Məhəmməd xan Zülfiqari kimdir? - Ənvər Çingizoğlu yazır

Məhəmməd xan Zülfiqari kimdir? Tanınmış bir siyasətçi. İran Milli Məclisinin vəkili, Milli Məclis sədrinin müavini, əyalət valisi və səlahiyyətli səfir. Onun bioqrafiyası bu cür faktlarla zəngindir.

Məhəmməd xan Avşar elinin Əmirli oymağının Zülfüqarlı tayfasına mənsubdur. Atası Əliqulu Zəncan əyalətinin iri mülkədarlarından idi. Babası II Zülfiqar xanın general-mayor rütbəsi, Əsədüddövlə ləqəbi vardı. Xəmsə əyalətinə başçılıq etmişdi. Herat savaşının qəhrəmanlarından sayılırdı. Ulu babası Hüsеynqulu хan şair idi. Çakər təхəllüsü ilə incə təbli şеirlər yazırdı. Abbas mirzənin sarayında yetişmişdi. Biz onun yüksələn şəcərəsini izlədikcə savaşçı və sərkərdələrlə üzləşirik.

Məhəmməd xan Əliqulu xan oğlu 1902-ci ildə Zəncan şəhərində dünyaya pənah gətirmişdi.

Doktor Baqir Aqili onun yaşam yolu ilə bağlı yazır: “Əzəmüssəltənə Əliqulu xan və Xanım Münirüddövlə Mirzə Əli xan Vəzi Əfxəm qızının oğlu olan Məhəmməd Zülfiqari 1280-ci (1902-ci) ildə anadan olmuşdur. O, hələ anasının bətnində olarkən atası gənc yaşında vəfat etmişdi. Əmisi Sərdar Əsədüddövlə onun himayəçisi olmuş və Münəvvəruddövlə ilə evlənmişdir”. (Aqili Baqir, Xanədanhayi hökumətgəri dər İran, II cild, Tehran, Nəşri Namək, 1386/2008.)

Məhəmməd xan ibtidai və orta təhsilini Zəncanda bitirəndən sonra, Avropaya yollanır. Fransada, Parisdə kənd təsərrüfatı üzrə ali məktəbdə oxuyur. Məktəbi bitirib, məzun olur, İrana qayıdır. Öz atasının mülkündə bağbanlıq ilə məşğul olur və Zəncanda modern əkinçiliyin təməl daşını qoyur.

Baqir Aqili yazır: “1941-ci ildə Rza şah taxdan düşəndən, Muris adasına sürgün olunandan sonra malik-mülkədarlar və əyan-əşraf ailələr yenidən canlanırlar. Hökumət işlərinə yönəlirlər. Məsələn, bir sırası Milli Məclis nümayəndəsi olurlar. Onlardan biri isə Hüseynqulu Sərdar Əsədüddövlə oğulluğu Məhəmməd xan Zülfiqaridir ki, 14-cü çağırışda Zəncanın nümayəndəsi seçildi. 15-ci çağırışda ki, Qəvamüssəltənə və demokrat firqəsi bu seçkinin nəzarətçisi idilər, Məhəmməd xan Zülfiqari ikinci dəfə Zəncandan Milli Məclisə seçildi. O, 16-cı çağırışda isə bu məqamı yenidən özünə saxlaya bildi. 17-ci dövrdə seçki Doktor Müsəddiqin şəxsi nəzarəti altında həyata keçirildi, Məhəmməd Zülfiqari 4-cü dəfə millət vəkili oldu. Bu dövr bəzi əyalətlərdən nümayəndə olmadı. Yalnız 82 vəkil məclisə gedə bildi. İlk dəfə universitet müəllimi, Doktor Seyid Həsən İmami və Tehranın İmam Cüməsi Milli Məclisin rəisi oldu. Milli Cəbhə bu seçimlə mübarizəyə çıxdı. Məclisdə İmaminin ziddinə sərt çıxışlar oldu”.(Aqili Baqir, Xanədanhayi hökumətgəri dər İran, II cild, Tehran, Nəşri Namək, 1386/2008.)

Bu dönəmdə doktor Məhəmməd Müsəddiq ikinci dəfə Məclis tərəfindən hökumət başçısı kimi namizəd olur. Şah da ona görə fərman verir. Müsəddiq öz kabinəsini qurmağı qərara alır. O, kabinəsini qurarkən Müdafiə nazirliyinin öz nəzarəti altında olmağını tələb edir. Lakin şah bu təklifi qəbul etmir. Nəticədə Müsəddiq istefa verir. Şah yarımçıq Məclisdən yeni hökumət başçısının seçilməsini istədi. 40 nəfərə yaxın vəkil Əhməd Qəvamın Baş nazir olmasına səs verdi. Şah tərəfindən bu seçki tanındı. Lakin bütün İran əhalisi bu qərarla mübarizəyə başladı. Xalq ayağa durdu. Bütün bölgələrdə Qəvamın ziddinə geniş yığıncaqlar, mitinqlər keçirildi. Bu hadisədə Ayətullah Kaşaninin rolu çox mühüm dəyərləndirilə bilər. Kaşani bir rəsmi elanda qeyd edir ki, Müsəddiq qüdrətə qayıtmasa, mən sarayı bu səhv qərara görə atəşə tutacağam. Xalq isə yığıncaqlarda sarayı tənqid etməyə başladı. Nəhayət, şah, məclis və Qəvamın ziddinə olan xalqın qiyamı nəticə verdi. 1952-ci ildə şah xalqın təzyiqinə əyildi. Qəvam getdi. Müsəddiq Baş və Müdafiə naziri oldu.

İran iş adamlarının da böyük bir qismi daxili bazarın və ümumiyyətlə ölkənin hərtərəfli inkişafı baxımından neft sənayesinin milliləşdirilməsini qəti şəkildə tələb etməyə başladılar. Onların mövqeyini İran ziyalıları, ticarətçilər və sənətkarlar, həmçinin nüfuzlu şiə ruhaniləri müdafiə etdilər. Bütün bunlar onunla nəticələndi ki, həmin qüvvələr bir araya gəlib siyasi blok təşkil etdilər. Blok Milli Cəbhə adlanırdı, bir siyasi təşkilat olaraq 1949-cu ilin payızında yaranmışdı. Bəlli olduğu kimi, həmin dövrdə Məclisə seçkilər kampaniyası gedirdi və blokun yaranmasında bu amilin də rolu az deyildi. Milli Cəbhənin başında doktor Müsəddiq (1879-1967) dururdu. O, İranın müstəqil xarici siyasət yeritməsi uğrunda çıxış edirdi, şahın və sarayın hüquqlarının genişləndirilməsinin əleyhinə idi, şaha edilən sui-qəsd cəhdindən sonra kütləvi represiyaların dayandırılmasını tələb edirdi. Ümumiyyətlə, həmin dövrdə istər İranın öz daxilində, istərsə də onunla bağlı xaricdə baş verən proseslər Milli Cəbhənin fəaliyyət imkanlarını genişləndirdi. 1949-1953-cü illərdə bu təşkilatın özəyini "Vətən" partiyası təşkil etsə də, müxtəlif görüşlü bir sıra ictimai və siyasi xadimlər də ona daxil olmuşdu. Milli Cəbhənin siyahısı ilə Məclisə girənlər arasında "Mücahidane islam" təşkilatının yaradıcısı Kaşani, Demokrat Partiyasının bəzi görkəmli üzvləri, hətta İran Kommunist Partiyasının keçmiş üzvü də var idi. Onların hamısını isə bir istək birləşdirirdi: İran müstəqil daxili və xarici siyasət yeritməlidir, İİNK-ın milliləşdirilməsi ölkənin müstəqil inkişafının əsas şərti ola bilər. Elə sonuncu tezisdən çıxış edərək doktor Müsəddiq cənub neft yataqları üzərində İranın hüquqlarının bərpa edilməsini Milli Cəbhənin əsas proqram maddələrindən biri etmişdi. Nəhayət, 1951-ci ilin 19 fevralında Müsəddiq neft sənayesinin milliləşdirilməsi haqqında qanun layihəsini Məclisə təqdim etdi.

Baqir Aqili yazır: “Seyid Həsən İmami Məclisin rəyasətindən istefa verib, Avropaya getdi. Seyid Əbulqasim Kaşani Məclis sədri oldu. Bu şərt ilə ki, Məclisin iclaslarında iştirak etməyib, Məclisin idarəsini öz naiblərinə ixtiyarına verə. Buna görə Milli Məclis iclas qurub, yeni nayibləri seçdi. Nəticədə Məhəmməd xan Zülfiqari yekdilliklə birinci nayib və mühəndis Əhməd Rəzəvi isə əksəriyyət səs ilə ikinci nayib seçildi. Təvazökar, dinc şəxs olan Zülfiqari Müsəddiq ilə Kaşani arasında vasitəçi oldu, lakin onun səyi nəticə vermədi. Bu iki rəhbər arasında ixtilaf yarandı. Milli Cəbhə Partiyası dağılmağa başladı. Bəqayi, Haeirizadə, Əbdülqədiri Azad Müsəddiq ilə müxalifə başladılar. Gözlənilməz vəziyyət yarandı. Nəhayət, Mordad ayının 28-i 1332-ci ildə Müsəddiqin hökuməti devrildi. Bütün gərginlik sona çatdı”.(Aqili Baqir, Xanədanhayi hökumətgəri dər İran, II cild, Tehran, Nəşri Namək, 1386/2008.)

Müsəddiq 1953-cü ilin fevralında şahı taxtdan uzaqlaşmağa məcbur etdi. Müsəddiq bununla da İranda bütün hakimiyyəti öz əlində toplamış olurdu. Lakin o, hakimiyyətdə çox qala bilmədi. General Fəzlulla Zahidinin başçılığı altında 1953-cü ilin 19 avqustunda hərbçilərin təşkil etdiyi dövlət çevrilişi uğurla nəticələndi. Müsəddiq hakimiyyətdən salındı və həbs edildi. Üç gün sonra isə şah ölkəyə qayıtdı. General Zahidi Baş nazir təyin olundu. Bundan sonra qərblə münasibətlər bərpa olunmağa başladı.

Baqir Aqili yazır: “Milli Məclisin 18-ci seçkisinin sərəncamı imzalandı. Vəkillər qondarma şəkildə seçildilər. Zəncanda isə Məhəmməd xan Zülfiqari deyil, iki qardaşı seçildi. Məhəmməd xan Zülfiqari siyasət səhnəsini tərk etdi.

Məhəmmədrza şah Fərəh xanım Diba ilə evlənəndən sonra Məhəmməd xan Zülfiqari də Fərəhin digər qohumları ilə yanaşı siyasət səhnəsinə qayıtdı. İlk dəfə Mazandaran, sonra isə İsfahan əyalətinin valisi olur. O, Avropada təhsil alan zaman onun sinif yoldaşlarının biri, Əfqanıstan hökmdarı olmuş Məhəmməd Zahir şah idi. Bu iki sinif yoldaşının münasibəti çox yaxın və mehriban idi. İran şahı ilə Məhəmməd Zahir şah arasında olan bir rəsmi görüşdə onun Əfqanıstanda Pəhləvilər dövləti tərəfindən səlahiyyətli səfir olması qərarı çıxarılır. Beləliklə, Məhəmməd xan Zülfiqari 4 ilə yaxın Kabulda səfir olur. Adətən çox zamanlar Məhəmməd Zahir şahla bərabər vaxt keçirirdi. Məmuriyyətini bitirəndən sonra Tehrana qayıdır. 1346-cı ildə olan senator məclisinin 5-ci seçkisində, şah tərəfində Təbriz vəkili oldu. 6-ci və 7-ci dövr isə bu məqamı davam etdi.

Məhəmməd xan Zülfiqari 1976-cı ildə (1355-ci il dey ayının 23-də) həyatını dəyişdi”.(Aqili Baqir, Xanədanhayi hökumətgəri dər İran, II cild, Tehran, Nəşri Namək, 1386/2008.)

Məhəmməd xan Zülfiqari Nizamüddövlə ləqəbilə tanımış Mirzə Yəhya xan Dibanın qızı Əzizə xanım ilə ailə qurmuşdu. Əliqulu xan, Mehdiqulu xan adlı oğlanları vardı.

 

Ənvər ÇİNGİZOĞLU
 

00:08