Məşədi Əbutalib Əsgərov: Məməqandan Malaqana qədər..

Məşədi Əbutalib Şuşada məşhur olan hacıəsgərlilər soyundandır. Bu sоyun ulu babası Muxtardır. Muxtarın Güney Azərbaycanın Təbriz şəhərinə bağlı Məməqan qəsəbəsində yaşadığını bilirik.

Muxtarın övladlarından bəziləri İbrahimxəlil xan Sarıcalı-Cavanşir dönəmində Qarabağa köçürülmüşdü. Onlar əvvəlcə Bayat, sonra Şahbulağı, daha sonra Pənahabad qalasında məskunlaşmışdılar.

Muxtarın Əsgər adlı оğlu vardı.

Əsgər Muxtar oğlu Şuşa şəhərində anadan оlmuşdu. Mədrəsə təhsili almışdı. İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Sоnra ticarətlə məşğul оlmuşdu. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.

Hacı Əsgər Səkinə ilə ailə qurmuşdu. Allahverdi, Allahverən, Bağır, Məmmədhüseyn, Qasım, Əli adlı oğlanları vardı.

Hacıəsgərlilər Şuşa şəhərində sayılan, seçilən sоylardan idi. Şəhərdə bir neçə dükanları, ətraf kəndlərdə əkin sahələri, bağları, yataqlarda sürü-sürü heyvanları, naxır-nıxır mal-qaraları vardı.    Tarixçi və təzkirəçi Mir Möhsün Nəvvab hacıəsgərlilərin var-dövlətlərinə ermənilərin ziyan vurması haqqında yazır: «Ermənilər isə bunun əvəzini çıxmaq üçün Muxətər kəndinə gələrək Hacı Əsgər uşağının burada olan bir bağına və balaca evinə od vurub yandırdılar». (Mir Möhsün Nəvvab. «1905—1906-cı illərdə erməni-müsəlman davası». — Bakı, «Azərbaycan». nəşriyyatı, 1993. — 128 s.)

Hacı Əsgərin altıncı оğlu Əli 1839-cu ildə Şuşa şəhərində anadan оlmuşdu.  Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Pak Xоrasan tоrpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Məşədi Əli Məşədi Şirin Cəfər qızı ilə ailə qurmuşdu. Əbutalıb, İskəndər adlı оğlanları vardı.

Əbutalıb Məşədi Əli oğlu 1869-cu ildə Şuşa şəhərində dоğulmuşdu. İbtidai təhsilini məhəllə mollaxanasında almışdı. Sonra rus-tatar məktəbində oxumuşdu. Ticarətlə məşğul idi. II gildiya tacir idi. Pak Xоrasan tоrpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Məşədi Əbutalib Əsgərovun Şuşanın Rastabazar meydanında topdansatış dükanları və anbarları vardı.

Məşədi Əbutalib Əsgərovun Malaqan bazarında (indiki Füzuli şəhərində) ticarət obyektlərinə yiyələnmişdi.

Məşədi Əbutalib Əsgərov yeznəsi Məşədi Süleyman Əsgərov və digər şuşalı tacirlərlə birlikdə barama toxumu ticarəti ilə məşğul idi. Həmin dövrün mətbuatında bu barədə məlumat var.

“İrşad” qəzeti, 29 may 1907, №99 Xüsusi müxbirimizdən Şuşadan. "Tazə həyat" ruznaməsinin 21-mci nömrəsində "Zəngəzur əhvalatları" ünvanında xəbəri oxuyub cənab müxbir qərəz və əfsad yolu ilə Zəngəzur əhvalatında beğtədən Qarabağda bağat əhvalatlarına köməkdə nainsat töhmətqulig gördügimizə görə iqameyi- həqq üçün bu neçə kəlməni yazmağa məcburuq! Keçən sənə Qafqaz camaatı barama toxmını az saxlamağa görə bağların hamusı salamat qalırdı. Ona binaən biz hər hal Bursadan gəmlikdən xəbərdar olub bilmişik ki, bu sənəbarama toxmı çox az hasilə gəlüb. Biz zeyldə müsəmma olan 5 nəfər şəxs kompaniya olub bir nəfərimizi ki, ibarət ola, Məşədi İsgəndər Nəsirovdan göndərmişik gedib Türkiyəyə gedib Bursadan gəmlikdən 19 min korobka toxum cəm edib göndərib buraya. Biz də h əmin toxumun 6 min korobkasın Kəbirli Cavanşir uyezdinə Ağdam mahalına, 8 min korobkasın Cəbrayıl uyezdinə dizaq mahalına, Min korobkasın Zəngəzur uyezdinə Çay mahalına nisyə füruş etmişik. 11 abbası, 12 abbası, qərar ilə Tiflis şəhərində postatoxum füruş olub. 2 manatdan 13 abbasıya kimi Nuxu şəhərində, 2 manat 50 qəpikdən 3 manatadək Kaspeyski krayda, 3 manatdan 5 manata kimi Rəşt dairəsində, 3 manat 21 qəpikdən, 4 manat 50 qəpikdən bizim bu iştirak edub. Qarabağ mahalına bir bu qədər toxum gəturdigimizə bais olub camaatın dəstəgir olmayub əskük qiymətə toxum almağına bizim toxumun füruşundan bəd bir qara əşxaslar yəşxiyobdan 8 min korobkayadək alublar 2 manat 7 qəpiyə. Bizim zəif natəvan millət qardaşlara füruş ediblər hər korobkasın 3 manat 80 qəpiyə nəğdə əlavə birin Cəbrayıldan, Cəvanşirdən, Malaqan, Ağdam, Bərdə yanlarından, Tərtər yanlarından gedüb Tiflisdə 11 abbasıdan 13 abbasıya kimi toxum alub gətirüb mahallarda mənfəətinə füruş edüblər. Bəd Şəxi Şəxıyev özü burada Dəha əhlinə 13 min korobkayadək toxum füruş edub nağda 2 manat 70 qəpikdən 3 manat yarımadək. Hamıya məlumdur ki, bu sənə 3 sənədir ki, Gəncə quberniyasına bir nəfər toxum satan gəlməyub iğtişaş olmağa görə. Nəhayət müxbir sahib qərəz ilə biinsaf və hirs alış verişdən heç bir şey zikr etməyub bizim haqqımızda olan iftirani iştihar verür, biz yazdığımız mətalibi həqq mülahizə təhqiqini hamu müsliminə həvalə edirük. Qövlümüz xilaf olsa, bundan ziyadə töhmətə sözavar olmaluyuq. Məhz şərti müsavat və ədaləti gözləmək yolilə bizim bu sənə çəkdigimiz zəhamatın nəticəsində bir 5 nəfər hər bələddə olan müsəlman qardaşlarımıza xəbər verüb, təvəqqe edüb çağıruruq bizim bu sənətdə mahir olub səriştəlü olmağımıza görə hər kəs xahiş etsə, az tənxahla yainki çox tənxah ilə təşrif gətürsünlər. Kompaniya olub bu sənə hasilə gələn baramanı müştərək alaq və həmişəlik ittifaqımız olsun. Hər bir böyük işlərdə kompanya olub milləti irəlü aparaq və gələcəkdən ötrü ipək barəsində böyük binalar qoyaq cəmi böyük partiya işlər biz müsəlman camaatının əlindədir. Hərgah biz müttəfiq olsaq, ümid var ki, hər bir işi öz qaydası ilə aparaq sairlərə də möhtaclığımız olmasun və təşrif götürən camaat gərək iyun ayının 5-ci gününədək təşrif gətürsünlər.

 Məşədi Süleyman Əsgərov, Rüstəm Cavadov, Əbutalıb Əsgərov, Məşədi İsgəndər Tağıyev.

Məşədi Əbutalib Əsgərovun Şuşa şəhərində 2 mərtəbəli 54 otaqdan ibarət imarəti vardı. Bu imarəti sovet dönəmində fabrik etmişdilər.

Məşədi Əbutalib Əsgərov 22 iyun 1912-ci ildə əmisi oglu və yeznəsi Süleymandan 3.000 manat borc almışdı. Vəfat etdiyindən bu borc onun arvadlarını və övladlarının üstündə qalmışdı. Onlara Məşədi Əbdül Ağa Cəfər oglu Muxtarov və Ağalar Tağıyev hamilik edirdi.

Məşədi Əbutalib Əsgərov 1912-ci ildə vəfat edib.

Məşədi Əbutalib Əsgərov Səltənət Məşədi Əbdül qızı ilə ailə qurmuşdu. Cəlal adlı oğlu vardı.

Məşədi Əbutalib Əsgərovun ailəsi 1937-ci ildə repressiyaya məruz qalmışdı.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

 

12:25