mənbələr əsasında yazdığı əsərləri həzm edə bilmirlər.

          Doktor Mahmud Pənahiyan-Təbrizinin 1948-50-ci illər sayım materialları əsasındakı hesablamalarına görə, ölkənin 16,5 milyonluq əhalisinin 5,3 milyonu (ya 32,1%) Türk dilində danışırdı. [ Məhmud Pənahiyan-Təbrizi, Fərhənge coğrafiyaye melliye Torkane İranzəmin, c. 3, (yersiz), 1972, s. 371-374] Həmin müəllifə görə, Mərkəzi ostanda (Tehran şəhəri olmadan) 503,0 min, Gilanda 731 min, Mazandaranda 101 min, Doğu Azərbaycanda 1845 min, Batı Azərbaycanda 703 min, Kirmanşah və Kürdüstanda 525 min, Xuzistanda 2,6 min, Farsda 349 min, Kirmanda 580 min, Xorasanda 355 min, İsfahanda 167 min Türk yaşayırdı. Türkdilli əhalinin ümumi sayına (5,3 milyon nəfər), o cümlədən Türkmənlər (Q. Petrovun hesablamalarına görə 119,3 min) və Fars ostanında yaşayan Qaşqaylar (1957-ci ildə 300 min nəfər) da daxil idilər.

          Doktor Mahmud Pənahiyan bir neçə kitabın, çoxsaylı elmi və kütləvi məqalənin müəllifidir.

          Doktor Mahmud Pənahiyanın "İran türklərinin milli coğrafiya lüğəti" ("Fərhənge coğrafiyaye melliye Torkane İranzəmin, (yersiz), 1972) adlı dördcildlik   adlı əsəri var.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

16:03